Modern.az

"ASAN Viza" sistemi ilə elektron viza verilməsi qaydaları qəbul edildi

"ASAN Viza" sistemi ilə elektron viza verilməsi qaydaları qəbul edildi

14 İyun 2016, 15:32

 

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə "ASAN Viza" sistemi vasitəsilə elektron vizanın verilməsi qaydaları müəyyənləşdirilib.

 

Modern.az saytının məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

 

Yeni qaydalara əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

 

"ASAN Viza" sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir.

 

Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Elektron viza almaq üçün əcnəbilər və уa vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

 

"ASAN Viza" sistemi elektron viza alınması üçün daxil olmuş elektron müraciəti real vaxt rejimində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə göndərir.

 

Müvafıq icra hakimiyyəti orqanı müraciətin "ASAN Viza" sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır.

 

Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır və viza rəsmiləşdirilərək "ASAN Viza" sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və уa viza verilməsindən imtina edildikdə, bu barədə məlumat verilir.

Elektron viza pasporta yapışdırılmır və əcnəbi və уa vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasımn dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur.

 

Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. Bu barədə məlumat "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə real vaxt rejimində "ASAN Viza" sisteminə ötürülür.

 

Əcnəbilər və уa vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər.

 

Qeyd edək ki, hazırda Azərbaycanda elektron vizalar 5 iş günü müddətində verilir.

 

Dəyişikliklər müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.

 

Ağa Akifoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi