Modern.az

Bu il Azərbaycanda könüllü qan verənlərin sayı - RƏQƏM

Bu il Azərbaycanda könüllü qan verənlərin sayı - RƏQƏM

14 İyun 2016, 14:48

2016-cı ilin yanvar-may ayı ərzində Azərbaycanda 19524 min könüllü qan verib və nəticədə 9 min 600 litr qan və onun komponentləri tədarük olunub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 75184 nəfər iştirak edib, 36 ton 597 litr qan tədarük edilib.

 

2014-cü ildə analoji göstərici 72697 nəfər təşkil edib. Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.

 

Qeyd olunub ki, 18-65 yaşında olan istənilən sağlam insan könüllü qan donoru ola bilər. Qanvermə arasında interval isə ən azı 60 gün təşkil etməli və il ərzində 5 dəfədən artıq olmamalıdır.

 

Nazirliyin məlumatında bildirilib ki, hər il dünyada 14 iyun tarixi Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair qətnamə qəbul edilib:

 

"Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır.

 

Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları, irsi qan xəstəliklərindən əziyyət çəkənləri ölümdən xilas etməyə kömək edir".

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər