Modern.az

Üç saat 1 yaşlı “Milli.az”da… (REPORTAJ)

Üç saat 1 yaşlı “Milli.az”da… (REPORTAJ)

Reportaj

17 Yanvar 2011, 13:32

Modern.az saytı “Redaksiyalardan reportaj” layihəsini bu həftə də davam etdirir. Bu dəfə yolumuzu yaxın günlərdə 1 yaşını qeyd edəcək “Milli.az” xəbər portalının redaksiyasından saldıq. 2010-cu il fevralın 1-də fəaliyyətə başlayan “Milli.az” portalının redaksiyası metronun “İçərişəhər” stansiyası ilə üzbəüzdəki əzəmətli binanın 5-ci mərtəbəsində - “Day.az” media şirkətinin ofisində yerləşir.

Deyilən vaxtda deyilən məkanda olduq. Bu komfortlu redaksiyada həm “Day.az” və “Milli.az” xəbər portalları, həm də “day.az radio”su fəaliyyət göstərir.

Söhbətə “Milli.az”ın gənc baş redaktoru Sevda İlhamqızı ilə başladıq. O, bizə əvvəlcə saytın yaradılması və proyektin müəllifi barədə məlumat verdi.
Dedi ki, “Milli.az xəbər portalının yaradılması ideası və proyektin müəllifi “Day.az” media şirkətidir. Portal 2010-cu ilin yanvar ayında təsis olunub, fevralın 1-də isə internet məkanında aktivləşdirilib.

“Bizim portalın 3 dildə - ingilis, rus, azərbaycan dillərində versiyaları fəaliyyət göstərir. “Day.az” saytı rus, “Today.az” isə ingilis dilində çalışır, şirkətin Azərbaycan dilində proyekti yox idi. Azərbaycan dilində yalnız radio fəaliyyət göstərirdi. Ona görə bu proyektlərin davamı kimi  “Milli.az” xəbər portalı yaradıldı. Biz də gecə-gündüz dayanmadan işlədik ki, internet məkanında öz yerimizi tuta bilək. Mən düşünürəm ki, bur bir il ərzində də kifayət qədər fəal ola bilmişik”.

“Oxucunu bütün tipli yazılarla təmin etmək prinsipimizdir”

Sevda İlhamqızı “Milli.az”ın kollektivinin Azərbaycan mediasında tanınmış, peşəkar jurnalistlərdən formalaşdığını bildirdi.
“Layihənin reallaşması tez müddətdə baş verdiyi üçün kollektivi də qısa zaman ərzində formalaşdırdıq”.
Baş redaktor deyir ki, “Milli.az”dan öncə “Trend” İnformasiya Agentliyinin ictimai-siyasi xəbərlər şöbəsində müxbir işləyib. Daha sonra “Trend” Mətbuat Mərkəzinin direktoru funksiyasını icra edib. “Trend”də Türkiyə redaksiyası yaradılanda onun rəhbəri vəzifəsinə gətirilib.

“Daha sonra isə agentlikdə Multimedia departamenti və Mətbuat mərkəzi xidməti birləşdirildi və mən də onun rəhbəri təyin olundum. 2009-cu ilin sonunda isə “Day.az” şirkətinin rəhbəri  bu proyekti mənə təklif etdi və mən də “Trend”dəki işlərimi dayandırıb “Milli.az”ın necə deyərlər, sükanı arxasına keçdim.
“Milli.az” portal formatlı saytdır. Biz bütün növ xəbərləri oxucuya təqdim edirik. Oxucunu hansı tipli yazılar, hansı mövzularda xəbərlər maraqlandırırsa, bunların hamısını bizim portalda tapmaq olar. Bu bizim iş prinsipimizdir.
Oxucu sayta daxil olanda burada axtardığı və onu maraqlandıran hər bir şeyi tapmalıdır. Bu baxımdan bizim xəbər mənbələrimiz çoxsaylıdır. Biz həm dünyanın nüfuzlu media resurslarının, həm də Azərbaycan KİV-lərinin maraqlı məlumatlarından istinadla istifadə edirik”.

Sevda xanım deyir ki, istinad etmək peşəkarlığın bir nömrəli tələblərindəndir:

“Bundan əlavə, özümüz də xəbər istehsalı ilə məşğuluq, yəni əməkdaşlarımız var və onlar gündəlik olaraq bütün media orqanlarında olduğu kimi informasiya hazırlayırlar - xəbər axtarırlar, toplayırlar, yazırlar və təqdim edirlər”.

Müşahidələrimizdən bizə məlumdur ki, “Milli.az” digər elektron media orqanlarından çox material götürür və saytda yerləşdirir. Buna baş redaktorun münasibəti belə oldu:

“Bəlkə sizə bizim portalımazda digər KİV-lərin materialları çox gürünür. Amma özümüzün müəllif yazılarımız, araşdırmalarımız, təhlillərimiz, analitik materiallarımız, müsahibələrimiz, informasiyalarımız daha çox olur, sadəcə xəbər lentini rəngarəngləşdirmək üçün digər KİV-lərin də materiallarından istinadla istifadə edirik. Ümumiyyətlə, heç bir sayt, portal Azərbaycanda və dünyada baş verən bütün hadisələri əhatə etmək imkanında deyil. Bu qeyri-mümükündür. Azərbaycan reallıqlarını da nəzərə alsaq, saytı nəhəng informasiya şəbəkəsinə çevirmək qeyri-reallıq olardı.

Portalın funksiyası belədir ki, bura girən hər bir oxucu istədiyinə rast gəlməlidir. Oxucu ən son yeniliklərlə və maraqlı hadisələrlə tanış olmaq üçün portaldan istifadə edir, xəbərin isə hansı mənbədən götürülməsi onun üçün maraqlı deyil”.
 
Baş redaktordan “Milli.az”ın neçə şöbəsi və işçisi olduğunu soruşanda cavabı belə oldu: “Bura qaynar fəaliyyət göstərən bir strukturdur, ona görə burada şöbələr, departamentlər yoxdur, biz işimizi bu şəkildə qurmamışıq. Bizim işin strukturu Azərbaycanın digər media orqanlarından tamamilə fərqlənir. Burada çevik işçi kollektivi var. Hər kəs öz sahəsinə uyğun işi görür, hər müxbir öz funksiyasını daşıyır.
Bir də müxtəlif sahələrdən bizimlə əməkdaşlıq edən mədəniyyət, siyasət xadimləri, jurnalistlər var. Buna görə bizim yazarlarımız və əməkdaşlıq etdiyimiz qələm sahiblərinin sayı çoxdur”.

Sevda xanım redaksiyada olan işçiləri göstərərək “əsas yaradıcı heyət burada gördüyünüz 7-8 nəfər əməkdaşımızdır” dedi.

Bu gün internet məkanında rəqabət güclənib. Bəs “Milli.az” hansı elektron medianı özünə rəqib bilir? Ümumiyyətlə internet məkanında rəqabət aparırmı?

“Biz portalı rəqabətə girmək məqsədilə yaratmamışıq. Portal zərurətdən yaranıb ki, Azərbaycan dilində də sayt mütləq olmalıdır. Ola bilsin ki, rəqabət var, çünki bu sahədə portal yenilik deyil, bura qədər Azərbaycan da kifayət qədər informasiya resursları yaradılıb. Yeni birisi də yaranıbsa, istər-istəməz rəqib sayılır, yəni siz rəqib olmaq istəməsiz də, sizi rəqib görürlər”.

“Gələcək internet mediasının olacaq”

“Portalınız artıq bir ildir fəaliyyət göstərir. Bu müddətdə hansı uğurlar əldə etmisiz?” sualına S.İlhamqızının cavabı maraqlı oldu.
““Milli.az”ın uğuru oxucu kütləsidir. Əgər bizi oxuyan varsa, bu o deməkdir ki, biz ən azından normal fəaliyyət göstəririk ki, izləyirlər, bizə diqqət ayırırlar, müraciət edirlər.

Bizim çoxsaylı oxucu məktublarımız olur, e-mail ünvanımıza müraciətlər gəlir. Onların içərisində bizə heç aidiyyatı olmayan müraciətlər də olur. Vətəndaşlar, oxucular xahiş edirlər ki, “Milli.az” portalı olaraq hansısa məsələdə onlara köməklik göstərək. Yazırlar ki, “xahiş edirik bizim problemimizi aidiyyatı orqanlara və qurumlara çatdırın”. Bu o deməkdir ki, biz insanlar üçün artıq hardasa istinad nöqtəsiyik, bunun özü bir uğurdur.
Digər tərəfdən isə yarananda qarşımıza qoyduğumuz məqsədə nail olmuşuq. Maraqlı xəbər resursu olaraq formalaşa bilmişik.
Üçüncü uğurumuzun göstəricisi odur ki, bizim sayğacımızı izləsəniz görərsiz ki, oxucu kütləsi gün-gündən artır. Bu inkişaf tempi, dinamika bizdə yüksələn xətt üzrə gedir.
Bizim kənardan da əməyimiz qiymətləndirilir. 2010-cu ilin nəticələrinə görə “Milli.az” xəbər portalı ilin şirkəti mükafatını aldı. 29 dekabrda “Gülüstan” sarayında keçirilən möhtəşəm mərasımdə biznes sahəsində ən parlaq fəaliyyət göstərən, ən fəal olan şirkətlər mükafatlandırıldı. Media sahəsində biz “İlin media şirkəti” seçildik. Bu da yeni başlayan sayt üçün böyük uğur sayılmalıdır”.

Müsahibimiz deyir ki, internet mediası gələcəyin mediasıdır.

“Qəzetləri oxuyuram. Jurnalistik fəaliyyətim elə qəzetdən başlayıb, amma XXI əsrdəki informasiya texnologiyalarının sürətli inkişafı bu günki templə davam edərsə, ümumiyyətlə gələcək internet mediasının olacaq və internet mediasının da gələcəyi çox geniş, çoxşaxəli proqnozlaşdırılır”.

Kişilərə rəhbərlik etmək çətin deyil ki?

Redaksiyanın bütün müxbirləri kişilərdir və bizə maraqlı idi ki, Sevda İlhamqızı rəhbər olaraq tabeliyindəki kişi işçiləri idarə etməkdə çətinlik hiss etmir?
“Mənim üçün çətin deyil, çünki kollektivə peşəkarları  toplamışam. Burada ünsiyyət zamanı fərqinə varmırıq kim hansı cinsdəndir, qadın və ya kişidir, hansı yaş kateqoriyasına aiddir. Çünki bizdə sırf işə önəm verilir. Hamı başını aşağı salıb işini görsə, işinin dərinliklərinə varsa, bu kimi fərqlər də aradan qalxar”.

Öyrəndik ki, “Milli.az”ın idarəetmı paneli - admindən 7-8 nəfər istifadə edir və bunlar kənar əməkdaşlar yox, saytla birbaşa işləyənlərdir.

“Bütün həftə boyu işləyirik, bizdə fasiləsiz iş rejimidir. Həftənin altı günü səhər saat 9.00-dan axşam saat 19-20.00-a kimi məcburi iş saatıdır. Saat 19.00 və ya 20.00-dan sonra isə axşam növbəsinin işi başlayır. Bazar günü isə növbəlilik prinsipi ilə redaktorlardan iki-üç nəfər informasiyaların yerləşdirilməsi ilə məşğul olur. Axşam gec saatlara kimi işləmək, mən düşünürəm ki, işçilərə maneçilik yaratmır, çünki  bizim kollektivdə işləyənlər kişilərdir” deyən Sevda xanımın özü günün 12-14 saatını kompüter arxasında keçirir.

Baş redaktor internet mediasının çap mediasından fərqini sürətlilik, operativlik, çoxşaxəlilik, düzəlişlər etmək, yenilənmə və məhdudiyyətsiz xəbər ötürmə imkanlarında gördüyünü dedi.

Deyirlər “Milli.az”la əməkdaşlıq edənlərə digər saytlarla müqayisədə yaxşı qonarar verilir.
Sevda İlhamqızı hər zaman jurnalistlərin əməyini yüksək qiymətləndirdiyini söylədi. “Mən bilmirəm başqa qəzet və ya media orqanları nə qədər qonarar verir. Amma bizdə jurnalist əməyi qiymətləndirilir. Jurnalistlərə yaratdığımız şəraitdən, onlara əməklərinə verilən qonarardan hələki narazı qalan olmayıb. Əslində mən biləni hamı razıdır. Heç kimin əməyindən sui-istifadə etmirik”.

Ənənəvi sual – hansı yeni planlarınız var?

Bir yaşlı portalın baş redaktoru gələcək planlardan da danışdı. “Yeni layihələr, düşündüyümüz bir sıra yeniliklər var, amma mən bunları əvvəlcədən açıqlamaq istəmirəm. Portalda inkişaf və dəyişiklik olacaq, çünki bir nömrəli hədəfimiz oxucu auditoriyasını genişləndirməkdir”.

Müsahibimiz onu da dedi ki, indi “Day.az”la eyni redaksiyada fəaliyyət göstərən “Milli.az”ın gələcəkdə öz ofisinin olması da mümkündür.
Baş redaktor deyir ki, işçilərin sayını da artırmaq niyyəti var.

“Biz informasiya agentliyi deyilik. Bizim tipli saytlara dünyada internet qəzet və ya internet portalı deyirlər. Özəlliyimiz ondan ibarətdir ki, hardasa hadisə olanda, çalışırıq oradan nə yolla olursa olsun, informasiya əldə edək. İmkan daxilində əməkdaşımızı hadisə yerinə göndəririk və ya oradan telefon vasitəsilə xəbər əldə etməyə çalışırıq.
Bölgə postlarımız yoxdur. Bu hələ nəzərdə tutulmayıb, amma maddi imkanlarımız genişlənərsə, hər şey ola bilər”.

Sevda İlhamqızı işçilərin məzuniyyətə çıxması barədə də danışdı: “Nəzərdə tutmuşuq ki, əməkdaşlarımız ildə 21 gün məzuniyyətdə olsunlar. 3 ay ərzində bütün işçilər məzuniyyətə getdilər və hər birimiz digərimizi məzuniyyət vaxtı əvəz etdik. Çalışdıq ki, bu boşluq oxucular tərəfindən hiss olunmasın. Belədə oxucunu itirmədik, sadəcə yayda hamı məzuniyyətə gedir, internet istifadəçilərinin sayı azalır”-deyə baş redaktor söhbətə davam edir.

“Mill.az 1 yaşını öz kollektivi arasında qeyd edəcək. Təntənəli ad günü tədbirinə ehtiyac görmürlər.

“Saytda işləmək maraqlıdır”

Söhbətləşmək növbəsi gəlib çatdı “Milli.az”ın işçilərinə… Mahir Məmmədli əvvəllər müxtəlif qəzet və saytlarda işləyib.

“Qəzetdən fərqli olaraq internet mediasında işləməyin fərqi burada operativliyin olmasında, xəbərçilik peşəsindədir. Qəzet belədir ki, bu gün yazdığın xəbəri oxucu sabah oxuyur, amma hadisə baş verəndən az sonra saytda bu barədə xəbər yerləşdirirsən və oxucuya çatdırırsan. Bu baxımdan saytda işləmək daha maraqlıdır”-deyə M.Məmmədli bildirdi.

O, əsasən portala xəbər yerləşdirməklə məşğuldur: “Amma yeri gələndə hansısa hadisə barədə açıqlama, şərh, münasibət də öyrənirəm”.

Mahir deyir “Milli.az”da işləmək onun üçün daha asandır. Buranın maaşı da onu qane edir.

“Hadisə yerinə getmirik, amma…”

Kriminal və sosial sahə üzrə müxbir Anar Məmmədov “Milli.az” açılandan burada çalışır. Anar jurnalistika fəaliyyəti ilə agentlik və xəbər portallarında məşğul olub:

““Milli.az”da işləməyin üstünlüklərindənsə, çətinlikləri daha çoxdur. Xəbəri tapmaq, xəbəri yazmaqdan əlavə, xəbəri göstərmək də istəyirik. Elə yazırıq ki, baş verən hər hansı ağır cinayəti oxucu görə bilsin. Çətinlik bundan ibarətdir”.

Azərbaycanda kriminal xəbərlərin yaxşı oxunduğunu deyən Anar  Məmmədov onların portalında da belə informasiyaların oxucularının çox olduğunu bildirdi: “Kriminal hadisələr ötən ildə kifayət qədər çox olub, amma bu il də pis başlamayıb…”

Bəs Anarı necə “Milli.az”dakı maaşı qane edirmi?

“Mən heç vaxt maaşdan doyan adam deyiləm. Amma “Milli.az”da işləyə-işləyə heç bir yerlə də əməkdaşlıq etmirəm və edənləri də dəstəkləmirəm”.

Həmkarımız bir maraqlı açıqlama da verdi. Dedi ki, redaksiya işçiləri heç bir hadisə yerinə getmirlər: “Sadəcə olaraq hadisə yerində adam axtarırıq. Şahid, jurnalist tapıb onlarla əlaqə yaradırıq və çalışırıq ki, orada olduğumuzu hiss elətdirək”.

“Köşə yazılarımı məndən başqa heç kim oxumur”

Baş redaktorun müavini Elçin Alıoğlu ilə söhbətimiz çox maraqlı oldu. O, iki ay olar ki, “Milli.az”da fəaliyyət başlayıb, buna qədərsə uzun illər çap mətbuatında çalışıb:
“Çap mediasından internet mediasına gəlməyimin səbəbi yenilik, ambisiya, adrenalin, drive axtarışıdır və hələki bunların heç birinə nail olmamışam”.

“Daha yaxşı iş özümdən aslıdır”-deyən E.Alıoğlu üçün rəqib tənbəllikdir.

Baş redaktorun müavininin sözlərinə görə, “Milli.az” hər 5 dəqiqədən bir xəbər yerləşdirir. Deyir ki, internet mediasında xəbərdə maksimum interval elə 5 dəqiqə olmalıdır: “Burada fasilə yoxdur. Çap mətbuatında jurnalistin bazar günü, istirahəti, dincəlməyi və bəlli iş qrafiki var, amma internet mediasında belə şey yoxdur”.

Elçin müəllimin əsas işi əməkdaşların hazırladığı materialları kəsib-doğramaq, söküb-yığmaqdır, yəni redaktə etmək. deyir ki, işçilərin hazırladıqları xəbərlər xoşuna gəlməyəndə qəbul etmir. Zarafatla bildirdi ki, buna görə redaksiyada ən böyük nifrət obyekti sayılır.

Bəs Elçin Alıoğlu nə vaxtsa çap mediasına qayıda bilərmi?
“Ağlayaraq geri qayıtmaq yalnız hind kinolarında və Türkiyənin yaşıl çamlarında olur. Mən isə qayıdışı sevmirəm”-deyə müsahibimiz cavab verdi.

Maraqlıdır, əvəllər həm özgə (Həsən Ağacan), həm də öz imzasıyla köşə yazıları yazan E.Alığolu köşələri niyə dayandırıb?
“Başqa imzalarla heç vaxt yazmamışam. Mənim istifadə etdiyim imzalar mənə çox doğma insanlardır və mən özüməm. Köşə yazılarını davam etdirirəm, etdirəcəyəm də. Bilirsiniz mənə ləzzət verir ki, köşə yazılarımı məndən başqa heç kim oxumur. Azərbaycanda hər köşə yazarı düşünür ki, dünyanın 124 min birinci peyğəmbəridir və guya, o, insanlara həqiqəti çatdırır. Mən yazmayanda hətta zəng edib soruşurlar ki, “niyə yazmırsan?”-deyə yarızarafat-yarıciddi özünü təriflədi. Sonra da əlavə etdi:
 
“Şuşa alınan gündən öz imzamla yazmıram, çünki mənim üçün namus, qeyrət deyilən məhfumlar var. Mən nə vaxt Şuşada oturub sözümü deyə bilərəm və ya Şuşa yaxınlığında ölüb Şuşada basdırılaramsa, bəlkə onda öz adımdan çıxış edərəm. Nə qədər Şuşa işğaldadır Elçin Alıoğlu adlı adam yoxdur, çünki mən oğlumun üzünə baxmağa utanıram, ona görə onun adından yazıram, onun namusuna, qeyrətinə, irzinə güvəndiyim üçün onun adından sui-istifadə edirəm”.

Baş redaktorun müavini deyir “Milli.az”da aldığı maaş yetərincədir, “deyərdim ki, Avropa standartlarına uyğundur və hətta Avropa standartlarının orta səviyyəsindən yüksəkdir”.

Müsahibimizim sözlərinə görə, redaksiyada hər cür imkanlar var: “Jurnalistlərə imkan yaradılır ki, istəsələr lap Monqolustan, Yeni Zellandiya ilə saatlarca danışsınlar, problem yoxdur..”.

“Dincəlməyə vaxtı çətinliklə tapırıq”

Növbəti müsahibimiz 1995- ci ildən mətbuatda çalışan Məğrur Əliyevdir – “Milli.az”ın redaktoru.

Deyir işi biləndən sonra çətinlik qalmır, işləməyi bilmədikdə isə ən asan iş də çətin ola bilər.
“Obyektiv müqayisə aparsaq, mənə elə gəlir ki, internet mediasında işləmək daha çətindir. Çünki çap mediasında materialların hazırlanması, qəzet səhifələrində işıq üzü görməsi bir neçə mərhələdən keçir deyə, orda istər istəməz hər şeyə nəzarət olunur. Həm vaxt baxımından, həm də yazı bir neçə mərhələdən keçdiyinə görə qəzetdə səhvlərə yol vermə ehtimalı da az olur.
Amma internet mediada belə deyil. Burada konkret işim gün ərzində “Milli.az”da yer alan xəbərlərin redaktəsinə cavabdeh olmaqdır”.
Məğrur Əliyevin sözlərinə görə, son illər internet mediası sürətlə inkişaf etdiyindən artıq ciddi rəqabətdən danışmaq olar.
”Hansısa xəbərin geçikməsi, kimdənsə əvvəl və ya sonra qoyulması əsas məsələlərdən biridir”.

Müsahibimiz bildirdi ki, qəzetdə çalışan zamanlarda müntəzəm olaraq köşə yazıları, araşdırmalarla çıxış edib. Burada isə qəzetdən fərqli olaraq yazı yazmağa vaxt yoxdur.

“Redaktor kimi müxbirlərə mövzu verirsinizmi?” soruşduqda Məğrur Əliyev qeyd etdi ki, mövzu vermək onun işi deyil: “Bu kollektiv işidir, hər kəsin - müxbir, redaktor, baş redaktorun da təklifləri olur. Ağlabatan təklifdirsə, müxbirlər işləyirlər.

Saytda bir-birimizlə məsləhətləşmələrimiz də olur. Səhvlərimiz nədir, üstünlüklərimiz nədir, nədə geri qalırıq, nədə irəli gedirik, nəyi işləsək daha yaxşı olar, nəyə vaxt ayırmamışıq…
Bu mənada bizim saytın “news correction” deyilən xidməti də var ki, burada oxucularımıza qramatik səhvlər və ya ümumiyyətlə yazılarla bağlı şikayətlərini, iradlarını, təkliflərini bildirmək imkanı yaradılıb. Bu bu da bizim bir üstünlüyümüzdür”.

Müsahibimiz sözlərinə görə, dincəlmək internet mediasının ağrılı yerlərindən biridi:

“Dincəlməyə vaxt çox çətinliklə tapırıq. Ancaq işimizə olan marağımız, həvəsimiz, irəliləmək, özümüz üçün müəyyənləşdirdiyimiz və ya qarşımıza duran məqsədlərə çatmaq istəyimiz bizi yorulmaqdan saxlayır. 6 gün iş günü olsa da, bazar günü mənə də istirahət günüdür”.

Bəs xanımı da jurnalist olan Məğrur bəy evdə onunla informasiya mübadiləsi mövzu müzakirəsi aparırmı?
“Əlbəttə olur. Evdə də, telefonla da iş fəaliyyəti ilə əlaqadar olaraq informasiya mübadiləsi də olur, bir-birimizə hansısa xəbəri vermək də..”.

Özünü köhnənin jurnalistlərindən sayan redaktor deyir ki, media işçilərində ən çox rast gəlinən xəstəliklərdən biri mədə ilə bağlıdır:
“Bunun əsas səbəbi jurnalisltərin rejimsiz, nə gəldi yemələri, işlə əlaqədar olaraq ac qalmalarıdır. Redaksiyamızın mətbəxi var. Günorta yemək vaxtı bir saat ərzində kollektivin işçiləri ilə növbətilik prinsipi əsasında vaxtımızı bölüşdürürük. Bu da hardasa internet medianın qəzetdən bir fərqi ola bilər. Evdən hazır şəkildə yemək gətirənlər də və ya həmin vaxt ərzində çıxıb kafedə yeyənlər, mağazadan alıb gətirənlər də olur”.

Redaktorun sözlərinə görə, digər elektron KİV-lərdə olduğu kimi, “Milli.az”da da həftəsonu oxucu sayı az olur, bunun da müəyyən obyektiv səbəbləri var: insanlar gözlərinə istirahət verirlər…

Fotosessiyalar onluqdur…

Emin Həsənov “Milli.az”ın fotomüxbiridir, o, burada həm proqramçı kimi işləyir, həm də fotoşopda şəkillər düzəldir.
“İşim materialların şəkillərinin, fotoların düzəlişini aparıb, yerləşdirməkdir. Özümün də hərdən çəkdiyim şəkillərim olur. Fotossesiya çəkib saytda yerləşdirirəm”.

Əvvəllər heç bir yerdə işləməyən Emin birinci iş yerinə imtahanla götürülüb:

“Hələki başqa bir yerdə işləməyə getmərəm, çünki bu kollektivə öyrəşmişəm, mənə bura daha rahatdı. Hər bir şeylə təmin olunmuşam. Fotoaparatım da var, kompüterdə də hər bir proqram sazlanıb. Bütün gün ofisdə olduğum üçün xüsusi hadisələri çəkməyə gedə bilmirəm, yəni çatdıra bilmirəm”.

Emin deyir son zamanlar bəzi insanlar keçmişdəki kimi ağ-qara fotolara müraciət etməyə başlayıblar:

“Ağ-qara foto rəngli şəkillərdən daha effektiv alınır. Rəngli şəkillərlə müqayisədə ağ-qara şəkillərdə effektiv görüntü olur. Məsələn qadınlarda kosmetika görsənmir. Təbii şəkil alındığı üçün ağ-qara fotolara daha çox üstünlük verirəm”.

“Milli.az”da tərcümə işlərinə baxır

Cahangir Həsənli “Milli.az”da tərcümə işlərinə baxır. Rus dilli mətbuatlarda istənilən sahədən olan maraqlı məlumatları tərcümə etməklə məşğuldur. Cahangir əvvəllər “525-ci qəzet”də və “Həftə içi”ndə işləyib:
“Qəzetdən gəlsəm də, burada işləmək mənim üçün çətin deyil. Təzə-təzə işləyəndə bir az çətinliyim oldu. Qəzetdə 5 gün işləyirdim, burada isə altıncı gün də işə gəlirəm. Saytda iş daha intensivdir. Məsələn, qəzetdə gün ərzində bir neçə materialı tərcümə etməklə kifayətlənirdimsə, burada isə elə bil canlı efirdəsən, səhərdən axşama qədər dayanmadan xəbər verirsən. Lakin sonradan bu iş qrafikinə öyrəşdim”.

Cahangir Həsənli baş redaktor Sevda İlhamqızı ilə hələ o müxbir olandan bir yerdə çalışıb – “525-ci qəzet”də. Keçmiş müxbir həmkarı indi onun baş redaktorudur.

“Yeni kollektivə uyğunlaşmaq mənim üçün həmişə çətinlik yaradan məsələ olub. Bura gələndə mənim üçün adaptasiya problemi olmadı, çünki kollektivdəkilərin çoxunu tanıyırdım”.

Həmkarımızın fikrincə, internet mediasından qəzetə qayıtmaq geriyə addım olar.

“Qəzetdən nə vaxtsa yaxşı işlə bağlı təklif gəlsə, qayıtmaram. İnternet mediası qəzetdən hər zaman bir addım öndədir. Xəbərçilik baxımından, xəbəri udmaq nöqtəyi-nəzərindən qəzet internet mediası ilə rəqabət apara bilmir. Azərbaycanda bu sahə yeni-yeni formalaşsa da, internet mediasının sayı getdikcə daha da artacaq, rəqabət güclənəcək”.

C.Həsənli deyir ki, “Milli.az”da tərcümə materiallarını mütləq istinadla verirlər. “Mexaniki ola bilər ki, istinad etmək yaddan çıxsın, onda redaktor deyir ki, “istinadı verməmisən, onu hardan götürmüsən?”.
Ümumiyyətlə bizə qəti şəkildə tapşırılıb ki, material hardan götürülübsə, istinad verilməlidir”.

Cahangir Həsənli “Milli.az”ın digər saytlardan fərqini belə izah edir:
“Fərq ondadır ki, bizdə gün ərzində bir neçə dəfə fotossesiya, videoxəbərlər olur. Bu məncə fərqli tərəfdir. Biri var xəbəri oxumaq, bir də var görmək, yəni xəbəri hiss etmək.

Mənim subyektiv fikrimdir, istərdim saytımızın dizaynı dəyişilsin, daha müasir olsun”.

***

“Milli.az”da 3 saat vaxt itirdik, onları öz oxucularımıza tanıtmaq üçün. Amma bu işgüzar kollektivlə 3 saat itirməyə dəyərdi. Sonda qarşıdakı günlərdə 1 yaşını qeyd edəcək kollektivə Modern.az saytının adından təbrik yazmaq bizə düşür: uğurlarınız davamlı olsun həmkarlar!

 

"Milli.az" hələki "Day.az"ın ofisində fəaliyyət göstərir... 

 

Portalın iş saatı, hamı bərk məşğuldur...

 

Baş redaktor Sevda İlhamqızı: "Biz portalı rəqabətə girmək məqsədilə yaratmamışdıq...".

 

Elçin Alıoğlu: "Azərbaycanda hər köşə yazarı düşünür ki, o, dünyanın 124 min birinci peyğəmbəridir".

 

Məğrur Əliyev: "Dincəlməyə vaxt yoxdu, evdə də söhbət ancaq yazı-pozudan gedir...".

 

Mahir Məmmədlinin fikrincə, saytda işləmək qəzetdəkindən daha maraqlıdır.

 

Anar Məmmədov: "Kriminal xəbərlərin oxucusu daha çoxdur".

 

Tərcüməçi Cahangir Həsənli: "İnternet mediasından qəzetə qayıtmağı geriyə addım sayıram".

 

“Milli.az”ın fotomüxbiri Emil Həsənov: "Yenidən ağ-qara fotolar istəyənlər olur".

 

Mətbəxdə hər şey qaydasındadır.

 

"Milli.az"ın kollektivi mükafatlandırma mərasimində..

 

Bu da "İlin media şirkəti" mükafatı...


Aytən Əliyeva
Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub