Modern.az

“Onların tələblərini yerinə yetiririk, amma…”

“Onların tələblərini yerinə yetiririk, amma…”

17 İyun 2016, 17:05

 

Azərbaycanda 18 iyun insan hüquq və azadlıqlarının müdafiəsi günü kimi elan olunub.

 

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına danışıb.

Onun sözlərinə görə, Azərbaycan o ölkələrdəndir ki, BMT-nin insan hüquqları günü olmasına baxmayaraq bizim ölkədə də bu yadda qalan, diqqət cəlb edən bir gün kimi ayrıca qeyd olunur:

 

“Bu onu göstərir ki, müasir, müstəqil Azərbaycanın, onun Konstitusiyasının banisi Heydər Əliyev bu xarakterli məsələlərə xüsusi diqqət yetirib. Təsəvvür edin ki, Konstitusiyanın maddələrinin təxminən üçdə-biri , 47 maddəsi sırf insan hüquq və azadlıqlarının qorunmasına həsr olunur. Bizdə mətbuat azadlığı, söz azadlığı mövcuddur. Azərbaycanda tolerantlıqla bağlı bütün addımlar atılır. Bu il multikultiralizm ili elan olunub. Azərbaycanda bütün millətlər, xalqlar bərabər yaşaya bilirlər.

 

Qadın hüquqlarının qorunması ilə bağlı ardıcıl və geniş miqyaslı işlər aparılır. İnsan hüquqlarının böyük bir qolu insanların sosial hüquqlarıdır. Yəni insanın təhsil, yaşamaq, sağlamlıq, əlil olarkən sosial müdafiə hüquqları var. Fiziki qüsurlu insanların, uşaqların, 37-yə qədər sosial stratın (qrupun) hüquqları ölkəmizdə ciddi surətdə qorunur. Bütün bu məsələlər üçün ölkə büdcəsindən külli miqdarda vəsait ayrılır”.

 

Deputat bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonra bir sıra çətinliklərlə də üzləşib:

 

“Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, onların tələblərini yerinə yetiririk. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlar öz qərarlarını icra etmirlər. İnsan hüquq və azadlıqlarını layiqincə qoruya bilmirlər. Məsələn, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi qəbul olunub, lakin bu günə kimi onların heç biri icra olunmayıb, ərazi bütövlüyümüz təmin edilməyib. Bizim qaçqın və məcburi köçkünlərimizin bütün hüquqları pozulub. Əmlak, sağlamlıq, təhsil, onlarla digər hüquqları pozulub.

Buna baxmayaraq BMT-də onların heç bir hüquqları bu günə qədər bərpa olunmayıb. Amma Avropa Şurasının da bir sıra sənədləri, qətnamələri var ki, onlarda bu günə kimi icra olunmur.

 

Amma qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsiylə bağlı Azərbaycan çox böyük işlər görür. Onlar çadırlardan köçürülüb, onlar üçün yeni evlər tikilib, onların maddi təminatı ilə bağlı ardıcıl işlər aparılır.

Hazırda Azərbaycanda 530 min əlil var. Onların bütün hüquqları təmin olunub. İnsanların ən böyük hüququ onların əmək hüququdur. Bununla bağlı Azərbaycan dövlətinin Sosial Müdafiə siyasətinin ən prioritet sahəsi məşğulluq kimi təsnif edilir.

 

Azərbaycanda elə addımlar atılır ki, kiçik və orta sahibkarlar inkişaf etdirilsin, iş yerlərinin sayı artsın və adamlarımız daha çox işlə təmin olunsunlar. Bu gün ən ciddi məsələlərdən biri gənclərin işlə təmin olunmasıdır. Digər məsələ özünüməşğulluq məsələləridir.

Biz bütövlükdə insanların mənzillərlə təmin olunmasını daim diqqətdə saxlayırıq və gündəmdə bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq az təminatlı ailələrə yaşayış evləri ayrılması mexanizmləri durur. Sosial evlər bu məsələnin həllində xüsusi rol oynayacaq.

 

Prezidentimizin daim düşündüyü ən başlıca məsələ vətəndaşların güzəranının günbəgün yaxşılaşmasıdır. Azərbaycan ulu öndərimiz tərəfindən bərqərar olunmuş sabitlikdən ötən təxminən on beş il ərzində sosial rifah dövləti qurmaq üçün ciddi addımlar atır. Biz dünyada tolerant, humanist ölkə kimi özümüzü formalaşdıra bilmişik. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər bunun sübutudur.

 

Son hadisələr də ondan ibarətdir ki, Azərbaycanda “Formula 1” Avropa Qramprisi yarışları keçirilir. Bu tədbirlər Azərbaycanın qonaqpərvər olmasına sübutdur. Gələn il İslam oyunları keçiriləcək. Bu oyunlara da dünyanın bir sıra ölkələrindən qonaqlar gələcək.

 

Onların hamısı görəcəklər ki, ölkəmiz necə inkişaf edib, insan hüquqları necə qorunur. Görəcəklər ki, Azərbaycan ayrı-ayrı xalqların xoşbəxt, bütün hüquqları qorunan, rifah içərisində yaşaya bildikləri ölkədir”.

 

Qafar AĞAYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər