Modern.az

İsmayıllıda 200 evi sel basdı: 2 yaralı

 İsmayıllıda 200 evi sel basdı: 2 yaralı

13 İyun 2016, 12:36

 

İsmayıllı rayonunun bir neçə kəndində evləri və əkin sahələrini sel suları basıb.

 

Modern.az Region TV-ə istinadla xəbər verir ki, bu gün rayona 2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağması nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

 

Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini su basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat olub.

 

Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun hündürlüyü bəzi yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər evlərin eyvanlarına və damına çıxıblar.

 

Yoldaşları ilə kursdan evə qayıdarkən evlərin yaxınlığında yararsız vəziyyətdə olan körpüdən keçən Sadıqova Səbinə Samir qızı ayağı sürüşərək çaya düşüb. Suda 20 dəqiqəyə yaxın, düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək qalan 12 yaşlı qızın həyatını kənd sakinləri xilas edib.

Səbinə dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kəskin intensiv reanimasion tədbirlərdən sonra vəziyyəti yaxşılaşıb.

 

İsmayıllı rayon Mərkəzi Xəstəxanasına digər xəsarət alan şəxs də gətirilib. Dağılan evinin damının altında qalan Quşencə kənd sakini 1938-ci il təvəllüdlü Mustafayeva Maya Muradxan qızına lazımi tibbi yardım göstərilib, vəziyyəti sabit qiymətləndirilir.

 

Ümumilikdə 200-dən çox evi su basıb, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin yarğanlar, keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti qırılaraq yararsız hala düşüb. Kəndlərin daxilindən keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb.

 

Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi dayanıb. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb.

 

Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəmərinə təhlükə yaratdığı üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb olunub.

Hadisə baş verən ərazilərdə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri çalışır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir