Modern.az

Milli Məclis kənd təsərrüfatı ilə bağlı qanunları dəyişdi

Milli Məclis kənd təsərrüfatı ilə bağlı qanunları dəyişdi

14 İyun 2016, 15:26

Milli Məclisin növbədənkənar iclasında “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Çayçılıq haqqında” və “Taxıl haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, qanun layihələri barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

 

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna təklif edilən əlavəyə əsasən, genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə olunması bitkiçilikdə tətbiq olunan ekoloji tələblərin sırasına daxil edilir.

 

“Toxumçuluq haqqında” qanuna təklif edilən dəyişiklik toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməməsini nəzərdə tutur.

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna dəyişiklik də Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsinin qadağan edilməsini nəzərdə tutur.

“Çayçılıq haqqında” qanununa təklif edilən 10.3-cü maddə çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməməsini ehtiva edir.

 

Qanunun 8.3-cü maddəsinə təklif edilən əlavə genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilməməsi ilə bağlıdır.

“Taxıl haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 6.8-ci maddədə isə qeyd olunur: “Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. O cümlədən, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilməyəcək.

Qanunların qeyd hissəsində bildirilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.

Dəyişikliklər səsverməyə çıxarılıb və qəbul edilib.

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir