Modern.az

Parlament Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair hesabatı qəbul edib

Parlament Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair hesabatı qəbul edib

27 Oktyabr 2009, 14:55

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair hesabat verib.

Modern.az xəbər verir ki, nazir müavini hesabatında insan alverinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. V.Eyvazov bəzi qeyri-hökumət təşkilatları və hüquq müdafiəçilərinin beynəlxalq təşkilatlara insan alveri barədə yanlış məlumatlar ötürdüyünü qeyd edib: «İnsan alverinə qarşı dövlət səviyyəsində həyata keçirilən və cəmiyyətə böyük fayda gətirən işlərin nüfuzlu beynəlxalq təşkilatlarda qəbul edilməməsinə nail olmaq məqsədi daşıyan belə məlumatlar nəticə etibarı ilə ABŞ Dövlət Departamentinin 2008-ci ildə insan alveri ilə mübarizənin vəziyyətinə dair tərtib etdiyi hesabatda öz əksini tapıb. Halbuki Azərbaycan cinayətlərin qarşısının alınması, açılması, ictimai asayişin təmini sahəsində həm MDB, həm də Avropa məkanmda öncül yerlərdən birini tutur. Ölkəmiz insan alverinə qarşı effektli mübarizə tədbirlərinin görülməsində də kənarda qala bilməz».  V.Eyvazov insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən hər il orta hesabla 500 min manat vəsait ayrıldığını bildirib.

Nazir müavininin sözlərinə görə, 2009-cu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb, onları törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib. Cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq insan alveri qurbanları üçün sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub.

Sonra məsələyə dair millət vəkillərinin müzakirəsi olub. Deputat Əhəd Abıyev bildirib ki, ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində Milli Fəaliyyət Planından irəli gələn tədbirlər ardıcıllıqla yerinə yetirilib. «Belə ki, 2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunub, Azərbaycan polisinin fədakarlığı sayəsində 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Təkcə 2009-cu ilin ötən dövrü ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirləri nəticəsində insan alveri ilə bağlı 71 cinayət hadisəsi qeydə alınıb, onları törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bütün bunlar bir daha ölkəmizdə polis orqanlarının peşəkarlığının, öz işinə məsuliyyətlə, canıyananlıqla yanaşmasının və dövlətinə, xalqına sədaqətlə xidmət etməsinin bariz nümunəsidir». Deputat qeyd edib ki, Daxli İşlər Nazirliyinin gördüyü tədbirlər nəticəsində insan alveri hallarının qarşısının alınması üçün bir sıra maarifləndirmə işləri də aparılıb. Təqdirəlayiq haldır ki, bu ilin mart ayında Daxili İşlər Nazirliyi ilə 45 qeyri-hökumət təşkilatını birləşdirən İnsan alverinə qarşı qeyri-hökumət təşkilatları Koalisiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və maarifləndirmə tədbirlərinin birgə icrası üzrə xüsusi iş proqramı hazırlanaraq icraya yönəldilib. Həyata keçirilən vacib tədbirlərdən biri də insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən məbləğin bu sahədə xarici ölkələrdə mövcud olan həddə - 600 manat səviyyəsinə çatdırılmasıdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb və bu, yaxın günlərdə həllini tapacaq. Ə.Abıyevin sözlərinə görə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, ötən dövrdə insan alverinə qarşı mübarizə işi Azərbaycanın qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına, Milli Fəaliyyət Planına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun qurulub və həyata keçirilib. «İnanırıq ki, həmişə öz fədakarlığı ilə diqqəti cəlb edən polis orqanları bundan sonra da vətəndaşlarımızı insan alverinin doğurduğu təhlükələrdən qorumaq, bu sahədə zərər çəkənləri düşdükləri vəziyyətdən xilas etmək üçün öz peşəkarlıqlarını əsirgəməyəcəklər»-deyə deputat bildirib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır