Modern.az

Sən sus, mən susum... Bəs sonra? - Dini yazı müsabiqəsinə SÖZARDI...

Sən sus, mən susum... Bəs sonra? - Dini yazı müsabiqəsinə SÖZARDI...

Ədəbi̇yyat

17 İyun 2016, 11:25

Bu yaxınlarda mətbuatda dini mövzuda yazılmış hekayə müsabiqəsinə yekun vurulması, əsərlərin dyərləndirilməsi törəninin keçirilməsi və orada samballı ziyalılarılarımızın, din xadimlərimizin iştirakı haqqında xəbərlər gözümə dəymişdi. Onlardan biri - Modern.az saytında gənc yazarın “Nəhayət, 700 manatın sahibi tapıldı” başlıqlı yazısı diqqətimi çəkmişdi.


Müəllifin çəkinə-çəkinə yazdığı, fikirlərini tam deyə bilmədiyi o müsabiqənin birinci qalibinin yazısını maraq xatirinə oxudum. Bu yazı içimi qarışdırdı, son illərdə oxşar olayları mənə xatırlatdı.  Və keşməkeşli yol keçmiş ədəbiyyatımızın bugünkü durumuna acıdım... Çünki ədəbi tənqidimiz ədəbi tərifə çevrilmişdir. Son zamanlar belə yazı müsabiqələrində söz sahibi tanınmış  yazıçılar deyil, onu keçirən qurumun məmurları olurlar. Təəssüf ki, tanışbazlıq, yerlibazlıq, qohumbazlıq xoşməramlı təsir bağışlayan belə tədbirlərdə də özünü göstərir. Başqa sözlə, bu xoşagəlməz halların mənim də müqəddəs, kutsal saydığım ədəbiyyata ayaq açması güclənmişdir.


Sözügedən müsabiqədə qalib çıxarılmış “85-ci gün” hekayəsi Məhəmməd peyğəmbərin (s.a.s) Məkkədən Mədinəyə hicrət etməyə məcbur olarkən təqibdən yaxa qurtarmaq üçün mağarada gizlənmələri haqqında məlum hadisəyə uyğun gəlirdi. Hekayə rəvan dillə yazılmışdır. Buna ciddi iradım yoxdur. Amma hekayənin birinci abzasındakı gülünc xətalar onun əsl mahiyyətindən xəbər verirdi.


İlk cümlələr: Onlar iki nəfər idilər. Tövşüyə-tövşüyə, dayanıb dizlərini ovuşdura-ovuşdura dağa qalxırdılar. ....Nazik, uzun kölgələri ay işığının altında küləkdən qorunan cavan palma ağacları kimi yellənirdi.


Sonrakı cümlələrdə biləndə ki, hekayənin  “uzun kölgəli” qəhrəmanları hörümçəklərdir, çaş qaldım. Əvvələn, ona görə ki, dilimizdə ancaq insanlara aid olan “nəfər” sözü nə vaxtdan həşəratlara da aid edilir? Belə çıxır ki, bundan sonra heyvanlara da “nəfər” deməliyik. Məsələn, tövləyə iki nəfər eşşək, beş nəfər qoyun, on nəfər hörümçək və milçək təşrif buyurdu.... İkincisi, palma ağacları, bəyəm küləkdən qorunmaq üçünmü yellənir? Bəs yumru hörümçəyin “uzun kölgəsi” necə yellənər?


Daha sonra qoy müəllif də, bu yazıya önəm verən rəyçilər də bilsinlər ki, Ərəbistanda çox geniş yayılmış, meyvəsi ərəblərin, elə bizim də  ləziz qida maddələrindən sayılan ağacın adı bizim dildə “palma” yox,  xurmadır.  Ərəbcə isə ona “təmr” deyirlər. Bunu da bilə bimədim, bəyəm Ərəbistanda ad qəhət idi ki, müəllif  ərəb hörümçəklərini Santyaqo və Manolin adlandırıbdır?  Əgər bu hörümçəklər Avropadan Ərəbistana məxsusi gəliblərsə, başqa məsələ, mən təslim.


Bu yazının başqa qüsurlarından danışmaq istəmirəm. Açığı ilk təəssüratdan sonra 2 və 3-cü yerləri qazanmış yazıları da oxumadım.

Doğrusu, qeyri-obyektivliyi barədə orda-burda danışılan bu qəbildən müsabiqələr məsələsinə mən də toxunmaq istəmirdim. Ən azından sinirlərimi sakit saxlamaq üçün... Çünki ədalət tərəzisinin pərsəngi pozulmuş bu qloballaşan dünyada çox şey baş-ayaq gedir. Dünya öz yerində, biz xalqımızı, ölkəmizi, cəmiyyətimizi hər sahədə yaşıl bir ada kimi qoruyub saxlamalıyıq. Xarici təsir və təhlükələrə, neqativ hallara qarşı yumruq kimi birləşməliyik. Bunun üçünsə, bizə ədalət, obyektivlik, bir-birimizə sevgi gərəkdir, vəssalam!

Fazil Güney

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır