Modern.az

Abituriyentlərin nəzərinə: Fransa-Azərbaycan Universitetinə qəbul olacaq

Abituriyentlərin nəzərinə: Fransa-Azərbaycan Universitetinə qəbul olacaq

21 İyun 2016, 17:52


Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsinə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanacaq. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu ixtisaslara kimya mühəndisliyi ixtisası, kompüter elmləri, geofizika mühəndisliyi, neft kəşfiyyatının və istismarının cihazqayırması daxildir.

Universitetlərin ixitsaslaşdığı sahələrə müvafiq olaraq ilk üç ixtisasın proqramı üzrə Strasburq Universiteti, son ixtisas üzrə isə Ren 1 Universiteti ilə əməkdaşlıq qurulub. Tədris tamamilə qeyd olunan universitetlərin proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq ikili diplomlarla təmin olunacaqlar (ADNSU / Strasburq Universiteti və ADNSU / Ren 1 Universiteti). Qeyd edək ki, bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq.

Tədrisin tamamilə ADNSU-da, yəni Bakıda aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələr üçün Fransada yay məktəbləri təşkil oluncaq. Nəzərinizə çatdıraq ki, bu il UFAZ-a daxil olan tələbələrdən 120 nəfəri (ən yüksək nəticə göstərənlər) təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. 40 tədris yeri isə ödənişli əsaslarla təklif olunacaq. UFAZ-a qəbul qaydalarına gəldikdə isə, UFAZ ixtisaslarına ali təhsil müassisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər. Abituriyentlər iyulun 25-də UFAZ komissiyası tərəfindən təşkil olunmuş növbəti imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq. Seçim imtahanı fizika (testlə), kimya (testlə), riyaziyyat (testlə), ingilis dili (esse) fənlər üzrə Azərbaycan və rus dillərində aparılacaq.

Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına TQDK tərəfindən keçirilən test imtahanının nəticəsi haqqında arayış, tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq olunmuş nüsxəsi (attestat), şəxsiyyət vəsiqəsinin surəti, oğlanlar üçün çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə, 3×4 ölçüdə 8 ədəd fotoşəkil, elektron müraciət forması sənədlərini təqdim etməlidir. Sənəd qəbulunun müddəti iyulun 18-21 tarixlərində saat 10.00-18.00 arasında baş tutacaq. UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır