Modern.az

“Şirvan şikəstəsi” ilə son mənzilə yola salınan ŞƏHİD - FOTOLAR

“Şirvan şikəstəsi” ilə son mənzilə yola salınan ŞƏHİD - FOTOLAR

15 İyun 2016, 22:32

Vətəni qibləgah edən şəhidlər -XXI


...Səkinə bibi zülüm-zülüm ağlayırdı. Naləsindən yer-göy titrəyirdi. “Belə ayrılıq olmazdı” deyirdi. 15 gün əvvəl əziz-xələf nəvəsini bağrına basıb, qoynunda yatırmışdı. Səhərə qədər öpüb oxşamışdı əsgər balasını. İndi “nəvəndən bir xatirə de” sözümü ağzımda qoydu...
“Mənim xatirələrim dağı-daşı yandırar. Mənə Allah qismət yazmadı. Qızım Şahxanımın 3 yaşı olanda, atasını aldı əlimdən. Şahxanımı ərə verdim, gözüm-könlüm açıldı. Nəvələrim doğulanda dedim ki, bircə qızım xoşbəxt oldu. Amma fələk qızımla da yola getmədi, 19 yaşlı balamı deyə-gülə əsgər yola saldım, onu da əlimizdən aldı. Balamın nə yaşı var idi ki, indidən bala dağı görəydi” deyib, gözlərinin yaşını Şirvanın büllur bulaqları kimi axıtdı Səkinə bibi.


Modern.az saytı "Aprel döyüşləri"nin daha bir şəhidi haqqında yazını təqdim edir...


“Şirvan şikəstəsi” Yer üzündən küsənlərin haqqa şikayətidir



Hə... doğrudan da Səkinə bibinin danışdıqları elə bir qəmli kitaba bərabər idi. Ancaq sevincli günləri də olmuşdu. Nadir Zəkarayev 1994-ü ildə  öz toyundan sonra dədə-baba yurduna, sevimli Şahxanımını gətirdi. Sonra üç övladı dünyaya gəldi: əvvəlcə qızı Ceyran, 1997-ci ilin avqust ayının 31-də ikincisı Nazim doğuldu, sonra kiçiyi Namiq dünyaya gəldi. Uşaqların ayağı düşərli oldu. Şamaxının ən gözəl məhəllələrindən birində torpaq alıb, ev də tikdi. Fəhləliklə balalarını dolandırdı. Oğlu Nazimin 6 yaşı olanda həyətində uşaqlara kiçik toy çaldırdı. Toy nə toy. Şirvan toyu ola, sinəsində saz, dilində söz oynayan aşıqlar ola.  Zəkarayevlərin həyətindəki toyun səsi məhəllənin hər yerinə yayıldı. Aşıqlar meydan suladılar. “Şirvan şikəstəsi”, “Döymə şikəstə”, “Zarıncı şikəstə”... aşıqlar  şirin avazları ilə gələnin-gedənin könlünü aldılar, Şirvan bayatıları səfə düzüldü.  Şirvan toylarında şikəstələr oxunmasa, o məclis sayılmaz. 

“Şirvan şikəstəsi” Yer üzündən küsənlərin haqqa harayıdır, şikayətidir. Yolu gör hardan gəlir, yaşını saymaq olmur. Nə bu gündü, nə dünəndi... Əbədiyyətdi... Hər zaman olub, hər zaman eşitmişəm, 9 ay ana bətnində, beşiyimin başında nənəmin və anamın laylalarında, atamın  kefinin  saz vaxtında zəngulə vurub sevincinə ovqat qatdığı vaxtlarda... Təkçə mən yox ki, ulu nənələrim, babalarım da, elə Nəsimi babam da... Hamısı bu havadan havalanıblar. Şirvanlılar Şirvanın firavan və ağır günlərində başlarına gələnlərə, “içərisindən qəm ilməli əriş-arxac dağlar keçdiyi” vaxtlarda belə, etiraz etməyi baçarıblar - “Şirvan şikəstəsi”, “Döymə Kərəmi”, balaban, sazla...

Azərbaycanda ilk dövlət quran Şeyx İbrahimxəlilin sahibgiran Fateh Teymurun  ayağına qul kimi getdiyi vaxtlarda çalınıb “Şirvan şikəstəsi”, “Döymə kərəmi”. “Rəiyyətimi qul etməzdən əvvəl, özüm bir qulam” deyən Şeyx İbrahimxəlil, ağlı və diplomatiyası ilə xalqını bəladan qurtarıb. Sonra İpək yolunun üstündə olan Şirvanın  mədəniyyət və ədəbiyyatı ilə mat qoyub Fateh Teymuru.  O Fateh Teymur da Nəsimiyə heyran olub. Saray şairi etmək istəyib. Baş əyərdimi Nəsimi, əsla. O, ancaq  böyük Allahın qarşısında baş əyirdi.  Deyirlər ki, Şah Xəndan qardaşı Nəsiminı nə qədər çalışsa da, Şirvanda saxlaya bilməyib.  Dövrana, quruluşa, şaha  etiraz  edən Nəsimi gedib, vətəni tərk edib. Bəlkə elə Şah Xəndanın sevdiyi  saray havası  “Şirvan şikəstəsi” elə o vaxt yaranıb. Nəsimi unudulardımı?! Nəsimi sevənlər, şeirlərini ağızdan-ağıza  Quran ayələri kimi ötürənlər Nəsimi gedəndən sonra da Nəsimidən deyiblər:

“Səni məndən iraq, ey can, necə ayıra zəmanə,
Gözüm ilə görmüşəm çün səni hər məkan içində.
Yenə mey fəğanə gəldi, cigərim tutuşdu yandı,
Nəyə uğradı, nə gördü bu tühimiyan içində?
Dilərəm zaman-zaman kim, səni faş edəm cahana,
Necə bir yana bu şəm’in cigəri düxan içində?
Bu dərin məaniyi gör ki, bəyan qılır Nəsimi,
Fələkin dili tutuldu bu ulu bəyan içində”.

“Şirvan şikəstəsi”ni, “Döymə kərəmi”ni aşıqlar oxuyanda fələyin dili tutulurdusa, Vətən, HƏQQ havalılarına yeni bir coşqu gətirirdi “Şirvan şikəstəsi”. O gündür-bu gündür, o şikəstələrin havasında toylarda oynayır, hüznlərdə isə ağı deyir, ağbirçək nənələrimiz, analarımız.

Bu yerlərdə toy mağarına toyu olan bəndənı geyindirib-kecindirib, BƏYLİK  libasında çıxararlar. Balaca Nazimin də balaca dostları sağında, solunda durdu,  qohum-əqrabanın qız-gəlinləri, bəyin boynuna evlərindəki sandıqlarda saxladıqları ipəkdən, xaradan xələt atdılar, qarşılarına xonça qoydular. Aşıq da oxudu ki, “Görüm a bəy toyun mübarək olsun, Sağdışına, soldışına borc olsun... İndi xələt versin Rəhman babası, Nə gözəldir Nazimin toy xonçası...”...
Toya dəvətlilərin hər biri istəyirdi ki, aşıq onların da adını çəksin, onlardan da xələt istəsin. Və o toyda ata Nadirə oğlunun böyük toyunu görməyi arzuladılar.

Məni gözləyərsən gələnə kimi?



...Gah qoyun-quzu dalınca qaçdı, gah da əlinə fürsət düşəndə gedib evlərdə taxta- döşəmədən, qapı-pəncərədən, taxta-tuxtadan bacardığı avadanlıqlardan düzəltdi. Ucuzuna-bahasına baxmadı... Nə versələr, “Şükür Allaha, ruzimizi yetirdi” deyib, axşam evinə, balalarının başına döndü.
Böyük oğlu olduğundan Nazimə çox güvənirdi. Özü ilə iş görməyə, qoyun-quzu nobatına da  aparırdı. Ancaq uşaq nə qədər götürümlü, zəhmətkeş olsa da, fikri –zikri oxumaqdaydı. İstəyirdi ki, hüquqşünas olsun.  Kitab-dəftər də əlindən düşmürdü. Hələ hərdən bir yaşadıqları məhəllədə yaşıdlarının arasında mübahisə olanda, kiminsə sözü çəp gələndə, haqqın tərəfində dayanıb, dürüst hökm də çıxarırdı, sülh yaradırdı. Lakin... oxumağa göndərmədi atası Nazimi...   
Dedi “bala, get əsgərliyini çək gəl, indi ailəni güclə dolandırıram. Bakıda oxusan,  sənin xərcini çatdıra bilmərəm. Uşaq oxutmaq asan deyil. Əsgərlikdən qayıdıb, oxuyarsan, inşallah!!!”...

Nazim də nəkarəydi ki, böyük sözündən çıxa... Babası Rəhmanın öyüdlərindən, danışıqlarından doymazdı. Hələ 5-ci sinifdə oxuyandan babası əlindən tutub onu  güləş məktəbinə aparardı. Şamaxıda həmişə güclü güləş məktəbləri, ustadları  olub. Əməlli-başlı güləşin sirlərinə də yiyələnmişdi.  Əvəllər şəhər birinciliklərində, sonra rayonlarası yarışlarda, daha sonra isə respublika üzrə güləş turnirlərində  qələbə qazandı, ancaq qələbələr gətirdi evə. Nəvəsinin belə uğurlarını görən baba, kiçik nəvəsi Namiqi də ona qoşdu. İndi güləş məktəbinə gedəndə ikisinin əlindən tuturdu...  İndi bunların hamısı bir kino lenti kimi gəlib keçir Zəkarayevlər ailəsində hamının gözü önündən. 


Nazim də müharibə dövrümüzün uşağı idi. Dost-aşna arasında söhbəti-sözü  vətənlə başlayıb, müharibə, dava ilə qurtarırdı.  Böyük villaları yox idi, mal-qara sürülərindən məhrum idilər, qapılarında bahalı maşın dayanmırdı ki, onların fikrini çəkəydi. Fikri-zikri TORPAQ idi, VƏTƏN idi. Bir də oxuyub, təhsil almaq...  Bir də ki, son payızı yaman gözləmişdi... Bəzi məhəllə yoldaşları, sinif yoldaşları əsgər getdiyindən, könlünu o uşaqlar olan tərəfə, düşmən tapdağı altında olan torpaqlarımıza bağlamışdı.

Həmin payız gəldi yetişdi. 2015-ci il oktyabr ayının 6-da onu da yola saldılar. Atası Nadir çox çək-çevir edib, oğluna dedi ki, “ay bala, bəlkə həyətdəki beş-altı qoyun-quzunu satıb, mən də sənin yerini arxaya yazdırım. Qaynar yerlərə düşmə”. Oğul dediyindən dönmədi. “Mən cəbhəyə yaxın yeri istəyirəm”, deyib, atasını bu işə qarışmağa qoymadı.  Əsgər gedəcəyi gecəni sabaha qədər yatmadı... Gözə yuxu gedərmi...  Nazim  qaralama dəftərini tapıb ürəyindən keçənləri yazdı. Hərdən elə-belə cızmaqaralar edib, üzə çıxarmağa da utanardı. Ya da cırıb tullayardı ki, heç kim görməsin. Bir də ki, şirvanlı olasan, özünü şeir-söz meydanında sınamayasan...


Bilmirəm, biləzsən, bilməyəcəksən.
Adımı qəlbindən silməyəcəksən,
İl yarım üzümü görməyəcəksən,
Məni gözləyərsən gələnə kimi?

Adını qəlbimə şirin yazmısan,
Sən mənim qəlbimdə nübar yazımsan,
Hamıyla görüşdüm, bir sən qalmısan,
Bunu bilməyirdin dünənə kimi.

Gedirəm düşməndən kamımı alım,
Torpağımı alım, qanımı alım,
Şəhid oğlanların yanında qalım
Göylərdə Allahım bilənə kimi!

Qardaşım da mənsiz durammayacaq,
Anamın göz yaşı dayanmayacaq.
Atam ölümümə inanmayacaq,
Tabutum çiynində gedənə kimi.

Bu sözləri yazdığı vərəqəni də təzə kostyumunun cibinə qoydu.


Səhər açılanda isə nənələri Ceyran, Səkinə ilə, babası Rəhmanla, atası Nadir, qardaşı Namiq, bacısı Ceyranla, onu yola salan hamıyla görüşüb “mən əsgər gedirəm ana” deyib, yola çıxdı.


Yavaş-yavaş əsgərlik həyatının qanun-qaydalarına da öyrəndi. Qonşu Göylər kəndindən olan Elşən Səmədov da onunla bir hərbi hissəyə düşmüdü. İki şamaxılı bir yerdə olanda bir-birinə “qadoyalım, başuva dönüm” deyərlər. Beləcə bir-birinə arxa olub, hərbin sirlərini öyrənməyə başladılar.


Noyabrın 15-də andiçmə mərasimi oldu. Bütün qohum-əqraba yığışıb, Tərtərə getdi. Nazim hərbi hissədən 8 nəfər əsgəri də özü ilə gətirdi qohum-əqrabanın yanına. Süfrə açdılar, yedilər-içdilər, güldülər-danışdılar. Hərbi hissənin komandiri də hərdən gəlib nəzakət xatirinə valideynlərə baş çəkir, onların arzu-istəklərini soruşurdu. 
Atası Nadir oğlunu soruşanda komandir demişdi ki, “qardaş buradakı bütün əsgərlər mənim balamdır. Nazimin yeri isə bir başqadır. Dağ oğlu ki, dağ oğlu... Şamaxının havası, suyu var canında... nümunəvi əsgərdir. Axıra qədər özünü belə aparsa, tezliklə, ona məzuniyyət də verəcəm...”.  

Nazim Zəkəryayev arada fürsətdən istifadə edib, dostu, rəfiqəsi olan anasını kənara çəkdi, xeyir-dua istəyərək, bildirdi ki, hərbi hissədə kəşfiyyata yazılmaq istəyir. Şahxanım oğluna “yox, sənin kəşfiyyatda nə işin var, əlindən hər iş gəlir, ustasan,  mebel düzəlt, hərbi hissənin sınıx-salxaq işlərini gör” dedi. Lakin Nazim artıq adını kəşfiyyata yazdırmışdı.
Hər görüşün sonunda bir ayrılıq olur. Əsgər balalarını görməyə gələnlər gündüzü axşam edib, geri qayıtdılar.


Qarışıq yuxular görər analar...


Oğlu ilə görüşdən qayıdandan sonra, Şahxanımın yuxuları qarışdı. Tez-tez qarışıq yuxular görməyə başladı. Fevralın axırında isə öz səsinə oyandı. Yuxusunda görmüşdü ki, müharibədir, oğlunu vururlar...


Düz martın 15-nə kimi qarışıq yuxuların bir yozumunu tapmadı. Martın 15-də nümunəvi xidmətlərinə görə Nazim hərbi hissədən 5 günlük məzuniyyətlə mükafatlandırıldı. Və elə həmin gün də evlərinə gəldi. Babası Rəhman o dəqiqə uşağın ayaqlarının altında bir qurban kəsdi. Və həm də əhd elədi ki, qurbanın birini də əsgərlikdə sağ-salamat qayıdanda kəsəcək...


İndi Zəkaryayevlər ailəsinin yaddaşında ən çox qalan o 5 gündür. Həmin 5 gün ərzində bütün qohum-əqrabaya, qonum-qonşuya, dost-tanışa baş çəkdi, hərənin evində 10 dəqiqə oturdu Nazim. Güldü danışdı, şənləndi... 

Nənəsi Səkinə:


- Mən heç bilmədim ki, o uşaq niyə birdən-birə elə böyümüşdü. Kürəkləri genəlmişdi, boy-buxunu artmışdı. Soruşdum, dedi ki, “nənə idmanla məşğul oluram, hərbi hissədə də yeyib-içirik, kef edirik”. Gecəni qoynuma salıb yatırdım. Səhərə qədər qollarımı balınc elədim. Başının altından çıxarmadım. Mən yuxuya getdim. Sonra durub gördüm ki, o hələ yatmayıb.

Həmin gecə Nazim bir yuxu gördü, lakin kimsəyə danışmadı. Yuxunu telefonuna yazdı. İndi susan telefonunun yaddaşında bu sözlər qaldı:

Yuxuda görürəm qurtarır zülm,
Sevdiyim qaçaraq gəlir yanıma.
Az qaldı yuxuda sevincdən ölüm,
Çox şükür dəymədi xudam canıma!

 



Anası Şahxanımın cəmi 37 yaşı var. Heç söz də tapmır balasını öyməyə. Bildiyi sözləri də yadından çıxarıb Nazim.

“Ayın 20-si Nazimi səhər yola saldıq bu qapıdan... getdi qapıya, bir də qayıtdı... bir neçə dəfə gedib-qayıtdı... Elə bil ürəyinə nəsə dammışdı. Ancaq ona dedim ki, bala  özünə yaxşı bax, özünü qoru. Mənə dedi ki, “ana, məndən arxayın olun, mən sizin adınıza ancaq şərəf gətirəcəyəm”. Nazim gedəndən sonra yuxum ərşə çəkildi. Ayın 1-i idi. Bilmirəm nə olmuşdu, o buludlu göylər kimi dolub-boşalırdım. Öz-özümə o qədər ağladım ki...
Axşamüstü bildim ki, dünya qarışıb bir-birinə... Ayın 3-ü bir qohumumuz dedi ki, Tərtər tərəfdə vəziyyət çox gərgindir. Biz də zəng vurduq uşağın komandirinə... Bizdə olan telefon nömrələrinin heç biri cavab vermədi. Belə olanda yoldaşım  durub getdi Tərtər bölgəsinə.

 
Şəhid atası Nadir Zəkryayev:


- Aprelin 3-dən sonra əmim Rəhmanla getdik uşağın olduğu yerlərdə izini axtarmağa. Gördüm deyən olmadı. Nə ölü, nə diri siyahısında tapdıq. Ayın 9-u uşağı tabutda gətirdilər ki, götürün oğlunuzu.  Belimi sındırdı, ümidlərimi yerlə-yeksan etdi. Hər sözümü-sirrimi bölürdüm, məsləhət alırdım. Sənətimi öyrətmişdim ona. Hər işi səliqəli idi. Ağac-taxta parçasına bir naxışlar atardı ki... nə iş görsə gözəl alınırdı. Mənim arxam-köməyim idi.

Nadirin söhbətini dinlədikcə Şirvan aşıqlarını xatırladım. Qulağıma Aşıq Şakirin, Aşıq Əvəzxanın səsi gəldi. Şair Hüseyn Cavanın məşhur “Maral” mahnısıni oxuyanda min bir naz-nemətlə, min bəzəklə səsləri ilə simlərin harmoniyasını yaradıb, neçə yaraya məlhəm olmuşdular, həzin-həzin oxuyub neçə ürək dağlamışdılar:

Cavanam bir diləyim var,
Elim ,arxam, köməyim var.
Sulardan saf ürəyim var,

Mən çökmərəm dizə maral.
Gəlməyəsən gözə maral.

 

“O şəhid oldu ki, Vətən yaşasın”

Babası Rəhman Zəkarayev:


- Hə... ağır günlər oldu. Ayın 3, 4, 5, 6-sı Tərtərdə, cəbhə bölgəsində olduq. Ürəyimə dammışdı. Ancaq inanmaq istəmirdim. İnsanlarda böyük ruh yüksəkliyi gördüm. Hamı maşınlara yığışıb vuruşmağa, torpaqları azad etməyə getdirdi. Gedəni də üzü bəri qaytarırdılar ki, hələ könüllülərə ehtiyac yoxdur. Millətimiz bir oldu, əsgrlərimiz düşmənə, dünyaya gücünü göstərdi.
Nazim bir başqa bala idi. Aramızda  pərdə var idi. Mənə söz deyəndə də çəkinə-çəkinə deyirdi. Müharibənin öz qanunları var. Oğulu Vətəni müdafiə etmək, qorumaq üçün böyüdürük. O günü Şamaxıya həm də qohumumuzun oğlu Elşənin tabutunu gətirmişdilər.  Azərbaycan bayraqlarına bürünmüşdü küçələr. Şirvanda qalibiyyət bayraqları ucalmışdı. Biz o xəbərin acıyıq, biz Qələbə möhtacıyıq.
El-oba tökülüşüb gəldi, çox böyük ehtiramla, hörmətlə oğlumuzu dəfn etdik. Allah millətimizdən, dövlətimizdən razı olsun. Bu qədər təntənə ilə, şəst ilə qapımıza gəlib, uşağımıza şərəf verdilər. Ancaq uşağımız da elə Vətənə şərəf oldu. Nazim başqa cür ola da bilməzdi. Onu biz halal çörəklə böyütmüşük. Halaldan haram bitməz. O şəhid oldu ki, Vətən yaşasın, gərək sona qədər gedəydilər...
Ümid edirəm ki, gedəcəklər...

Nazim Zəkəryayevin tabutu çiyinlərdə  tarixlərə şahid Cümə məscidinə qədər getdi. Cümə məscidinin həyətində adına el namazı qılındı, şəhadətinə dualar oxundu.

Bu həmin Cümə məscidi idi. Uzaq olmayan 1914-1918-ci illər... O zaman ermənilər ingilislərin, rus çarının  sifarişi ilə divan tutmuşdular Şamaxıya, Şirvana. Əldə həmişə alət olan erməniləri ingilislər, ruslar aldadıb demişdilər ki, Şeyx İbrahimxəlilin yurdu Şamaxının açarını onalara verəcəklər... Qırğın başlamışdı... türkün qanı su yerinə axmışdı bu küçələrdə. Hamilə gəlinlərin diri-diri qarnını cırıb, körpələrini bətnindən çıxarmışdılar. Qaynar samovarları qadınların belinə bağlamışdılar. Qara-qara hörüklərındən tutub bu küçələrlə bir sürümüşdülər, kişilərin başını arvadlarının, uşaqlarının gözü qarşısında kəsmişdilər, türk  insanlarını qanına qəltan edib, ailələrin kökünü kəsmişdilər. Günahları türk olmaları idi.  
Ancaq lap elə o vaxtlar da rusun, ingilsin havadar durduğu erməniyə şirvanlılar divan tutmuşdular. Cavablarını vermişdilər. Dərd onda idi ki, erməninin havadarları güclü idi. Çünki ingilisi də, rusu da bilirdi ki, türk güclənsə, Azərbaycan bir şirin tikə kimi əldən gedəcək. Həmin o günlərdə, aprel ayının 15-nə kimi Şamaxıda qırğınlar oldu. Türkləri, şirvanlıları bu Cümə məscidinə yığıb od vurdular. Allahın evi zəbana gəldi, Allah o gecə müsəlmanların səsini eşitmədi. Yandırdılar, öldürdülər şamaxılıları...  Sonra Nuru Paşa öz dəstəsi ilə köməyə gəldi. Dadımıza yetişdi. Türk  qisası qiyamətə qoymaz ki...  




2016-ci il. Yenə aprel günləri idi... Tarix bəzən təkrarlanır. Bu aprel günlərində  gənc oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda şirin canlarından keçdilər. Nazimi “Vətən sənə canım fəda!” sözləri, alqış sədaları ilə Şamaxı torpağına, o müqəddəs övliyaların yatdıqları torpağa əmanət etdilər. Onun dəfnində dünyanın bir çox ölkələrindən - Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan tarixçi alimlər iştirak edirdilər. Onlar Şamaxıda keçirilən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfransa dəvət olunmuşdular. Lakin qonaqlar daha möhtəşəm bir anın şahidi oldular. Nazimin və Elşənin məzarı başında olan coşqu, şəhidini alqış sədaları ilə torpağa əmanət etmək kmi bir təntənə gördü alimlər. Bu təntənənin, bu Vətən sevgisinin qarşısında çaıb qalmışdılar. Ancaq alim sözü dəyərlidir. O şəhid balaların məzarı üstündə SÖZ diyarı Şirvanda söz dedilər, Tanrıdan onların ruhlarına kömək olmağı arzuladılar. Və tarixi bir həqiqətin, günün şahidi oldular. 2-5 aprel günlərində  öz tarixi torpaqlarını düşmənlərdən azad etmək arzusu ilə irəli atılıb QALİBİYYƏT qazanan əsgərlərimiz Azərbaycanın eşidilməyən səsini dünyaya yaydılar, onlar öz qanları, canlarını qurban verməklə dünyanı dolanan xristian hiyləsini, rus və erməni siyasətinin yalanını üzə çıxardılar.

19 yaşlı şəhid balamızın həyat hekayətini özünü şairlər, söz xiridarları sırasına qatmaq istəyən, lakin o sıraya düşməyə cürət etməyən, şeirlərini cırıb tullayan şair Nazim Zəkarayevin daha bir şeiri ilə tamamlamaq istəyirəm:

Böyüyə, kiçiyə hörmət elədim,
Allaha inandım, niyyət elədim.
Altı ay Vətənə xidmət elədim,
Torpaqdan yaranıb, torpağa döndüm.

Yol tapdım  düşmənin gizlin  izinə,
Şəhidlik zirvəsin seçdim özümə.
Cənnətin qapısın açıb üzümə,
Şirvana Üçrəngli bayraqla döndüm.

Aida Eyvazlı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi