Modern.az

Səfir: “Azərbaycandakı turizm şirkətlərinin üzərinə məsuliyyət düşür” - MÜSAHİBƏ

Səfir: “Azərbaycandakı turizm şirkətlərinin üzərinə məsuliyyət düşür” - MÜSAHİBƏ

16 İyun 2016, 11:00

Suzan Cəmil: “Misir SOCAR-dan cavab gözləyir”

 

Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. 

 

- Bildiyimiz kimi, 2011-ci ildən bəri Misirdə iki dəfə hakimiyyət dəyişikliyi oldu. Bu da təbii ki, bu Misir iqtisadiyyatının geriləməsinə səbəb oldu. Bəs bu dəyişikliklər Misir-Azərbaycan münasibətlərinə hər hansı formada təsir etdimi?

- Ümumilikdə Misir dövlətinin xarici siyasətində heç bir dəyişiklik olmayıb, inqilablar diplomatik siyasətə təsir göstərməyib. Misir dövlətinin inqilabdan qabaqkı siyasətinin də əsas məqsədi xarici dövlətlərlə əlaqələri möhkəmləndirmək idi. İnqilabdan sonra da bu proses davam etdi.

Çünki Misirdə baş verən inqilab hakimiyyətin xarici siyasətinə qarşı deyildi. Həmin inqilab daxili siyasətin əleyhinə idi. Misir inqilabının şüarı ictimaiyyətə ədalətin verilməsi idi. Xalqın tələbi bundan ibarət idi ki, ədalət, azadlıq və normal yaşayış təmin olunsun. Azərbaycanla Misir arasında əlaqələr həmişə - inqilabdan əvvəl də, sonra da möhkəm olub.

 

-Misir hər zaman ərəb ölkələri arasında əsas təsir gücünə malik dövlətlərdən biri olub. Bəs sizcə, Misir əvvəlki gücünü saxlaya bilibmi?


- Misir həmişə ərəb ölkələrinin, ümumiyyətlə ərəb regionunun vuran ürəyi olub. Ərəb dövlətləri Misiri “Böyük qardaş” adlandırıblar. Hər bir dövlətin özünün xarici siyasəti bir neçə mərhələdən ibarətdir ki, onun da birincisi diqqətlilikdir. Ərəb dövlətləri, ərəb regionu Misirin birinci diqqət yetirdiyi ərazilərdir. İraq qoşunları Küveytə daxil olduğu vaxt Misirin rolu böyük oldu. Belə ki, Misir Silahlı Qüvvələri həmin döyüşlərdə iştirak etdi. Həmçinin Misir Yəmənin azadlığı uğrunda səhra döyüşlərində də öz qüvvələri ilə iştirak etdi. Suriyadakı böhranla əlaqədar olaraq Misir bir çox suriyalı qaçqını qəbul etdi. Suriya böhranının müzakirəsinə dair Vyana konfransında da iştirak elədi. Yəni Misirin rolu inqilabdan əvvəl də, sonra da ərəb dövlətlərini dəstəkləməkdə davam edir və bu siyasət davam etdiriləcək.

 

- Misirdə “Müsəlman qardaşları”nın hakimiyyətə gətirdiyi Məhəmməd Mursi devriləndən sonra Qahirə ilə Ankara arasında diplomatik gərginlik oldu. Bu gün Misir-Türkiyə əlaqələrində hər hansı bir inkişaf varmı?

- 2013-cü ilin iyul ayında Misir  xalqı “Müsəlman qardaşları”nın hakimiyyətini ləğv etdi. Həmin dövrdə Türkiyə ilə Misirin çox yaxşı əlaqələri var idi. İndi də bu əlaqələr yaxşı vəziyyətdədir. Lakin Türkiyə tərəfi “Müsəlman qardaşları” təşkilatının Misirdə hakimiyyətdə qalmasının tərəfdarı oldu. Misir isə bu addımı Türkiyənin onun daxili işlərinə qarışması kimi qiymətləndirdi. Türkiyə “Müsəlman qardaşları”nın bəziləri ölkədən çıxıb qaçdığı vaxt onlara sığınacaq verdi.

Rəcəb Tayyib Ərdoğan da Misirə qarşı bəyanatla çıxış etdi. Bu isə son nəticədə iki dövlət arasında əlaqələrin zəifləməsi ilə nəticələndi. Lakin buna baxmayaraq, iki dövlət arasında əlaqələr kəsilməyib. Belə ki, Ankarada bizim səfirliyimiz, İstanbulda isə Konsulluğumuz fəaliyyət göstərir, həmçinin Türkiyənin səfiri də Qahirədədir. İqtisadi-ticari əlaqələr var. Misir xalqı Türkiyəyə səyahət edir. Hesab edirik ki, gələcəkdə iki ölkə arasında əlaqələr daha da yaxınlaşacaq.

 

-SOCAR rəhbərliyi Misirdə yerləşən zavodların səhmlərini almaq istəyir. Bu istiqamətdə danışıqlar davam edir? Proses hansı mərhələdədir?

 

-Bizdə olan məlumata görə, 2015-ci ilin noyabrında SOCAR prezidenti Misirə səfər edib. Rövnəq Abdullayev orada baş nazir Şərif İsmayıl da daxil olmaqla Misir rəsmiləri ilə görüşüb. Danışıqların əsas mövzusu SOCAR-ın Misir bazarına daxil olması və ora investisiya yatırılması məsələləri olub. Onu da demək istəyirəm ki, SOCAR Süveyş kanalı regionuna investisiya yatırmağı planlaşdırır. Hələlik bu görüşlə bağlı konkret heç nə yoxdur. Lakin Misir tərəfi öz təkliflərini SOCAR-a təqdim edib və bu şirkətdən cavab gözləyir.
 

- Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?

 

-Azərbaycan və Misir arasında ticarət əlaqələri 2010-cu ildə ən yüksək səviyyəyə çatıb. Misir Azərbaycandan ən çox neft və qaz məhsulları idxal edir. Azərbaycan isə Misirdən qida məhsulları və tibbi ləvazimatlar idxal edir. İnqilabla əlaqədar olaraq 2011-2014-cü illərdə Misirlə  Azərbaycan arasında ticarət dövriyyəsi göstəricisi aşağı düşüb. Biz iki ölkə arasında əlaqələri genişləndirmək istəyirik. Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır.

Əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların Azərbaycanda istehsal edilməsidir. Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar.

Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan “ADMA”nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. 14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq. Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcmi 187 milyon dollardır. Bu ilin noyabr ayında Qahirədə Azərbaycan-Misir hökumətlərarası komissiyasının dördüncü iclasının keçirilməsi nəzərdə tutulub. Biz Azərbaycan tərəfini bu barədə məlumatlandırmışıq və rəsmi Bakıdan cavab gözləyirik. Bu komissiyanın iclasları artıq 9 ildir ki keçirilmir. Bu iclasların bərpa olunması iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

 

- Qısa zaman kəsiyində Misir Hava Yollarına məxsus 2 təyyarə ilə bağlı hadisə dünya gündəmini silkələdi. Şarl De Qoll hava limanından Qahirəyə uçan təyyarə qaçırıldı, bundan əvvəl isə Şarm Əl-Şeyxdən Rusiyaya uçan təyyarə partladıldı. Nə baş verirdi? Bu olanların bir-biri ilə əlaqəsi vardımı?

 

-Terror dünya miqyasında pislənilən bir şeydir. Bunu bir dövlətə aid etmək olmaz. Misir isə terrordan əziyyət çəkən dövlətlərdəndir. Rusiya təyyarəsinin qəzaya uğramasına gəldikdə isə bunu bir neçə dövlət terror aktı kimi tanıdı. Amma hələ son olaraq nəticələr elan olunmayıb.

Şarl De Qoll hava limanından qalxan təyyarənin qəzaya uğramasına gəlincə, bu istiqamətdə araşdırmalar gedir. İki “qara qutu” üzərində araşdırmalar aparılır. Biz müəyyən məlumatlar əldə etmişik. Amma son nəticələrə gəlib çıxmaq üçün uzun vaxt lazımdır. Fərz edək ki, bu hadisələr terror aktıdır.

Qeyd edim ki, nə Şarl De Qoll, nə də Şarm Əl-Şeyx aeroportu terrordan sığortalanıb. Nə olursa-olsun, heç kim deyə bilməz ki, təhlükəsizliyi 100 faiz təmin edəcək.

Nə Rusiya, nə Amerika, nə də Türkiyə. Görürsünüz ki, ABŞ-da, Türkiyədə terrorlar törədilir. Biz yalnız bu hadisələrin arxasında nələrin durduğunu deyə bilərik. Sinayda Rusiya təyyarəsinin qəzaya uğraması Misirlə Rusiya arasındakı əlaqələrin pisləşməsi üçün idi. Həm də qeyd edim ki, bunu, Rusiyanın Suriya siyasətinə cavab olaraq qiymətləndirmək olar.

Bəlkə də Rusiyanı Suriya ilə bağlı siyasətinə görə cəzalandırmaqdan ötrü belə addım atdılar. Eyni zamanda bunu Misir-Fransa əlaqələrinə də aid etmək olar. Belə fikirlər var ki, təyyarənin qaçırılması Misir-Fransa əlaqələrinə zərbə vurmaq üçün idi. Amma bizim əlaqələr normal şəkildə inkişaf edir. Bütün dünya dövlətləri terrora qarşı çiyin-çiyinə mübarizə aparmalıdır. Hansı dövlət “bizdə terror ola bilməz” deyirsə, o xurafata uyur. Azərbaycanda da bir müddət bundan əvvəl Nardaranda terrora cəhd baş vermişdi.

 

- Son zamanlar Azərbaycandan Misirə gedən turistlərin sayında artım var. Bəs əks istiqamətdən bizə gələnlər barədə bir statistika varmı?

 

- Misirin məlum hadisələrdən sonra turizm imkanları zəifləməyə başladı. İndiki vəziyyət 2010-cu ildəki səviyyə ilə eyni deyil, tamamilə fərqlidir. Amma biz bu  vəziyyətə təslim olmaq istəmirik.

Buna görə də, Misir yeni bazarlara giriş etmək istəyir. Buna misal olaraq, Azərbaycanı göstərmək olar. Turizmin əlaqələrinin inkişaf etməsinə dair onu demək istəyirəm ki, Misirə turizm səfərlərini təbliğ edirik.

Aprel ayında Misirin turizm nümayəndə heyəti Azərbaycana, Gürcüstana, Qazaxıstana səfər etdi. Bu ölkələrdə danışıqlar apardılar. Biz çalışırıq ki, region ölkələrindən Misirə gələn turistlərin sayı çoxalsın. Bu ziyarət əsnasında, Azərbaycan-Misir biznes forumu təşkil olundu.  3 iyundan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa uçuşlar başlayıb.

Misirdən turist axınının güclü olmasına görə isə Azərbaycandakı turizm şirkətlərinin üzərinə məsuliyyət düşür.

 

Bunu onlar etməlidirlər. Mən belə təsəvvür edirəm ki, Misir xalqında Azərbaycan haqqında  təsəvvür azdır. Hesab edirəm ki, Azərbaycanın Qahirədəki səfirliyi də belə bir tədbirlər təşkil etsin və Azərbaycan şirkətlərini Misirə dəvət etsin. Məqsəd isə Azərbaycanı tanıtmaq olsun. Misir şirkətləri gələndə, Azərbaycan tərəfinə həm uçuş, həm də otel qiymətləri üçün əlverişli qiymətlər təklif etdilər. Azərbaycan tərəfinin turizm şirkətləri də eyni şeyi etsələr, yaxşı olar. Əlbəttə, Azərbaycanda əksəriyyət bilir ki, Misirdə Şarm Əl-Şeyx kimi gözəl bir turizm şəhəri var. Misir xalqı da bilməlidir ki, sizdə Gəncə, Şahdağ, Qəbələ də var.

 

 - Terrora qarşı mübarizədə ABŞ da, Rusiya da mübarizə aparır. Amma hər iki dövlət bir-birini ittiham edir. Maraqlıdır, Misir özünü bir-birini təqsirləndirən tərəflərin hansının yanında görür?

 

- Rəsmi şəkildə, nə ABŞ, nə də Rusiya bir-birini terrorçuluqda ittiham edir. Hər iki dövlət İŞİD-ə qarşı mübarizə aparır. Amma bu, istənilən səviyyədə deyil. Rəsmi Qahirə bir-birinə əks olan tərəflərin hansınınsa yanında olmağa üstünlük vermir. Biz həm Rusiya, həm də ABŞ-la əməkdaşlıq edirik. Bundan əlavə, Misir terror zehniyyətini dağıtmaq üçün səy göstərir. Çünki, terroru təkcə silah gücünə ayaqda saxlamırlar. Həmçinin, dini komitələr vasitəsilə dini ekstremizm əleyhinə mübarizə aparmaq lazımdır.

Misirdəki Əl-Əzhər Universiteti həmin sahədə böyük nailiyyətlər əldə edib. Bilirsiniz ki, bu qədim təhsil ocağı ən böyük sünni müəssisəsidir. Tarixə düşəcək, bir şey Əl-Əzhərin imamının Vatikana səfəri olacaq. Vatikanla Əl-Əzhərin birgə əməkdaşlığı din haqqında pis təsəvvürləri aradan qaldıracaq.

Misir silah tədarükü sahəsində də qarşılıqlı əlaqələr yaradır. Həm Amerika, həm də Rusiya ilə. Misir Fransadan iki böyük təyyarədaşıyan almaq niyyətindədir.
 

 

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Misirin konkret olaraq mövqeyini bilmək istərdik.


- Misir BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini dəstəkləyir. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Rəsmi Qahirə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların səylərini dəstəkləyirik.

 

- Bu sualıma xahiş edirəm səmimi cavab verəsiniz. Azərbaycan xoşunuza gəlirmi?

- Mən çox xoşbəxtəm ki, diplomatik karyeramı Azərbaycanda başa vuracağam. Mən sizin ölkəni çox sevirəm. Yeməkləriniz, adət-ənənələriniz çox gözəldir...

 

Aqşin KƏRİMOV

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir