Modern.az

Dünya yenidən üzünü Azərbaycana çevirdi...

Dünya yenidən üzünü Azərbaycana çevirdi...

20 İyun 2016, 19:16

Firuzə Nadir

Azərbaycan bu dəfə “Formula-1” üzrə səkkizinci Avropa Qran-pri yarışları ilə dünyanın diqqət mərkəzinə gəldi. Dünya, sözün yaxşı mənasında, yenidən üzünü Azərbaycana çevirdi, ən mötəbər və nüfuzlu idman növlərindən biri olan “Formula-1”-i heyrətamiz Bakının təqdimatında izlədi. Əslində, bu yarışların Azərbaycana həvalə olunması ölkəmizin uğurlarının dünya tərəfindən qəbul edilməsinin təsdiqi idi. Çağdaş dövrümüzdə dünya nizamı üçün əhəmiyyətli meyarlardan sayılan beynəlxalq imic, qlobal mövqe, ölkədə bərqərar olan sabitlik, müasir dünyamızda çox vacib amilə çevrilən təhlükəsizlik, güclü iqtisadi-sosial potensial, qətiyyətli milli iradə, xalqın həmrəyliyi, tolerantlıq, mövcud multikultural ənənələr, zəngin mədəniyyət və mükəmməl infrastruktur, məhz bu uğurları şərtləndirən, Azərbaycanı ideal məkana çevirən səbəblərdir. Və nəhayət, bir il əvvəl tarixin ilk Avropa Oyunlarını böyük uğurla reallaşdıran Azərbaycanın “Formula-1”-ə də yüksək səviyyədə ev sahibliyi edəcəyi heç kimdə şübhə doğurmurdu. Azərbaycan isə “Formula-1” Avropa Qran-prisiilə təkcə gözəl bir idman bayramı, idman tədbiri nümayiş etdirmədi, eyni zamanda dünyaya özünün zəngin tarixi keçmişini və modern inkişafını göstərdi. Göstərdi ki, idman müxtəlif mədəniyyətlərə, dinlərə və dünyagörüşünə mənsub olan insanları bir araya gətirmək, xalqları yaxınlaşdırmaq, tolerantlığı, multikultural dəyərləri və xalqlararası anlaşmanı təbliğ etmək üçün yaxşı vasitə ola bilər. Sübut etdi ki, idmanı, regional və qlobal əlaqələr üçün də bir körpüyə çevirmək mümkündür.


“Formula-1” Avropa Qran-prisiAzərbaycan dövlətinin siyası qüdrətini, iqtisadi gücünü, potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını növbəti dəfə əyani şəkildə dünyaya nümayiş etdirdi. Azərbaycanı dünyanın idman mərkəzlərindən biri kimi təqdim etdi. Bir sözlə, “Formula-1” Avropa Qran-prisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz uğurları tanıtmaq üçün əla fürsət oldu. Dövlətimizin başçısının dediyi kimi: “Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri...”

“Formula-1"-in keçirildiyi məkan şəhər halqası olduğundan milyonlarla insan təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş mədəniyyəti gördülər. Yarışı izləyənlərin çevrəsini də nəzərə alsaq, təbliğatın miqyası milyardlarla ölçülə bilər. Bu möhtəşəm idman yarışları ölkəmizin ona yüksək hazırlığını, Azərbaycanın beynəlxalq nüfuzlu yarışların keçirilməsində yüksək təşkilatçılıq bacarığını, şəhərimizin füsünkar gözəlliyini göz önünə gətirdi. Şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçən, nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası pilotlara və milyonlarla televiziya tamaşaçısına YUNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilən İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini, Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərələri seyr etmək imkanı yaratdı. Bakı qədimliyi və müasirliyi özündə birləşdirən modern şəhər kimi bir daha planetimizin diqqətini özünə cəlb etdi. Görünür, təşkilatçılar trekin marşrutunu seçərkən, məhz bu məqamı da nəzərə alıblar... 


“Formula-1” x
alqımızın qonaqpərvərliyini, milli mətbəximizin zənginliyini, rəngarəngliyini də təqdim etdi, sürətlə inkişaf edən Azərbaycanın dünyada daha yaxından tanınmasına, təbliğinə böyük əlavələr etmiş oldu.


Yarışlardahər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə apardı. Bakı şəhər halqasında Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas kimi məşhur pilotlar yarışdılar. 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izlədi. Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrin pilotlarının mübarizəsini böyük maraqla izləməsi, onlara dəstək olması, qələbəyə ruhlandırması isə xalqımızın daha bir xüsusiyyətini – başqalarının qalibiyyətinə, uğuruna sevinmək mədəniyyətini göstərdi. Yarışlardakı qələbəlik, böyük tamaşaçı kütləsi onu da təsdiq etdi ki, əgər Azərbaycan bir idman ölkəsidirsə, Azərbaycan insanı, sözün həqiqi mənasında, yaxşı azarkeşdir...


“Formula-1”-in möhtəşəm görüntülərini isə tamaşaçılara televiziya kanalları təqdim etdi. Televiziya vasitəsilə ən çox izlənilən idman yarışlarından olan “Formula-1”-in tamaşaçı auditoriyası Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra 3-cü yeri tutur. AzTV və “İdman Azərbaycan” kanalı bir çox nüfuzlu yarışlar kimi, “Formula-1” üzrə dünya çempionatının da ölkəmizdə eksklüziv yayım hüququna malikdir və yarışları tam şifrəsiz, ödənişşiz şəkildə tamaşaçılara təqdim etdi. Hətta ölkəmizdən kənarda da “Formula-1”-i, məhz bizim telekanallarımız vasitəsilə izlədilər. Bu işdə ən çətin yük və məsuliyyət yenə də AzTV və “İdman Azərbaycan” telekanallarının üzərinə düşdü. Hər iki kanal bu böyük tarixi hadisənin mahiyyətini və miqyasını da tamaşaçılara məharətlə çatdıra bildi...


“Formula-1”-in tamaşaçı auditoriyası bütün qitələri, Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrini əhatə edir. Bakı Avropa Qran-prisi 187 ölkədə izlənildi, onu dünyanın 50-dən artıq televiziya kanalı yayımladı. Bu kanallar Bakı Avropa Qran-prisini yayımlamaqla  yanaşı, Azərbaycana həsr olunan çox sayda reportaj və süjet də hazırladılar. Bu isə Azərbaycan həqiqətlərinin tanıdılması deməkdir. Beləliklə, “Formula-1” də, ilk Avropa Oyunları kimi yaddaşlarda qalacaq, Azərbaycanın bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi hələ uzun zaman müzakirə mövzusu olacaq. Maraqlı məqamları, sürət və həyəcanı, mədəni proqramları, ən əsası, Azərbaycan paytaxtının gözəlliyi və möhtəşəmliyi ilə heç zaman unudulmayan tarixə çevriləcək...

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir