Modern.az

Qasım Tınıstanovun Birinci Türkoloji Qurultayda məruzəsi: “Yeni əlifbaya keçid haqqında”

Qasım Tınıstanovun Birinci Türkoloji Qurultayda məruzəsi: “Yeni əlifbaya keçid haqqında”

17 İyun 2016, 12:23

Buludxan Xəlilov,
 filologiya üzrə elmlər doktoru, professor

Müsəlman aləmində qədim zamanlardan ərəb əlifbası qəbul olunub, ona görə yox ki, o daha rahat sayılır, sadəcə olaraq, ona görə ki, islam dinini türk qəbilələri arasında ərəblər yayıb. Tarixən qırğız  xalqı da ərəblərdən müsəlmançılığı qəbul etdiyi kimi, eləcə də onun əlifbasını götürüb, hansı ki, son dərəcəyə qədər istifadə edib və indiyə qədər də istifadə etməkdə davam edir.

Son zamanlarda əski ərəb əlifbası dəyişdirilib və sadələşdirilib, ancaq sadələşdirilmiş formada da o texniki cəhətdən çox da asan deyil. Hal-hazırda ərəb əlifbasını kökündən dəyişmək üçün yeni yazılış forması əmələ gəlib, yəni üç yazılış forması əvəzinə hər hərfin ortada və axırda yazılış forması atılaraq, öndə yazılış forması qəbul olunub. Bu yaxşı fikirdir, ancaq çox çətin ki, bu dəyişiklik istənilən sadəliyi gətirsin.

            Hal-hazırda istifadə olunan ərəb əlifbası sadələşdirilsə də, buna baxmayaraq, bəzi yoldaşların dediyi kimi, onun bütün çətinlikləri yenə də qalacaq.

            Ərəb əlifbası ilə bağlı olan çətinliklər bizi daha asan və rahat əlifba axtarmağa məcbur edir. Əlifbanı dəyişmək haqqında sual ortaya indi çıxmayıb, 2-3 il bundan əvvəl bu məsələni SSRİ ərazisində yaşayan türk xalqları qaldırıb.

            İlk dəfə olaraq azərbaycanlılar ərəb əlifbasını daha rahat hesab olunan latın əlifbası ilə əvəz etməklə bu yolda ilk addımı atırlar. Hal-hazırda bu məsələ başqa türk xalqları tərəfindən də müzakirə olunur.

            Bu məsələ –  yəni əlifbanın dəyişdirilməsi məsələsi yenilik deyil. Bu haqda əvvəllər də bir neçə dəfə məsələ qaldırılmışdır, ancaq qara camaatın dini fanatizmi türk xalqlarının qabaqcıl adamlarının bu xeyirxah məqsədi həyata keçirməsinə mane olmuşdur.

            Ancaq indi çar əsarətindən azad olduğumuz bir vaxtda biz, həm də, köhnə dini əqidələrdən də azad olmalıyıq. Geridə qalmış xalqın mədəni səviyyəsini qaldırmaq məqsədilə bu məsələyə praktik nöqteyi-nəzərdən yanaşmaq lazımdır.

            Bu qurultaya yığılmış yoldaşlar bu ağrılı məsələyə daha ciddi yanaşmalı və bu məsələni müsbət həll edərək qırğız xalqının da mədəni inkişafına təkan verməlidirlər.

            Bizim üçün yeni olan bu məsələ sizlərdə aşağıdakı sualların yaranmasına səbəb ola bilər:

  1. Latın əlifbası bizə hansı yüngüllüyü gətirə bilər?
  2. Qırğız xalqının savadsız əhalisinin 95%-i bu əlifbanın qəbuluna səs verəcəkmi?
  3. Əgər bütün türk xalqları bu əlifbanı qəbul etməsələr, qohum xalqlar bir-birinin ədəbiyyatından istifadə edə bilərmi?
  4. Latın əlifbasının qəbul edilməsi bizim doğma dilimizin dəyişməsinə təsir etməzmi?

Mən sizin tərəfinizdən təqdim olunmuş bu dörd suala əvvəlcədən cavab verməyə çalışacağam.

Biz latın əlifbasının keyfiyyətlərindən danışmazdan əvvəl, diqqətimizi bizi daha yüngül əlifba axtarmağa məcbur edən ərəb əlifbasının nöqsanlarına yönəltməliyik.

Ərəb əlifbasının nöqsanları aşağıdakılardan ibarətdir:

  1. Ərəb əlifbasındakı çoxsaylı nöqtələrin olması həm yazıda, həm də oxuda çətinlik yaradır və çox vaxt aparır.
  2. Hər hərf üç təsvir formasına malikdir ki, bu da savadlanmanı çətinləşdirir.
  3. Əgər biz buna texniki tərəfdən baxsaq, ərəb əlifbası heç bu cəhətdən də yaxşı deyil.

Latın əlifbasını qəbul etməklə, biz birinci növbədə çoxsaylı nöqtələrdən canımızı qurtarırıq. İkinci, latın hərfləri hər biri ərəblərdə olduğu kimi, ayrı-ayrı yazılır, birləşmir və texniki nöqteyi-nəzərdən də çox yaxşıdır. Məsələn: mütərcim orta hesabla bir gündə 4000 rus hərfi yığırsa, bir gündə 2000-dən çox ərəb hərfi yığa bilmir. (Mən rus əlifbasını ona görə misal gətirdim ki, o latın əlifbasına uyğundur).

Latın əlifbasını nəzərdən keçirəndə biz burda da bir çox çatışmazlıqlarla qarşılaşırıq. Məs.: Əgər ərəb əlifbasında hərflərin üç çəkiliş forması varsa, latın əlifbasında 4 formayla rastlaşırıq; böyük çap, yazılı, kiçik çap və yazılı. Bu cəhətdən latın əlifbası heç də ərəb əlifbasından fərqlənmir və tərifəlayiq deyil. Bunu nəzərə almalıyıq ki, latın əlifbasını qəbul edəriksə, biz bunu sadələşdirməliyik. Bunun üçün biz latın əlifbasından bizə lazım olan sayda hərf (24 hərf) seçməliyik, ancaq bir yazılışda – ya çap, ya da yazılı formasında.

Əgər bunlardan hansının qəbul edilməsinə gəliriksə, mənə belə gəlir ki, yazılı forma daha kara gələndir.

Latın əlifbasındakı bəzi hərflərin şəkli çətinlik gətirdiyinə görə biz bu hərfləri rus əlifbasındakı sadə hərflərlə əvəz edə bilərik.

Bu məsələni müzakirə edərkən sizlərdən bəziləri, yəqin, fikirləşir ki, nə üçün biz elə latın əlifbası əvəzinə rus əlifbasını qəbul etməyək? Xüsusən, ona görə ki, biz SSRİ ərazisində yaşayanlar, hər vaxt ruslarla və onların ədəbiyyatı ilə sıx bağlıyıq. Əlbəttə, bu məsələ üstündə də fikirləşmək lazım gəlir. Biz necə də istərdik ki, ərəb əlifbasını dəyişərkən onu sadələşdirək, hansı ki, avropa əlifbaları da tarixən belə bir yol keçmişdir. Çox mümkündür ki, ərəb və latın əlifbalarının başlıca fərqi və onların müasir formasındakı nəhəng fərqləri yazılış tərzindən və istiqamətindən əmələ gəlmişdir. Biz rus əlifbasını ona görə qəbul etmirik ki, o, latın əlifbasından çətindir. Sadəcə olaraq latın əlifbası bir çox avropa ölkələri arasında və elmdə geniş yayılmışdır, ikincisi, rus əlifbasına keçid savadsız kütlə arasında çaşqınlıq yarada bilər. Bu səbəblərdən ikincisi daha əsasdır və mənə belə gəlir ki, hər bir düşüncəli vətəndaş siyasi əlaqələri nəzərə alaraq rus əlifbasının yox, latın əlifbasının qəbul olunmasına razılıq verər.

İkinci sual bu ola bilər “yeni əlifbanın qəbuledilməsi tez deyilmi?” – bu haqda mən aşağıdakıları deyə bilərəm.

Hər bir sağlam düşüncəli vətəndaş əlifbanın dəyişdirlməsinin məqsədyönlü bir iş olduğunu başa düşməlidir, belə ki, bizim xalqın 95%-i savadsızdır və latın əlifbası ilə onun savadlanması daha asan olar, nəinki köhnə ərəb əlifbası ilə. Əgər biz əvvəllər ərəb əlifbası ilə yanaşı, latın əlifbasını da öyrətsək, xalq özü bunların hansının daha sərfəli olduğunu başa düşəcək və özü təzə fikrin həyata keçməsinə kömək edəcək.

Qırğız ədəbiyyatı müasir dövrdə öz inkişafının başlanğıc mərhələsindədir və elə də çox nəşrə malik deyildir ki, onu təkrar nəşr etmək çətin olsun. Ancaq təzə əlifbanın qəbulu gecikərsə, bu iş daha da çətinləşə bilər.

Yuxarıda göstərilənlər təzə əlifbaya keçid üçün səbəb ola bilər.

Əgər başqa türkdilli xalqlar bu əlifbanı qəbul etməsələr, biz özümüz onu müstəqil şəkildə qəbul edə bilərikmi? – sözsüz qəbul edərik və mən belə fikirləşirəm ki, biz heç nə itirmərik.

Əgər bütün türk xalqları latın əlifbasını qəbul etsəydilər, ədəbiyyatların qarşılıqlı şəkildə istifadəsi daha əlverişli olardı. Buna təkcə tək-tək hərflərin xüsusiyyətləri mane ola bilərdi. Latın əlifbasına keçidlə əlaqədar köhnə ərəb əlifbasını öyrətmək mexanizmi təxirə salınır, hansı ki, indiyə qədər bir çox türk xalqları istifadə edir.

Ancaq əlifbanı dəyişməklə biz türk xalqlarının ədəbiyyatını yaxınlaşdırar və köhnə ərəb əlifbasının mexaniki öyrənilməsindən, onun yazılışındakı texniki çətinlikdən xilas olarıq.

Əlifba insan ağlının məhsuludur, insan tərəfindən yaradılmışdır və insanların bunu dəyişməyə haqları var. Beləliklə, əlifbanın dəyişilməsinin dilə təsirindən söhbət gedə bilməz.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı