Modern.az

"Ermənistan əsir və girovlarla bağlı məlumatları gizlədir"

"Ermənistan əsir və girovlarla bağlı məlumatları gizlədir"

16 İyun 2016, 12:57

“Bu il aprelin 2-5-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin “18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar təşkil etdiyi dinləmələrdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Komissiyanın katibi qarşı tərəfə verilən meyitlərdən də söz açıb:

“Həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin geri meyiti alınıb”.

Onun sözlərinə görə, hazırda İşçi Qrupu Ermənistanın insan haqlarını pozması məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirməyə çalışır:

“Bu məqsədlə GUAM-a da müraciət edilib. GÜAM-da İşçi Qrupun yaradılması da nəzərdə tutulub. Hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir. Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir. Bununla belə, Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.

İ.Axundov deyib ki, işğalçı Ermənistan dövləti tərəfindən Kəlbəcər rayonunda girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində aidiyyəti beynəlxalq təşkilatlarla işlər davam etdirilir.

 İsmayıl Axundov bildirib ki, Komissiya saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir və girov götürülən şəxslərin, eyni zamanda meyitlərin qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim olunmasını təklif edib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən məsləhətləşmələr aparılr.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir