Modern.az

Qasım Tınıstanov: Qırğızıstanda bədii dildə və xalq dilində müxtəliflik yoxdur

Qasım Tınıstanov: Qırğızıstanda bədii dildə və xalq dilində müxtəliflik yoxdur

21 İyun 2016, 12:39

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Yeni Türk Əlifba Komitəsinin plenumlarında aparılan müzakirələr imkan vermişdir ki, türk xalqlarını təmsil edən nümayəndələr fikirlərini, mövqelərini açıq şəkildə bildirsinlər. Bu mənada 3-7 iyun 1927-ci ildə Bakı şəhərində Yeni Türk Əlifba Komitəsinin çağırılmış birinci plenumunda Qırğızıstanın nümayəndəsi Qasım Tınıstanovun mövqeyi maraq doğurur. O, çıxışını kiçik bir qeydlə başlayır. Onun kiçik qeydinə görə, təqdim olunan layihədə müəyyən işarələrin onların vaxtilə təqdim etdikləri layihədə olmadığını çatdırmaqdan ibarət olmuşdur. O deyirdi: “Bizim layihədə belə işarələr yoxdur. Burada bizdə tamamilə mövcud olmayan hərflər göstərilmişdir. Daha sonra icazə verin, may ayında Səmərqənddə baş tutmuş müşavirədə orta Asiya respublikaları (Türkmənistan istisna olmaqla) razılaşdırılmış layihəmizlə nümayəndələri tanış edim. Bundan öncə isə mən prof.Çobanzadənin məruzəsindəki bir neçə məqamın üstündə durmaq istərdim. Əgər səhv etmirəmsə, prof.Çobanzadə bəzi respublikaların yeni əlifbaya keçməyə başladığını və vahid əsas üçün (təməl üçün) onların tətbiq etdikləri müddəaları qəbul etməyin, onları nəzərə almağın lazım olduğunu qeyd etdi. Hesab edirəm ki, bu bir o qədər də əsaslı motiv deyil. Əgər azərbaycanlıların yeni əlifbayla yazılmış ədəbiyyatı varsa, bu o demək deyil ki, azərbaycanlılarla hesablaşmaq və onların layihələrini məqbul götürmək lazımdır. Əgər bizim əlifba 1925-ci ildən tətbiq edilirsə, əgər müəllimlərin təqribən 97%-i bunu mənimsəyib və artıq məktəblərdə tətbiq edirsə, ... bu hələ bu layihələrlə hesablaşmaq gərəkdiyini sübut etmir. Latın təməlli yeni əlifbaya xərclənmiş vəsaitləri hesaba alsaq, onda nə üçün bu yeni əlifbaya keçmək lazımdır. Əgər azərbaycanlılar ərəb əlifbası ilə çap olunmuş külli miqdarda ədəbiyyatı qurban verdilərsə, onda onlar nəyə görə yeni əlifba ilə çapdan çıxmış  çox az sayda ədəbiyyatdan belə bərk yapışıblar”. (bax: Стенографический отчет первого пленума Всесоюзного Цетралъного Комитета Нового Тюркского Алфавита, заседавщего в Баку от 3-го до 7-го июня 1927 года. Москва, 1927, с.123)

Qasım Tınıstanov ərəb əlifbasının qüsurlu cəhətlərinə diqqət yetirmiş və latın qrafikalı əlifbada bu qüsurlardan uzaq olmağı diqqətə çatdırmışdır. O demişdir: “ Biz ərəb əlifbasından imtina səbəbini onun ərəb olmasında yox, onun rahat olmamasında görmüşük. Biz hər şeydən öncə qarşımıza kütlələrə yeni və asan öyrənilən əlifba vermək məsələsini qoyduq. Əgər biz ərəb əlifbasından çoxlu sayda sətiraltı və sətirüstü işarələr olması səbəbindən qaçmışıqsa, onda yeni əlifbada biz onları xaric etməliyik. Əgər biz ərəb əlifbasında çoxlu sayda müxtəlif işarələmə formalarının olduğunu deyirdiksə, onda latın əlifbasında bu olmamalıdır”. (Yenə orada. s.123-124)

Qasım Tınıstanov konkret təkliflər irəli sürür, bu təkliflərin özbək, qırğız, başqırd dillərindəki rolunu nəzərə çatdırırdı. O deyirdi: “Əgər burada şriftə qənaət məqsədi güdülürsə və əgər sait səsləri verən hərflərin sayını azaltmağa imkan yaradan sinqarmonizm qanunu mövcuddursa, onda biz bu qanunu götürəcəyik. Keçən il bəzi yoldaşlar qanunun təkcə qazax, başqırd və qırğız dillərində qorunub saxlandığını deyirdi. Qanunun özbək dilində də saxlandığı düşünüldüyündən o da bu dillər sırasına daxil edildi. Onlar bu barədə razılaşdılar və öz layihələrinin təməlini bu qanunun əsasında qurdular.

Bizim layihə 5 prinsip üzərində qurulub: yazı və çapda eyni formanın saxlanması, böyük hərflərin olmaması, çatışmayan hərflərin başqa əlifbalardan alınması, hərflərin öz aralarında bənzər olmaması”. (Yenə orada. s.124)

Hər bir müzakirədə, o cümlədən plenumlarda nümayəndələri unifikasiya məsələsi narahat etmiş, onların diqqətindən yayınmamışdır. Odur ki, Qasım Tınıstanov unifikasiya barədə deyirdi: “Bu bizə çox aydındır. Səmərqənddə baş tutmuş Orta Asiya əlifbada unifikasiyasına dair müşavirədə (Türkmənistan istisna olmaqla) biz belə bir məqsədi güdürdük. Orta Asiya dilləri üçün ümumi səsləri işləyib hazırlamaq və bu səslər üçün bəlli bir vahid forma qəbul etmək. Müstəsna şəkildə bu və ya başqa xalqın istifadə etdiyi hərfləri isə xüsusi işarələrlə göstərmək və həmin xalqın uşaqlarının öz dillərinə xas səsləri öyrənə bilməsi üçün bu işarələri xüsusi əlifba kitablarına daxil etmək. Fikrimcə, bu elə unifikasiya prinsipidir”. (Yenə orada. s.124)

Qasım Tınıstanov Orta Asiyada unifikasiya ilə bağlı məqamlara belə yanaşırdı: “Yoldaş Tyuryakulovun vaxtilə sübut etdiyi kimi, morfoloji birləşməyə əl atmağın mümkünlüyünə mən də şübhəliyəm. Özbəklərin “aç”, qazaxların “aş”, başqırdların “as” deməsi hələ bunun sübutu deyildir.  Odur ki, bu mənada birləşmə qeyri-mümkündür. Texniki baxımdan ümumi bir “a” hərfini işləyib hazırlamaq və vahid şəkil qəbul etmək mümkündür.

Beləliklə, unifikasiyanın əsasında bəlli hərfləri bəlli işarələrlə əlaqələndirən fonetik prinsip durur”. (Yenə orada. s.124)

Qasım Tınıstanov bədii dillə (bədii dil deyəndə o, görünür ki, ədəbi dili nəzərdə tutmuşdur) xalq danışıq dilini də fərqləndirməyə çalışmamışdır. Onun fikrincə, qırğızların o dövrdə intellektual səviyyəsi yüksək olanları say baxımından çoxluq təşkil etməmişdir. Həm də əlifba əsas kütlənin mədəni səviyyəsini yüksəltməyə xidmət etdiyi üçün xalq danışıq dilini intellektualların dilinə (ədəbi dilə) tabe etmək düzgün deyildir. Yerinə düşər ki, onun mövqeyini əks etdirən bəzi məqamları diqqətə çatdıraq. O deyirdi: “İcazə verin bir neçə kəlmə də kitab və xalq dili barədə deyim. Bizim məqsədimiz nəyin hesabına olursa olsun qalan işçi qüvvəsinin (kütləsinin) mədəni səviyyəsini yüksəltməkdir. Bunun üçün, ilk öncə,   bilmək lazımdır. Məsələn, Qırğızıstanda bədii və xalq dilində müxtəliflik yoxdur. Bizim dildə  bir dənə canlı xalq vardır. Əgər azərbaycanlılar məxsusi bir bədii dil və ayrıca bir xalq dili yaratmaq istəyirlərsə, onda deyə bilərik ki, bizim əhalinin böyük əksəriyyəti qəsəbə və qışlaqlarda yaşayır və bir danışır, bədii dildə isə ancaq şəhərdə yaşayan savadlı əhali təbəqəsi (intellektuallar) danışır. İntellektuallar isə azlıqdır və geniş kütlələri kiçik bir insan qrupuna tabe etməyin mənası yoxdur. Bu cinayətdir”. (Yenə orada. s.124)

Qasım Tınıstanov elmi məsələlərin həllində səs çoxluğu ilə həlletməni məqbul saymamışdır. Doğurdan da, elmi məsələləri elmlə məşğul olanlar, elm adamları daha düzgün həll edə bilər. Belə olmazsa, mübahisələr artar, elmi məsələlər öz həllini tapa bilməz. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı