Modern.az

“Son zəng”ə görə bulvarda gücləndirilmiş rejimə keçilib

“Son zəng”ə görə bulvarda gücləndirilmiş rejimə keçilib

14 İyun 2016, 10:57

Bu gün orta ümumtəhsil məktəblərində 2015/2016-cı tədris ili başa çatır. Bu münasibətlə də məktəbi bitirən məzunlar üçün “Son zəng” çalınır.

Məzunların hər il olduğu kimi, məhdudiyyət qoyulmasına baxmayaraq, Dənizkənarı Milli Parkda müxtəlif əyləncə təşkil edəcəkləri istisna edilmir.

Bununla bağlı Dənizkənarı Bulvar İdarəsi də gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Modern.az saytına məlumat verən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, polis orqanları, Daxili İşlər Nazirliyinin əməkdaşları asayişə nəzarət edəcəklər:

“Bizim işimiz kimliyindən, çox, yaxud da az gəlmələrindən asılı olmayaraq insanlara yüksək səviyyədə xidmət göstərmək, bulvarda istirahət etməyə şərait yaratmaqdan ibarətdir. Biz indiyə qədər bu işi etmişik və bu gün də edəcəyik. “Son zəng”dir və adam çox ola bilər deyə, iş rejimimiz gücləndirilib”.

Ərazidə hər hansı zərurət müqabilində təcili yardım maşınlarının yerləşdirilməsinə gəlincə, N.Məcidov xidmət əməkdaşlarının hadisə və zərurətdən dolayı çağırıla biləcəyini deyib:

“İnşallah ki, təcili yardıma ehtiyac olmaz” deyən idarə rəsmisi Milli Parkdakı kafe və restoranların iş fəaliyyətilə bağlı məsələyə də aydınlıq gətirib:


“Bulvarın köhnə hissəsi “Formula - 1”  yarışlarının keçirilməsilə əlaqədar onsuz da bağlıdır. Ərazidəki kafe və restoranlar da hissəvi işləyirlər. Çünki, onların hamısı “Formula - 1” təşkilat komitəsinin səlahiyyətindədir. Yəni, əsas attraksionların, kafe və restoranların yerləşdiyi hissənin hamısı bağlıdır. Qalan hissələrdə hər şey öz qaydasında təşkil ediləcək”.

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız məktəblərin ərazisində təşkil olunmalıdır.

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir