Modern.az

O üzdəki vətənin iki addımlığında yaşayanlar... (sərhəddən fotoreportaj)

O üzdəki vətənin iki addımlığında yaşayanlar... (sərhəddən fotoreportaj)

Reportaj

15 Yanvar 2011, 17:49

Torpağı müharibədən zəhərlənmiş sərhəd bölgəsi... Ermənilərlə həmsərhəd bölgələrimizdə əhali işsizlikdən əziyyət çəkir. Düşmən mövqelərinin bir neçə yüz metrliyində yaşayan sakinlərin işləyib ailələrini dolandırmaq üçün iş yeri yoxdur. Əməkdaşımız cəbhə xəttində - ermənilərin “bir addımlığında” yaşayan məcburi köçkünlərin həyat tərzi ilə tanış olmaq üçün Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə baş çəkib - Qarabulaq, Zobucuq qəsəbələrində, Horadiz şəhərində  və Alxanlı kəndində olub.

Adambaşına ayda 15 manat "çörəkpulu" ilə dolananlar... Qeyd edək ki, son 10 ildə Füzuli rayonu əzazisində ermənilər tərəfindən işğal olunmuş kəndlərin sakinləri üçün 16 qəsəbə salınıb. Bunlardan biri də 2007-ci ildə salınmış Zobucuq qəsəbəsidir. Uzaqdan yeni salınmış səliqəli bir şəhəri xatırladan qəsəbədə köçkün ailələr üçün bir, iki, üç və dörd otaqlı evlər tikilib. Müşahidələrimiz zamanı bəlli oldu ki, məcburi köçkünlərin kompakt məskunlaşdığı Zobucuq qəsəbəsində vəziyyət digər yaşayış məntəqələrinə nisbətən yaxşıdır. Burada hökumət köçkünlərə evlə yanaşı, xəstəxana və məktəb binası da tikib. Qəsəbədə işıq olsa da, qaz çəkilişinin yaxın gələcəkdə reallaşacağı gözlənilir. Burada yaşayan məcburi köçkünlərin əsas problemi iş yerlərinin olmamasıdır. Hər ay dövlət tərəfindən onlara verilən 15 manat “çörəkpulu”na göz dikiblər. Bununla ailələrini dolandıra bilməyənlər isə Bakıda tikintidə fəhlə kimi çalışırlar. Ən acınacaqlı vəziyyət isə odur ki, hökumət tərəfindən hər bir ailəyə verilən 12 sot torpaq sahəsi istifadəsiz qalıb. Deyirlər ki, müharibədən sonra torpaq zəhərləndiyindən, əkdiklərinin bəhrəsini görə bilmirlər. 

Müharibə istəməyə məcburi köçkün Zobucuq qəsəbəsindən fərqli olaraq, Qarabulaq qəsəbəsində tikilən fin evlərində vəziyyət daha çətindir. Yağış yağarkən dörd tərəfi dəmir divarlardan ibarət bu evlərdə su evə tökülür. Cəbrayıl rayonundan olan məcburi köçkün Xaqani dayı 1995-ci ildən bəri bu çətinliklərə qatlanaraq  yaşadıqlarını deyir: “17 ildir ki, payız, qış aylarında yağışın evimizi basmasına öyrənmişik artıq. Qaçqınçılıq düşəndə təkcə əynimizdəki paltarla Beyləqana getdik, 1995-ci ildə fin evləri tikiləndən sonra buraya gəldik”. Ömrünün 17 ilini köçünlükdə keçirən Xaqani dayı artıq müharibə görmək istəmir: “Biz müharibədə kifayət qədər itki vermişik, evimiz-eşiyimiz düşmən  tapdağı altında qalıb. Artıq müharibə olmasın, varım-yoxum iki övladım var, onların da gedib şəhid olmasını istəmirəm. Torpaqlarımızın sülh yoluyla alınmasını istəyirəm. Üç-beş gün ömrümüz var, buralarda bir ev tikib versinlər, birtəhər yaşayıb ömrümüzü bitirək”.

“Birotaqlı evdə 9 nəfər yaşayırıq” Alxanlı kəndində yaşayan Şərqiyyə xanım da işsizlikdən, ağır həyat şəraitindən şikayətçidir. Cəbhə xəttinin bir addımlığında yerləşən, uzaqdan düşmən postunun açıq-aydın göründüyü yerdə yerləşən bu kənddə də qaz yoxdur. Evi isitmək üçün mal təzəyindən, bəzən isə odundan istifadə edirlər: “Fizuli rayonunun Şəkərli kəndindənik. 1993-cü ildə rayonu tərk etdikdən sonra əvvəl Beyləqana getdik, sonra da Alxanlıya gəldik. Burada sadəcə qarnımızı doyura bilirik, aldığımız 15 manat “çörəkpulu”ndan əynimizə nəsə almağa imkan qalmır. Birotaqlı evdə 9 nəfər yaşayırıq. Hər an erməni gulləsinə tuş gələcəyik deyə, hər günümüzü qorxu altında keçiririk”.

“11 əsgərin ayağını mən kəsməli oldum” 1992-ci ildən başlayaraq, ömrünün 18 ilini cəbhə bölgələrindəki hospitallarda yaralı əsgərlərə tibbi yardım göstərməklə keçirən Niyazi həkim müharibənin gətirdiyi faciələrin canlı şahididir: “1993-cü ilin avqustunda erməni qoşunlarının Fizuli rayonuna basqın etdiyi gün hospitala 552 yaralı əsgər gətirilmişdi. Yardım üçün başqa hospitallardan da həkimlər çağırmışdıq. Həmin gün 11 yaralı əsgərin ayağını elə təkcə mən kəsməli oldum. Yaralı əsgərlərin ayıldıqdan sonrakı vəziyyətini seyr etmək onların ayaqlarını kəsməkdən daha ağır idi mənim üçün... Bir dəfə ayağını kəsdiyim bir əsgərdən harasının ağrıdığını soruşdum, dedi ki barmağım ağrıyır. Belə şeyləri soyuqqanlılıqla müşahidə etmək mümkün deyildi”.

Horadizdə... 1993-cü ilin avqust ayında erməni qoşunları Fizuli rayonuna ilk basqını zamanı Horadiz qəsəbəsinə (indi şəhər statusu var-red) qədər gəlib, qarşılarına keçən evlərin əksəriyyətini yandırıblar. Hazırda həmin evlərin bəziləri Azərbaycan hökuməti tərəfindən bərpa olunaraq yaşayış məskəni kimi istifadəyə verilib. Amma şəhərdə yandırılmış və dağıdılmış evlərin sayı-hesabı yoxdur. Şəhər sakini Rasim dayı müharibəni belə təsvir edir: “Bu müharibə hər şeydən çox uşaqlarımıza və gənclərimizə zərbə vurdu, gənclərimizi vaxtından tez qocaltdı. Yaşayış yerini dəyişəndən sonra ölənlər və xəstə düşənlər də çox oldu. Hər bir şeyin sonu olduğu kimi bu müharibənin də sonu olmalıdır. Təəssüflər olsun ki, sülh şəraitində yaşasaq da, az qala hər gün, hər həftə şəhid veririk”. Sərhədd bölgəsini tərk edirik. Geridə barıt qoxuyan torpaqlar, çətin şəraitə dözən mətin insanlar qalır...

 

Müharibədən zərə görmüş Alxanlı kəndində qarğıdan tikilmiş belə evlər az deyil .

 

Birotaqlı evdə 9 nəfər yaşayır.

 

Sərhədd kəndlərimizdə ermənilər tərəfindən yandırlımış evlər çoxdur, lap çox...

 

Məcburi köçkünlərə məxsus Fin evi...

 

Bu da çətin şəraitdə yaşayan insanların mətbəxi.

 

"İstəyirəm ki, çoxlu kuklalarım olsun...". 

 

Bu "solyarka" ilə işləyən sobadır, elə gün olur evi mal təzəyi yandırmaqla qızdırırlar.

 

"Biz çətin şəraitə dözürük, başqa yolumuzmu var...?".

Ülviyyə Quliyeva Bakı-Füzuli-Bakı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi