Modern.az

İnsanlar bankların yox, banklar insanların ayağına gəlməlidir”

“İnsanlar bankların yox, banklar insanların ayağına gəlməlidir”

Aktual

21 İyun 2016, 11:55

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Sosial biznes-inkişafa gedən yol” adlı beynəlxalq konfrans keçirilib.

Modern.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, təhsil naziri Mikayıl Cabbarov, Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və digər şəxslər iştirak ediblər.

UNEC-in rektoru Ədalət Muradov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verib.

Rektor qeyd edib ki, M.Yunus sosial biznes və makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur və Banqladeşdə yerləşən "Gramen Bankı" və 50-dən çox şirkətin qurucusudur: "Onun davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə "Fortune" jurnalı 2012-ci ilin mart ayında professora "Zəmanəmizə ən böyük təşəbbüskarlarından biri" adını verib. 2006-ci ildə Məhəmməd Yunus və "Gramen Bankı" birgə Nobel sülh mükafatına layiq görülüb. Məhəmməd Yunus 20-dən çox universitetin 55 fəxri adına layiq görülüb. O, 26 dövlətin 112 mükafatını alıb və bu dövlətlərdən 10-u professoru dövlət mükafatı ilə təltif edib".

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edilib: "İlk planda hər zaman insan kapitalı durur. Ölkədə təhsil sistemi insan kapitalının formalaşdırılmasında xüsusi rol oynayır. Azərbaycanın ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya yenidən tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər böyük əhəmiyyət kəsb edir. Sosial biznesin və sahibkarlığın kökündə gəlir əldə etmək dayanmamalıdır. Təhsilin kökü daimi ünsiyyətdədir. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolu danılmazdır. Bu gün tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici haldır. Sosial biznes fəlsəfəsinin cəlbediciliyi cəmiyyəti bütöv və harmonik məhfum kimi görür".

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus isə deyib ki, Azərbaycana ilk dəfədir gəlir: "İlk düşüncəm o idi ki, burada qəribsəyəcəm, amma bunun tam əksi oldu. Burada mənə doğma insan münasibəti göstərildi və bu da məni həyəcanlandırdı. Səmimi münasibətə görə hər kəsə təşəkkür edirəm".

O, həmçinin qeyd edib ki, əksər banklar varlı insanlara üstünlük verir: "Lakin mən bu yanaşmanı dəyişərək kasıb insanların cəlbedicili olduğunu göstərdim. Yaxud da bankların əsas müştərisi kişilər olur. Bunun da əksini edib qadınları bu işə cəlb etdik. Hazırda Banqladeşdə bizim bankımızın (Gramen Bankı) 87 faiz müştərisi məhz qadınlardır. İnsanlar banklara yox, banklar insanların ayağına getməlidir. Bizim 8,5 milyon müştərimiz var. Onların qapılarının ağzında görüşdük və işlərini həll etdik. Ənənəvi banklar zamin olmaqla müştərisinə pul verirlər. Biz bunu da dəyişib girov qoyulmadan kasıb insanlara pul veririk. Amma bunun üçün müştərimizin kasıb olmasını bilməliyik. Təbii ki, bunu da bilməyə ehtiyac duymuruq, çünki biz kasıb təbəqə ilə işləyirik. Kasıb olsalar da verdiyimiz kreditləri 95 faiz olaraq geri ala bilirik. Lakin digər bankların zəngin insanlara verdiyi kreditləri geri almaqda çox çətinlik çəkirlər. Bankımız borcalan qadınlar tərəfindən idarə olunur".

Nobel sülh mükafatı laureatı onu da əlavə edib ki, Azərbaycanda gənclərə hər sahadə üstünlük verilir və bu alqışlanası addımdır.

Tədbirdə həmçinin, Yunus Mərkəzi ilə UNEC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb və universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı