Modern.az

“Gücümüzü Azərbaycanın təbliğinə sərf etməliyik” - MÜSAHİBƏ

“Gücümüzü Azərbaycanın təbliğinə sərf etməliyik” - MÜSAHİBƏ

17 İyun 2016, 10:47

Bu yaxınlarda nəşrə başlamasının 9 yaşını qeyd edən Azərbaycanda fransızdilli yeganə mətbu orqan olan “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi və baş redaktoru,  www.lecarrefour.az  saytının rəhbəri Zeynab Kazımova Modern.az saytına danıçıb. Onunla müsahibəni təqdim edirik.

 

- Zeynab xanım, Azərbaycan jurnalistikasının, mediasının bu günkü beynəlxalq əlaqələrini necə qiymətləndirirsiniz?

 

- Bu gün mediamız öz xarici əlaqələrini genişləndirməyə can atır. Mən ölkədə yeganə fransızdilli nəşr olan “Le Carrefour”(Yol qovşağı) qəzetinin fransızdilli media ilə əməkdaşlığından söz aça bilərəm. “Le Carrefour” qəzeti beynəlxalq əməkdaşlığa önəm verərək öz gücü daxilində bu istiqamətdə addımlar atır. Belə ki, bizim Fransanın TV5 Monde kanalı ilə, Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əlaqələrimiz var, əməkdaşlıq istiqamətində müəyyən yazışmalar da aparmaqda davam edirik. Bu qurumlarda Azərbaycanın fransızdilli “Le Carrefour” qəzetini tanıyırlar. Ümumilikdə götürsək, bu gün Azərbaycan mediası xaricə çıxış üçün çalışır. Istər televiziya, istər yazılı mətbuat və elektron media, ayrı-ayrı informasiya agentlikləri, saytlar müxtəlif dillərdə informasiya verməklə buna can atırlar. Lakin xəbərlərin tərcüməsinin verilməsi hələ ki beynəlxalq aləmə çıxış sayıla bilməz. Biz bilməliyik ki, oxucumuz öz dilində nə oxumaq istəyir? Onu nə maraqlandırır? Öz auditoriyamızın “rəğbətini” əldə etdikdən sonra biz də ona artıq “ürəyimizi aça” bilərik. Xalqımızın başına gətirilən faciələrdən, Ermənistanın işğalçılıq siyasətindən, bütün digər məsələlərdən danışa bilərik, gücümüzü Azərbaycanın təbliğatına sərf etməliyik. Buna görə də düşünürəm ki, ilk növbədə, ölkədəki xaricidilli medianın bu sahədə üzərinə daha çox iş düşür və bu işin öhdəsindən bu media daha keyfiyyətli gələ bilər. Lakin hazırda xaricidilli media ilə bağlı monitorinq və ya hansısa araşdırma aparılmadığı üçün və xüsusilə də, bu profilli mediaya müvafiq qurumlar tərəfindən dəstəyin olmadığı üçün bunu tələb etmək də çətindir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, xaricə daha çox çıxış imkanının yaradılması üçün ölkəmizdə xaricidilli medianın fəaliyyətinə maddi-texniki baza və dəstək verilməlidir.Təsadüfi deyildir ki, bu il iyunun əvvəlində Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında Prezident İlham Əliyevin nitqində vurğuladı ki, bu gün xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. “Bizim xarici mediaya çıxışımız çox məhduddur. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə iş aparılmalıdır”.

 Ümidvaram ki, cənab Prezidentin hər zaman bu sahə ilə bağlı vurğuladığı, xüsusi önəm verilməli olan bu məsələlərə yaxın vaxtlarda diqqət ayrılacaq.

 

- Azərbaycanda ölkəni xarici KİV- də, mediada təmsil edə biləcək jurnalistlərin sayı yetirincədirmi?

- Beynəlxalq media, xarici KİV dedikdə, ilk ağıla gələn assosiativ olaraq yaranan fikir xarici dil biliyidir. Təbii ki, bu heç də hamısı deyil, sadəcə ilk təəssürat, fikir bu olur. Azərbaycan mediasında isə xarici dil bilən peşəkar jurnalistlərin sayı azdır. Bu gün qarşıya çıxan birinci çətinlik budur. Xarici mediada çalışmaq və ya xaricidilli KİV-i təmsil etmək üçün jurnalist ən azı bir xarici dil bilməlidir. Sözsüz ki, biz öz dilimizi sevməliyik və bu, bizim müqəddəs borcumuzdur. Lakin xaricə çıxış üçün jurnalistə xarici dil mütləq lazımdır, o, ən azından təmsil etdiyi medianın ünvanlandığı ölkənin dilini bilməlidir. Bildiyiniz kimi, dil həm də mədəniyyətdir, tarixdir, xalqın adət-ənənəsi, yaşam tərzi və düşüncəsidir. Prezident İlham Əliyevin dediyi kimi, biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcək və həqiqətləri çatdıracaqlar.  Bu gün ölkəmiz üçün, mediamız üçün vacib olan məsələ məhz belə kadrların yetişdirilməsi və Azərbaycanın təbliğatı olmalıdır.

 

Azərbaycandakı xarici dilli jurnalistlərin peşəkarlıq səviyyəsi qane edicidirmi?

 

- Bu çox müzakirə olunan və mübahisə doğuran məsələdir. Çünki dil mütəxəssisi olmaq jurnalist olmaq deyil. Azərbaycanda peşəkar dil mütəxəssisləri, dili mükəmməl bilən kadrlar var, lakin onlar jurnalist olaraq yetişməyiblər, bu da sırf jurnalistika nöqteyi-nəzərdən çətinlik yaradır. Və yaxud xaricdə təhsil alan, həmin ölkədə yaşayaraq xarici dili mükəmməlləşdirən şəxslər var. Lakin təəssüf ki, bəzən onların adi xəbər yazmağa bacarığı çatmır. Bu baxımdan, bizə məhz yaza bilən və xarici dili bilən peşəkar jurnalistlər lazımdır. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibəsi anlayışı mövcuddur, bu.artıq bir alət, bir silah rolunu oynayır.

 

- Bir jurnalist xarici mediada çalışa bilmək üçün hansı özəl üstünlüklərə malik olmalıdır ?

 

- Dil biliyi ilə yanaşı, fikrimcə, jurnalist xarici mediada və ya xaricidilli mediada çalışarkən, ilk növbədə, obyektivliyini itirməməlidir, çünki o, jurnalistdir. Həm də öz ölkəsini yüksək səviyyədə təmsil etməlidir. Bunun üçün isə, çoxlu bilik, dünyagörüşü olmalıdır. Xarici mediada və ya xaricidilli mediada çalışmaq diplomatik korpusda çalışmaqla eynidir, fikrimcə. Çünki bu, bir məsuliyyətdir. Sən hər sözün, hər hərəkətinlə artıq təkcə özünü deyil, öz ölkəni təmsil edirsən. Vətənpərvər olmaq lazımdır. Məlumdur ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə edirlər və orada təmsil olunurlar. Bu, artıq faktdır. Xüsusilə Qərbi Avropa ölkələrində, o cümlədən Fransada belə hallar  çoxdur. Doğrudur, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaəqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada Azərbaycanın təbliğatı üçün çox böyük işlər görülür. Azərbaycan mədəniyyətinin təbliği, ölkəmizin tanıdılması üçün fransızların marağına səbəb ola biləcək müxtəlif səpkili tədbirlər hər il keçirilir. Bununla yanaşı, Fransa mediası ilə birbaşa əlaqələr qurmaq, əməkdaşlıq etməklə media sahəsində bu əlaqələri genuişləndirməliyik. Fransızdilli media olaraq biz buna hər zaman hazırıq. Lakin dövlət dəstəyi belə məsələlərdə çox mühümdür. Ona görə ki tariximizi bilən, Vətənini sevən, xaricidilli və əsl peşəkar kadrlar bu istiqamətdə işləməlidirlər. Buna ehtiyac var.

 

- Beynəlxalq jurnalistika təhsili verən təhsil müəssisələri hansı özəlliklərə malik olmalıdır ?

 

- Bu ixtisas üzrə təhsil bir qədər fərqli aspektdə tədris olunmalıdır. Belə ki, xarici dil öyrədilməli, həm də Azərbaycan tarixi, mədəniyyəti, dünya siyasəti, geopolitika, fəlsəfə, məntiq, diplomatik protokol kimi fənlər tədris olunmalıdır. Bizə o vaxt beynəlxalq hüquq və diplomatik protokol fənləri tədris olunmuşdu. Həmin vaxt bəlkə də biz bu fənlərin bir jurnalist üçün gərəkli olacağını tam dərk etdmirdik, sadəcə fənn olaraq oxuyurduq, təbii ki. Şəxsən mən fəaliyyətimlə əlaqədar olaraq səfirliklərdəki qəbullarda, bəzi dövlət tədbirlərində, xaricdə olan zaman bu fənnin tədrisinin xaricidilli mediada çalışan və ya beynəlxalq təcrübəyə malik olmaq istəyən jurnalist üçün vacib olduğunu gördüm. Humanitar hüquq öyrədilməlidir. Burada münaqişə və müharibə zonalarında onların öz peşə fəaliyyətini yerinə yetirərkən jurnalistlərin davranış qaydaları, üzləşdiyi halları jurnalistlər nəzəri cəhətdən öncədən bilməlidirlər. Ən əsası isə, nəzəriyyə mütləq təcrübə ilə vəhdətdə olmalıdır. Mən Parisdə stajda olarkən Parisin meri meriyanın qarşısında KİV üçün brifinq verirdi. Fransa mediasını təmsil edən jurnalistlər yerdə də oturub sualları ünvanlayırdılar, onlar verdikləri sualın cavabını mütləq alırdılar. Hazırcavab, məlumatlı və savadlı idilər. Fransız jurnalistlərdən biri deyirdi ki, jurnalist üçün qarşısındakı müsahibin ən birinci vəzifəsi onun sualına cavab verməkdir, həmin şəxs nazir də ola bilər, mer də. Vaxtilə beynəlxalq jurnalistika ixtisası açılanda mən də həmən ixtisası bitirənlərdən biri olmuşam. Təcrübə və həyat göstərdi ki, əslində bunu etmək olar. Hərçənd ki, bizimlə oxuyanların heç də hamısı xarici media ilə bağlı deyil və xaricidilli mediada təmsil olunmurlar. Amma peşəkarlıq baxımından, beynəlxalq jurnalistika ixtisasını bitirənlər özlərini təsdiq edə bildilər. 

 

- Bəs, Azərbaycanın beynəlxalq səviyyəli jurnalistləri yetişmədikcə hansı sahələrdə uduzmuş olacağıq?

 

- Təbii ki, beynəlxalq təbliğat və informasiya müharibəsində uduzacağıq. Bu isə, xüsusilə indiki məqamda bizim üçün heç də xeyirli deyil. Bu ilin aprel ayında cəbhədə baş verən məlum hadisələr zamanı bir daha sübut olundu ki, ermənilər yenə də dünya ictimaiyyətini çaşdırmaqla, müxtəlif media qurumları vasitəsilə yalan təbliğat aparmaqla məşğul oldular. Çünki bu həm də mənfur qonşularımızın dövlət siyasətinin əsas bir hissəsidir. Təəssüf  ki, ilk informasiya beyinlərə daha tez hopur, sonrakılar isə ancaq təkzib xarakteri daşıyır, bu, jurnalistikada belədir. Torpaqlarımızın 20 faizi işğalda olan bir ölkə olaraq biz müharibəni təkcə cəbhədə deyil, mediada aparmalıyıq. Çünki mediadakı müharibə daha “namərdcəsinə” aparılır. Biz 20 ildən artıqdır, erməni yalanları ilə üz-üzəyik. Biz təkzib deyil, ilk informasiyanı beyinlərə yeridək. Beynəlxalq səviyyəli jurnalistlər mütləq yetişməlidir. 

 

Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında İlham Əliyev öz  nitqində bir daha vurğuladı ki, Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. “Diaspor təşkilatları da yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar… Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir”.

 

Tamamilə haqlı olaraq qeyd olunmalıdır ki, biz informasiya dövründə yaşayırıq və bu gün informasiyanın əhəmiyyəti getdikcə daha da artır. Ona görə də,  bu işlər məqsədyönlü şəkildə aparılmalı və səmərəli şəkildə qurulmalıdır. Mən bu istiqamətdə ölkədəki xaricidilli medianın fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda modern.az saytında məqalələrlə çıxış etmişəm. Azərbaycan  haqqında həqiqətə uyğun informasiyaların verilməsi və ölkəmizin təbliğatı üçün bu profilli mediaya dövlət dəstəyinin vacibliyini qeyd edərək, bu sahədə əməli işlərin görülməsini zəruri hesab edirəm. Mediaya bu sahə üzrə dəstək verilməsi çox vacibdir. Xaricidilli medianın fəaliyyətinə dəstəyin verilməsi təşəbbüsünün öz həmkarlarımız tərəfindən dəstəklənməsi, müvafiq qurumların bu istiqamətdə ayrıca layihə üzrə müsabiqə təklifi verməsi də bu yöndə atılmış ilk addımlatrdan biridir. Əminəm ki, bu olacaq.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir