Modern.az

Xaçın çayın ətri

Xaçın çayın ətri

Ədəbi̇yyat

15 İyun 2016, 15:42

Vüqar Tofiqli

Xaçın çayının  sonuncu gəlişi deyəsən heç kimin yaddaşında qalmayıb. Qarşılaşdığım insanlardan bunu soruşduqda hərə bir rəqəm söylədi. Gah yeddi, gah on, gah da digər  rəqəmlər.

Amma dəqiq yadımda qalan maraqlı bir tarixçə var.

Birincisi, dəqiq yadımdadı ki, Xaçın çayı 1993-cü ilin yazında necə sürətlə gəlmişdisə,  Soltanbudun yanındakı körpü təhlükəli vəziyyətə düşmüşdü. Çayın gur suları körpünün dayağının birini sıradan çıxarmaqla onu keçilməz etmişdi.

Sanki Allah bizləri sınayırmış kimi, həmin günlərdə Bərdə şəhərinin mərkəzindən axan Tərtər çayı və Qarabağ kanalının üzərindəki körpülər də eyni vaxtda sıradan çıxmışdı. Həmin vaxt bu körpülərin üzərindən keçən  ağır tanklar da  onların sıradan çıxmasına bir növ təkan vermişdi.

Hər üç körpünün eyni vaxtda sıradan çıxması hər kəsi narahat edirdi.

Erməni hücumları nəticəsində əhali arasında yaranan çaşqınlıq bəzən yan yollarda basabas yaradır, indiki kimi hər birimiz birinci keçmək istəyir, yol verməyə çalışmır, nəyin bahasına olursa olsun, özümüzü qabağa verməklə sanki igidlik nümayiş etdirirdik.

Faciə onda ola bilərdi ki, yan yoldan keçərkən maşının mühərriki  sönsün və işə düşməsin...

İndisə 2016-cı ildir.

Nə o maşınlar, nə o dövrün maşın markaları, nə də ki o insanlar var. Hərə bir dağda-dərədə, aranda-düzdə özün yuva qurub yaşayır. Hə Xaçın yada düşür,  nə də ki o illərdə çəkdiyimiz ağrı-acı.

Əslində ilk baxışda belə görsənir. Hər birimiz özümüzü nə qədər tox tutsaq da, vəzfəsindən və səlahiyyətindən, kasıbından tutmuş varlısınadək bu məqamları  və  o illərdə yaşadığımız ağrılı-acılı günləri xatırlayanda kövrəlir, elə o dəqiqədə mərdiməzara lənət oxuyuruq.

Ancaq  ən əsası odur ki, səhvlərimizdən nəticə çıxarmağa çalışırıq...

23 ildən sonra Xaçın çayı daha gur şəkildə  dördüncü gündür ki, özünə tapdığı yollnan axır. Heç nəyə fikir vermir. Sanki bununla demək istəyir ki qarşımı kəssələr də, istəsəm gələrəm...

Bu gün Soltanbud təpəsindən seyr etdiyim bu mənzərə məni düz  23  il əvvələ aparmışdı.

Amma Xaçınçayın qarşısnı 52 əvvəl almışdıq. Bəndin inşasına 1957-ci ildə başlansa da, dəryaça yalnız 1964-cı ildə istifadəyə verilmişdi. Ətrafında böyük qəsəbə də salınmışdı.

Xaçınçay dəryaçası isə ərazidə  o illərdə ilk böyük dəryaça idi. Məhz bundan sonra Sərsəngin inşasına başlanıldı.

Yaddaşımda qalan  digər bir məqam isə  dəryaça ətrafında inşa edilən “pekarnıda” düzbucaqlı formada olan “Xaçınstroy” çorəyinin bişirilməsiydi. “Xaçınstroy” çörəyi həm dadına, həm də tamına görə seçilirdi.

O illərdə  Əlimədətli kəndindəki “pekarnının” səsi və ətri  bütün Ağdama yayılmışdı. Çəkisi ağır olduğundan bu çörəyin qiyməti də baha idi.

İndi nə o çörək var, nə də ki onun ətri ...

Amma Soltanbudda, Bayraq meydanından xəyallara daldığım bir vaxtda  real həyatımızda yaranmış vəziyyət  ümidimi xeyli artırmış oldu.

Başımın üstündə ucalan üçrənglı bayraq, Xaçın çayın gətirdiyi hava, xüsusən də havanın ətri  mənə tezliklə xəyallarımın yenidən kerçəkləşəcəyini deyirdi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi