Modern.az

İosif Stalin - Hitlerin başladığı müharibəyə son qoyan ŞƏXSİYYƏT

İosif Stalin - Hitlerin başladığı müharibəyə son qoyan ŞƏXSİYYƏT

22 İyun 2016, 09:42

22 iyun faşist Almaniyasının SSRİ-yə hücumunun ildönümüdür.1418 gün davam etmiş Böyük Vətən Müharibəsi məlum olduğu kimi SSRİ-nin qələbəsi ilə başa çatıb. Bu müharibədən söhbət düşəndə ilk növbədə əsas simalardan biri kimi İosif Stalin xatırlanır. Stalin haqqında fikirlər müxtəlif və ziddiyyətli olsa da o tarixə qələbənin müəllifi kimi düşüb. Bu fakt olaraq tarixdən silinməyəcək. Haqqında deyildiyi fikirlərdən asılı olmayaq... Və öz təbirincə desək: "Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu zibil atacaqlar, amma tarixin küləyi onları amansızcasına dağıdacaq!".

Modern.az saytı məhz bu ərəfədə İosif Stalinlə bağlı maraqlı hadisələri təqdim edir.

Stalin Kreml məmurlarına qarşı xidməti münasibətdə ciddi və sərt olmaqla yanaşı, arabir səmimi zarafatları ilə onlarda xoş əhval yaratmağı da unutmayıb. Hətta müharibənin ağır dövrlərində belə rəhbər yumor hisslərindən özünü məhrum etməyib.

Müharibədən sonra general-polkovnik rütbəli hərbçi Stalinə mövcud vəziyyət haqqında məruzə edir. Stalin öz razılığını bildirdikdən sonra hiss edir ki, yüksək çinli hərbçinin deməyə yenə də sözü var və soruşur:

- Siz yenə nə isə demək istəyirsiniz?

- Yoldaş Stalin, şəxsi bir məsələ ilə bağlı müraciət etmək istəyirəm.

- Buyurun.

- Almaniyadan özümə lazım olacaq bir neçə əşya götürmüşdüm. Sərhəddə yoxlanış məntəqəsində onları götürərək ölkəyə keçirməyə icazə vermədilər. Xahiş edirəm ki, o əşyaları mənə qaytarsınlar.

- Heç bir problem yoxdur, raport yazın, dərkənar qoyum.

General-polkovnik əvvəlcədən hazırladığı raportu cibindən çıxarıb Stalinə uzadır. Stalin dərhal raporta dərkənar qoyur: “Polkovnikin əşyalarını özünə qaytarın. İ. Stalin”.

General-mayor sevincək dərkənarı oxuyur və görür ki, rütbəsi düzgün yazılmayıb:

- Yoldaş Stalin mənim rütbəm polkovnik yox, general-polkovnikdi.

- Yoldaş polkovnik gedin əşyalarınızı götürün, siz artıq polkovniksiniz.

***

Kremldə Stalinin iştirakı ilə Kömür Sənayesi Nazirliyinə başçı təyinatı ilə bağlı müzakirələr gedir. İştirakçılardan biri Zasyadkonun namizədliyini irəli sürəndə digəri etiraz edir:

- Zasyadko yaxşı mütəxəssis olsa da, çox içir, içkiyə meyllidir.

Müzakirələr yarımçıq qalır. Səhərisi günü Stalin Zasyadkonu Kremlə dəvət edir. Onunla söhbət edə-edə gələcək nazirə içki təklif edir. Zasyadko imtina etmədən araq süzülmüş qədəhi götürür:

- Stalinin şərəfinə!

Beş-on dəqiqədən sonra Stalin qədəhi yenə də doldurur. Bu dəfə də Zasyadko imtina etmədən qədəhi başına çəkir. Stalin duruxur və üçüncü dəfə qədəhi doldurmaq istəyəndə nazir olmağa namizəd imkan vermir:

- Yoldaş Stalin, Zasyadko içkinin qədərini bilir.

Növbəti gün nazir postuna namizədlərin müzakirəsində Zasyadkonun adı çəkiləndə Stalin müzakirələrə son qoyaraq öz qərarını verir:

- Zasyadko içkinin qədərin bilir. Müzakirələrə son qoyuruq, Zasyadko nazir təyin olunsun.

***

Müharibə illərindən sonra İosif Stalin SSRİ Yazıçılar İttifaqının rəhbəri Aleksandr Fadayevlə bir neçə gün əlaqə yarada bilmir. Nəhayət bir müddət sonra Fadayev iş yerində tapılır. Stalin soruşur:

- Yoldaş Fadayev, neçə gündür mən sizi axtarıram, hara yoxa çıxmısınız?

Fadayev çəkinmədən cavab verir:

-Yoldaş Stalin içirdim, “zapoy”, ayıla bilmirdim.

- Sizdə bu “zapoy” neçə gün çəkir?

- Düz on iki gün.

Stalin gülümsəyərək cavab verir:

- Yoldaş Fadayev, siz çalışın bizim digər kommunistlərimiz kimi “zapoy” müddətini üç günə endirin.

***



Stalinin sevimli müharibə qəhrəmanlarından olan marşal Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirir. Ev hazır olandan sonra o böyük ziyafət təşkil edir. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edir. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyir:

- Konstantin Konstantinoviç yetim uşaqlar üçün belə bir ev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm.

Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayır. Sonradan Rokossovski özünə kiçik bağ evi tikir. Ancaq bu dəfə ziyafət təşkil etmir.

***

Ziyafətlərdə ilk badələri xanımların şərəfinə qaldıran marşal Rokossovski qadınlara qarşı olduqca həssas insan olub. Marşal gözəl aktrisa Valentina Serova ilə sevgi macəralarına başlayanda bu haqda əlaltıları Stalinə məlumat verirlər:

- Yoldaş Stalin, marşal Rokossovski indi də aktrisa ilə sevişir. Nə tədbir görək, nə edək?

Stalin gülə-gülə cavab verir:

- Heç nə etmək lazım deyil. Sadəcə qibtə və paxıllıq edin.

***

“Pobeda”nın istehsalına yeni başlayanda Stalinə avtomobil haqqında məruzə edərək deyirlər ki, yeni sovet maşınının adı “Vətən” olacaq. Stalin məruzəçinin sözünü kəsərək kinayə ilə soruşur:

- Bəs “Vətən”i neçəyə satmağa hazırlaşırsınız?

Bu sualdan sonra avtomobilin adını dəyişib “Pobeda” qoyurlar.

***

Stalin hərbi dəniz komissarının müavini admiral İsakova zəng vuraraq bildirir ki, onu hərbi dəniz donanmasının qərərgah rəisi təyin etmək istəyir. Admiral bu təklifə görə rəhbərə minnətdarlığını bildirir və deyir:

- Yoldaş Stalin, mən həmişə sizin əmrinizi yerinə yetirməyə hazıram. Mənim bir ayağımı cərrahlar kəsiblər. Ona görə də mən bu vəzifədən imtina etmək məcburiyyətindəyəm.

- Siz elə buna görə narahatsınız?

- Bəli.

- Yoldaş admiral, əvvəlki qərərgah rəisinin başı yox idi, amma işləyirdi. Sizin isə cəmisi bir ayağınız yoxdur. Deməli işləyəcəksiniz.

***

1941-ci ilin oktyabr ayında Nikita Xruşov çox böyük həyəcanla Stalinin qəbuluna gəlir və içəri daxil olan kimi deyir:

- Yoldaş Stalin, bir saatdan sonra alman qoşunları Moskvanı işğal edəcəklər.

Stalin əyləşdiyi yerdə başını qaldırmadan qarşısındakı kağızlarla məşğul olaraq əli ilə qarşısındakı stulda ona yer göstərir və öz işinə davam edir. Düz bir saat kabinetdə sükut hökm sürür. Bir saatdan sonra Stalin telefonu götürüb kiminləsə danışır, sonra isə telefonun dəstəyini Xruşovun başına döycələyərək soruşur:

- Bir saat keçdi, indi cavab ver görüm hanı sənin almanların?

***

Akademik Boqomolets uzunömürlülük nəzəriyyəsini irəli sürəndə Stalin onun elmi yaradıcılığı üçün xüsusi şərait yaradır. Nəzəriyyədə insanın 150 il ömür sürmək mümkünlüyü ilə bağlı fikirlər rəhbərdə maraq doğurur. Ancaq bu maraq tez də sönür. Çünki 1946-cı ildə akademik Boqomolets 65 yaşında vəfat edir. Akademikin vəfatı haqqında Stalinə məlumat verəndə o başını bulayaraq deyir:

- Yaramaz hamımızı aldatdı.

***

Müharibə vaxtı Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutur. Erməni general qürrələnərək Baltik dənizinin suyunu şüşə qaba doldurur və adyutantına tapşırır ki, təcili Moskvaya uçub suyu Stalinə çatdırsın. Adyutant təyyarədə uçarkən almanlar Baqramyanın qoşunlarını geri çəkilməyə məcbur edir. Təbii ki, bu məsələdən Stalin də məlumatlı olur. Bunlardan xəbərsiz olan adyutant isə özünü Stalinin yanına çatdırır və suyu ona təqdim edir:

- Yoldaş Stalin, qabda Baltik dənizinin suyunu gətirmişəm.

Stalin bir-neçə dəqiqə suya baxdıqdan sonra onu adyutanta qaytarır və deyir:

- Siz bu suyu Baqramyana qaytarın və deyin ki, suyu hardan götürübsə elə ora da boşaltsın.

***

Siyasi Büronun iclasında Nikita Xruşov ölkənin aqrar siyasəti haqqında alovlu çıxış edir. Çıxışı səbrlə sona qədər dinləyən Stalin ona yaxınlaşır və əlini çiynynə qoyaraq deyir:

- Mənim balaca Marksım...

***

Ukraynanın kənd təssərüfatı komissarını hesabat vermək üçün Kremlə dəvət edirlər. O Stalinin qəbulunda soruşur:

- Yoldaş Stalin, ətraflı məlumat verim, yoxsa qısa?

Stalin cavab verir:

- İstəyirsən ətraflı danış, istəyirsən qısa məruzə et, bu sənin öz işindir. Ancaq nəzərinə çatdırıram ki, sənin cəmi üç dəqiqə vaxtın var.

***

Yakov Çadayev 1940-1949-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin işlər idarəsinə rəhbərlik edib. Məhz bu dövrdə imzalanan qərar və sərəncamlarda Stalinin imzasından sonra onun imzası yer alıb. Və bütün bu illər ərzində hazırlanan rəsmi sənədlərin imzalanması üçün onları Stalinə Çadayev təqdim edib. Təbii ki, bu müddətdə rəsmiyyətdən kənar münasibətlər də olub.

İş günlərinin birində Çadayev sənədlər haqqında məruzə etdikdən sonra əlindəki qovluqu stolun üstünə qoyanda Stalin onun qolundakı saata diqqətlə baxıb və təəcüblə soruşub:

- Yakov Yermolayeviç, bəlkə o qolunuzdakı saat haqqında da məruzə edəsiniz?

- Yoldaş Stalin bunu mənə yaxınlarda hədiyyə ediblər. İsveçrə saatıdır. Bunu əsasən amerikalı təyyarəçilər taxır. Zərbəyə davamlıdır.

Sözünü bitirən kimi Çadayev saatını çıxarmaq istəyəndə Stalin imkan verməyib:

- Çıxartmağa ehtiyac yoxdur. Amma mənim belə saat haqqında məlumatım yox idi.

Çadayev kabinetdən çıxan kimi həyəcanla saatla bağlı söhbət haqqında Stalinin köməkcisinə danışanda o təbəssümlə onu sakitləşdirib:

- Yakov Yermolayeviç, siz neçə illərdir Stalinlə işləyirsiniz, amma onun saatlara qarşı marağı haqqında məlumatınız yoxdur. Yoldaş Stalinin qol saatlarından ibarət kiçik, amma çox maraqlı kolleksiyası var. Ona görə o sizin saatınızla maraqlanıb.

Heç cürə sakitləşməyən Çadayev yeni sərəncamları götürmək üçün Bulqaninin kabinetinə keçəndə saat məsələsini ona da danışıb:

- Yoldaş Bulqanin, Stalin mənim saatımla maraqlandı. Sizcə bu nə deməkdir.

- Çıxart qolundan baxım görüm bu nə saatdır axı?

Bulqanin diqqətlə saatı nəzərdən keçirdikdən sonra fikrini bildirib:

- Burda elə də bir şey yoxdur. Belə saatları adətən təyyarəçilər taxırlar. Stalin saat həvəskarı olduğu üçün maraqlanıb. Belə düşünürəm ki, bu saat onun üçün çox da maraqlı olmayıb. Bunu öz təcrübəmdən bilirəm. Mən öz qızıl cib saatımı yadımdan çıxarıb Stalinin kabinetində qoyandan sonra bir daha onun sahibi ola bilmədim.

Çadayev öz kabinetinə qayıdıb və Stalinin imzalayacağı növbəti sənədləri hazırlamağa başlayıb. Onun beynində bir fikir dolaşıb: saatı Stalinə bağışlasın, yoxsa yox. Düşünüb ki, Stalin bəlkə bunu yaltaqlıq kimi qəbul edər və belə olarsa cəzası da ağır olar. Nəhayət qərara gəlib ki, saatı bağışlasın. O bütün sənədləri hazırladıqdan sonra saatı da ayrıca bir zərfin içinə qoyub hamısını birlikdə Stalinin iş stolunun üstünə qoyub. Adətən sənədlər təqdim olunduqdan bir neçə saat sonra Stalin Çadayevi çağırtdırıb imzalanmış sənədləri onun özünə qaytarırmış və lazımi göstərişlərini verirmiş. Ancaq bu dəfə belə olmayıb. Nəhayət bir sutkadan sonra Stalinin köməkçisi Çadayevə zəng edərək deyib ki, gəlib sənədləri və saatını götürsün. Çadayev təbii olaraq düşünüb ki, etdiyi hərəkət rəhbərin xoşuna gəlməyib. O sənədləri və bağlı zərfi götürüb kabinetinə qayıdıb. Zərfi açanda görüb ki, içərisində xronometrli qızıl saat var. Bir neçə gündən sonra Stalinin mühafizəsinin rəisi general Vlasik Çadayevə zəng vurub soruşub:

- Yakov Yermolayeviç, saat xoşunuza gəldimi? Sizə saat almağa görə bir sutka Moskvanı alt-üst etmişəm. Yoldaş Stalinin göstərişi idi. Hər şey əvəz-əvəz olmalıdır.

Elə bu hadisədən bir müddət sonra Çadayev Stalinə sənədlər təqdim edərkən bəzi düzəlişlərə ehtiyac olub. Stalin Çadayevə deyib ki, düzəlişləri elə onun kabinetində etsin. Bu məqamda Molotovla Mikoyan Stalinin yanına gəliblər və onu çay içməyə dəvət ediblər. Stalin Çadayevə tapşırıq verib ki, düzəlişləri etdikdən sonra sənədləri stolun üstünə qoysun və özü gedib. Çadayev qısa bir zamanda həvalə olunduğu işi başa çatdırıb. Oturduğu stuldan qalxanda ayağı nəyəsə ilişib. Baxıb görüb ki, yerdə kiçik bir qəlyan var. Qəlyanı cibinə, sənədləri isə stolun üstünə qoyub çıxıb.

Elə səhərisi günü general Vlasik Çadayevdən soruşub:

- Qəlyanı siz götürmüsünüz?

Çadayev düşünüb ki, yalan danışmağın mənası yoxdur:

- Mən götürmüşəm. Gördüm ki, stolun altına düşüb, düşündüm ki, artıq o heç kimə lazım deyil.

General Vlasik Çadayevin həyəcanını hiss edib və ona təskinlik verib:

- Narahat olmaqdan keçib. Yoldaş Stalin qəlyanı tapmayıb başqısını gətizdirdi və dedi ki, onu bağışladım Çadayevə.

Bir müddət bu hadisəni büruzə verməyən Stalin Kreml ziyafətlərinin birində ciddi bir tərzdə Çadayevə deyib:

- Yakov Yermolayeviç, mən sizin saatınızın əvəzini verdim. Amma siz qəlyanın əvəzini vermədiniz. Bu düzgün olmayan oyundur.

Çadayevin rənginin ağardığını görən Stalin gülümsəyərək əlini onun kürəyinə qoyub:

- Bu bir zarafatdır, Stalin verdiyinin əvəzini almır.

***



Ayrı-ayrılıqda hər bir insana özünəməxsus yanaşma tərzi olan İosif Stalinin incəsənət nümayəndələrinə qarşı da fərqli münasibəti olub. Rəhbərin yaradıcı insanlarla görüşü az-az baş tutsa da bu görüşlərin hər biri maraqlı hadisəyə çevrilib.

Öz dövründə SSRİ-də çəkilən filmlər ilk olaraq Stalin üçün nümayiş etdirilib. Stalin ilk tamaşaçı, ilk tənqidçi olmaqla filmin kütləvi nümayişinə icazə verən şəxs olub. Ümumiyyətlə isə o, kinoya böyük maraq göstərib və filmləri həvəslə seyr edib.

Kremldə növbəti dəfə Capayev haqqında film nümayiş etdirilib. Filmin nümayişində Stalinlə yanaşı filmləri ona təqdim edən Kino Yaradıcılığı Birliyinin sədri və iki nəfər filmin rejissorları iştirak edib. Vasilyev qardaşları kimi məşhur olan bu rejissorlar əslində qardaş olmayıblar. Soyadları eyni olduqlarından onları məhz belə adlandırıblar. Film sona çatdıqdan sonra Stalin rejissorlara öz fikrini söyləyib:

-  İndi biz sizinlə möhtəşəm bir filmi izlədik. Çox gözəl filmdir. Ölkəmizin fəhlə və kolxozçuları bu filmi ruh yüksəkliyi ilə qarşılayacaqlar. Bizim partiya belə sənət əsərlərini çoxdan gözləyir. Mübaliğəsiz demək olar ki, sovet xalqı “Çapayev” filminin nümayişini bayram kimi qəbul edəcəklər. Ancaq burda kiçik bir düzəlişə ehtiyac var. Polkovnik Kappelin komandasının Qırmızı orduya hücumu səhnəsi. Bu səhnə filmdən çıxarılmalıdır.

Kremli tərk etdikdən sonra Kino Yaradıcılığı Birliyinin sədri ilə rejissorlar arasında mübahisə başlayıb. Rejissorlar sədri məcbur etmək istəyiblər ki, həmin səhnə çıxmadan film kütləvi nümayişə buraxılsın. Sədr isə bu mübahisəni qısa bir fikri ilə bitirib:

-  Mənim ailəm və uşaqlarım var. Mən yaşamaq istəyirəm. Stalinlə görüşdən sonra siz başınızı itirmisiniz. Heç bilirsiniz Stalinin göstərişini yerinə yetirməmək nə ilə nəticələnir?..

Bir neçə müddət ötdükdən sonra rejissorlar yenidən sədrin yanına gəliblər. Uzun-uzadı izah ediblər ki, bu film həmin səhnəsiz heç bir maraq kəsb etmir. Nəhayət sədri yola gətiriblər ki, Stalin bu filmə təkrar baxsın. Sədr razılaşıb. Daha bir müddət ötdükdən sonra Stalin yenidən filmə baxıb. Filmin nümayişində yenə də eyni adamlar iştirak ediblər. Vasilyev qardaşları elə düşünüb ki, Stalin fikrini dəyişə bilər. Ancaq yanılıblar. Filmdən sonra Stalin eyni sözləri təkrar edib:

-   İndi biz sizinlə möhtəşəm bir filmi izlədik. Çox gözəl filmdir. Ölkəmizin fəhlə və kolxozçuları bu filmi ruh yüksəkliyi ilə qarşılayacaqlar. Bizim partiya belə sənət əsərlərini çoxdan gözləyir. Mübaliğəsiz demək olar ki, sovet xalqı “Çapayev” filminin nümayişini bayram kimi qəbul edəcəklər. Ancaq burda kiçik bir düzəlişə ehtiyac var. Polkovnik Kappelin komandasının Qırmızı orduya hücumu səhnəsi. Bu səhnə filmdən çıxarılmalıdır.

Stalin fikrini qurtaran kimi rejissorlardan birinin ürəyi gedib və o nümayiş otağında, rəhbərin gözü qarşısında yerə yıxılıb. Stalin qəlyanını tüstülədərək üzünü sədrə tutub:

-   Bunun ürəyi polkovnik Kappelə görə getdi? Belədirsə onda siz deyən olsun. Səhnəni filmdən çıxarmayın.

Stalin qapıdan Kino Yaradıcılığı Birliyinin sədrini və rejissorları yola salarkən sədrin qulağına pıçıldayıb:

 -  Növbəti dəfə filmləri tək gətir. Rejissorlarsız. Bunlar çox zəif adamlardır...

 

***

 

Digər bir filmin nümayişi isə Kreml məmurlarını qorxuya salsa da sonluq xoşluqla bitib.

Stalin qısamüddətli ezamiyyətdə olarkən Kreml məmurları akademik Pavlov haqqında çəkilmiş filmin ekranlara buraxılmasına icazə veriblər. Rəhbər ezamiyyətdən sonra xidməti avtomobili ilə Kremlə gedərkən afişalara rast gəlib: “Yeni film-Akademik İvan Pavlov”.

İş otağına keçən kimi Stalin Siyasi Büronun üzvlərini təçili kabinetinə yığıb. Girişsiz-filansız birbaşa mətləbə keçib:

-  Mən bir az əvvəl afişalarda Pavlov haqqında filmin nümayişi ilə bağlı elanlara rast gəldim. Filmin kütləvi nümayişinə kim icazə verib?

 

Ürək parçalayan qısamüddətli sükutu əvvəlcə Molotov pozub:

-   Yoldaş Stalin, siz məzuniyyətdə olarkən görkəmli rus alimi, akademik Pavlovun yubileyi keçirilirdi. Belə bir fikir var idi ki...

Stalin Molotovun sözünü yarımçıq qoyub:

-  Kim icazə verib?

Bu dəfə Voroşilov ayağa qalxıb:

-  Yoldaş Stalin, Siz bilirsiniz ki, mən yalnız hərbi məsələlərlə məşğul oluram. Mən başqa adamların işinə müdaxilə etməyi xoşlamıram.

Növbə Lavrenti Beriyaya çatıb:

-  Yoldaş Stalin, mənim ümumiyyətlə bu kino işindən anlayışım yoxdur. Kinosuz da başım kinogöstərən çarx kimi qarışıq olur. Elə dünən antisovet təbliğatı aparan...

Stalin Beriyanın da sözünü yarımçıq kəsib və daha ciddi şəkildə soruşub:

-   Sualıma cavab verin, kim icazə verib?

Şerbakov ayağa qalxıb:

-  Yoldaş Stalin, bu olduqca güclü bir vətənpərvərlik mövzusunda olan filmdir. Filmdə göstərilir ki, rus alimi öz vətənini tərk etmir, burjua sədəqəsinə ehtiyac duymur.

Voroşilov ikinci dəfə qalxaraq müdaxilə edib:

-   Mən belə şeyləri anlamıram. Əmr, göstəriş olmadan bir işi özbaşına necə görmək olar? Mən ürəyimlə hiss edirəm ki, bu gün aramızda kimsə ən ağır cəzasını alacaq.

Jdanov ayağa qalxaraq münasibətini bildirməyə çalışıb:

-  Yoldaş Stalin, bu film rus elmini, elm xadimlərimizi tərənnüm edir. Bu filmlə biz öz elmimimizi nümayiş etdiririk.

Səbri tükənən Stalin qəlyanını stolun üstünə ataraq bir daha əsəbi şəkildə soruşub:

-  Mən sizdən bu filmin mahiyyətini soruşmuram. Sizdən soruşuram ki, filmin nümayişinə kim icazə verib?

Vəziyyətin gərginliyini görən Molotov, Jdanov və Şerbakov ayağa qalxıb bir ağızdan cavab veriblər:

-  Biz icazə vermişik yoldaş Stalin.

-   Düz eləmisiniz, buna görə sizi mükafatlandırmaq lazımdır.

 

***

 

Stalinin sağlığında onun filmlərdə rolunu Mixail Gelovani oynayıb. Rəhbərin obrazını məharətlə yaratdığından Gelovani məşhur aktyorlardan biri sayılıb. Günü-gündən populyarlığı artan aktyor yuxarılardan xahiş edib ki, o Stalinlə görüşmək istəyir. Belə əsaslandırıb ki, obrazı daha dolğun yaratmaq üçün bu görüşlər vacibdir. Gelovani xahiş edib ki, o tez-iez Stalinin bağında, mənzilində və iş otağında olsun, rəhbərin həyat yolları və fəaliyyəti ilə bağlı daha çox bilgilər əldə etsin. Təbii ki, məmurlardan kimsə bu istəyi Stalinə çatdırmağa çətinlik çəkib, daha doğrusu cürət etməyib. Amma bu çətinliyə baxmayaraq məclislərin birində Stalini bu haqda məlumatlandırıblar. Stalin Gelovaninin istəyinə “böyük hörmətlə” yanaşıb və bu istəyi hətta alqışlayıb:

-  Mən Gelovaninin fikrini dəstəkləyirəm və bəyənirəm. Mənim obrazımı yaradan mənim həyat yollarıma bələd olmalıdır. Bu yaxşı haldır. Onda Gelovani elə birinci Turuxan sürgünündən başlasın.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir