Modern.az

Alim Qasımova vəhabi deyənlər…

Alim Qasımova vəhabi deyənlər…

Ədəbi̇yyat

15 İyun 2016, 15:29

Fazil Mustafa

Bu günlərdə Azərbaycan mediasında dürlü bir idddia ortaya atıblar ki, bəs Azərbaycanın dəyərli sənətkarı, millətimizin üzağardan sənət brendi Alim Qasımov vəhabidir. Hal-qəziyə bundan ibarətdir ki, Elnur Qurbanov adlı sosial şəbəkə istifadəçisi yazıb: “2011-ci ildə bir yerdə işləyirdim. Orada bir oğlan vardı, vəhabi idi. Həmişə o oğlanın yanına bir nəfər gəlirdi. Məlum oldu ki, bu adam Alim Qasımovun sürücüsüdür, özü də vəhabidir. Həmin iş yoldaşım mənə dedi ki, bu oğlan da, Alim müəllim də vəhabidir. O gün də Alim Qasımovun azan verməyini gördüm. Azanda Əli sözünü işlətmədi. Bax, belə...”.

Adamın öz təhsil səviyyəsinə, anlayışına görə kimisə hansısa təriqət, məzhəb mənsubu olaraq qiymətləndirməsini bir tərəfə buraxıram. Həqiqətən məni kimisə inancının forması maraqlandırmır, bu hər kəsin öz seçimidir və yalnız Allah qatında kimin doğru və ya yanlış əqidədə olduğu, kimin dininin, məzhəbinin, təriqətinin, təliminin haqq üzrə olduğu müəyyənləşəcəkdir. Allahın yerinə hökm vermək bəndələrə düşməz. Məni maraqlandıran sadəcə bu mülahizənin, iddianın istinad mənbəyidir. Arqument olaraq adam nəyə istinad edir?

Demək azanda “Əli” sözünü işlətmədiyinə görə Alim Qasımov belə bir tanıtıma uyğun görülüb. Demək bu axmağın məntiqsizliyinə görə dünyada müsəlmanların 90 faizi azanda və iqamədə bu sözü işlətmədiyinə görə Hindistandan tutmuş Türkiyəyə, Mərakeşə qədər bütün müsəlmanlar vəhabi sayılmalıdır. Bu müsəlmanlar hər gün azanda və iqamədə təkrar-təkrar “Allah” sözünü işlədirlər, “Məhəmməd” sözünü işlədirlər, prinsipcə "Əli” sözünü işlətməyi öz dinlərinin vacib əməli kimi görənlərin də buna sevinməsini gözləmək doğru deyildimi?

Ümumiyyətlə, kim iddia edər və ya hansısa mənbədə varmı ki, İslamın ən böyük şəxsiyyətlərindən olan, peyğəmbərimizin gözbəbəyi sayılan Hz. Əli öz adını azan və iqamədə Uca Allah və onun peyğəmbəri ilə birlikdə vurğulayıb? Bəlkə buna Elnur Qurbanov obrazında böyük bir İslam dinini kiçik bir məzhəb qəlibi içində görən şəxslərin ötəri bir açıqlaması kimi baxaraq keçmək də olardı. Ancaq Alim Qasımova qarşı bu cür tirajlamanın və məsələni mahiyyətindən çarpdırmanın dərin səbəblərini anlamaq hamımız üçün vacibdir.

 Maraqlıdır ki, əsrin əvvəllərində də nadanların əlində alətə çevrilmiş, iyrəcləşdirilmiş, baş təmsilçisi Şeyx Nəsrullah olan İslam dininin əsl mahiyyətini doğru izah etdirməyə çalışanlara da "Babı" ittihamı irəli sürürdülər. Seyid Əzim, Sabir kimi dəyərlərimizi bir də varaqlasanız, nə zillət çəkdiklərini görərsiniz.

Demək bu ölkədə öz imanı, əxlaqı, sənətkarlığı ilə seçilən beş-on dəyərimiz var, bu minvalla onları da belə metodla yıpratmağa çalışırlar. Gəlib-keçmiş sənət adamlarımızın həyat hekayələri haqqında çox şeylər eşitmişik. Bir çoxları öz yaşam tərzlərini qurbanına çevriliblər. Narkomaniyadan, alkoqolizmdən, ailə problemlərindən, pis vərdişlərdən həyatları puç olmuş bir çox dəyərli sənət adamlarımız olub.

Bu gün böyük sənəti ilə yanaşı, yaşam tərzi, dünyagörüşü, təvazökarlığı ilə nümunə göstərə biləcəyimiz bir şəxsiyyəti bu cür cahil və nadanların hücumlarından qorumağa sadə bir vətəndaşlıq borcu kimi baxmağı hər birimiz özümüzə təlqin etməliyik. Bu statusla mən də kiçik bir borcumu yerinə yetirməyi düşündüm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?