Modern.az

Sağlığına qurban demişdilər, şəhidliyinə qurban kəsdilər - FOTOLAR

Sağlığına qurban demişdilər, şəhidliyinə qurban kəsdilər - FOTOLAR

22 İyun 2016, 10:18

Modern.az saytı "Aprel şəhidləri" haqqında növbəti yazını təqdim edir...


Çox mənbələri axtardım. Göy səma altında göyərən Göylər kəndi haqqında sanballı bir tarixi mənbə tapmadım. Həm kəndin adı, həm də burada yaşayan insanların gözlərinin rənginin göy olması, onların qədim Alban  tayfaları və ya Göy Türklərin kökündən gəldiklərini ehtimal etməyə əsas verdi. Məlumdur ki, eramızdan sonrakı əsrlərdə də şimaldan Albaniyaya müxtəlif  türk tayfaları gəlib məskunlaşmışdılar. Belə düşünmək olar ki, Oğuzlar (sonra tatar-monqollar, ağqoyunlular və qaraqoyunlular) Azərbaycana köçəri maldarlığı gətirdilər. Albaniya ərazisində türkdilli tayfaların bəziləri yerli, digərləri isə müxtəlif vaxtlarda gəlmələr idi. Yerli etnosların aparıcısı alban tayfası idi. Lakin bu etnos VII əsrdən sonra çox qəribə bir tale ilə qarşılaşdı. VII əsrin ortalarından Albaniya (Aran) ərəblərin işğalına məruz qaldı . Şirvan tayfasının müəyyən hissəsi Alban dövlətinin süqutundan sonra  Şimali Azərbaycan ərazisində məskunlaşdı. XI əsrdən sonra Şirvanşahlar paytaxtı kimi təşəkkül tapdı. Müharibələr, təbiət hadisələrı  isə burada yaşayan oturaq xalqların genini dəyişdirə bilmdi.  Ona görə də bu gün Şirvanda, Şamaxıda alban və türk tayfalarının  izləri qalan  kəndlərin adı dəyişdirilib, ərəb sözü artırılsa da,  gen və genetik kod  dəyişməyib. Yaşı qədimlərdən də qədim olan Göylər kəndinin göy gözlü insanlarının əksəriyyəti də Göytürk tayfalarının davamçılarıdırlar, deməyə əsasım var. Yəqin ki, alimlərimiz bu mövzunu araşdırsalar, çox elmi mətləblərin açarını əldə edəcəklər.


Göy gözlü Göylərlilər

1918-ci ildə  Lalayan, Samson Aspirov və Əmirovun quldur dəstələri  aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutdular. Şamaxı qəzasında yerli erməni-rus-malakan kəndlilərinin köməyi ilə daşnaklar 8000-dən artıq dinc azərbaycanlı əhalini öldürdülər. 72 kəndi dağıdaraq,  12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidini içərisindəki insanlarla birlikdə yandırdılar. Öldürülənlərin 1600 nəfərindən çoxu qadın, 965 nəfəri isə uşaq idi. Dağıdılan 72 kənddən biri də Göylər idi. Mənbələrdən belə aydın olur ki, erməni quldurları Göylərdə 118 nəfəri qətlə yetirib.

 

Şamaxının ən böyük kəndi sayılan Göylərin bu gün 7424 nəfər  əhalisi  var. Azərbaycanın azadlığı və Qarabağ uğrunda Vətən döyüşlərində  Şamaxı  93 şəhid verib. Onun  8-i Göylər kəndindən olan şəhidlərdir.  8-cisi  isə Göylər kəndində  1997-ci ilin iyun ayının 20-si dünyaya gəlmiş Elşən Səlim oğlu Səmədovdur.  O da 2015-ci ildə hərbi xidmətə çağırılan əksər yaşıdları kimi  Vətən borcunu ödəmək, hərbin sirlərinə azca da olsa yiyələnmək üçün  əsgər getdi.  Böyük qardaşı Rəfaelin  hərbi xidmətdən qayıtmasına 3 ay qalmışdı...

Modern.az saytı "Aprel şəhidləri" silsiləsindən növbəti yazını təqdim edir.


Göylərin dolamba-dolanc yolları ilə gəlib Səlim Səmədovun  qaldığı məhləni tapdım. Darvazanın üstündə bu günə kimi də Azərbayacn bayrağı dalğalanır.  Dəmir darvazanı açıb içəri keçdim. Gəlişimin səbəini söylədim. Söhbətləşdik, məum oldu ki, Səlim Səmədovun  oğlanları, əsgərliyə bütün yaşıdları kimi  ata evindən deyil, ailələrinin kirayə  götürdükləri çadırdan yola düşüblər.  Ailənin başçısı Səlim çobandır. Özünün  mal-qara sürüsü olmasa da, mal-qara saxlayan sahibkarlara ailəliklə çobanlıq edirlər.  Çöllü-biyaban, çobanlıq, tərəkəməlik həyatı onlara ev tikməyə, yurd salmağa imkan verməyib. Çünki əllərində artıq pulları, gəlirləri olmayıb ki, bir yurd, od-ocaq sahibi olsunlar. Göylərdəki ata mülklərinə isə Səlimin bir neçə bacı-qardaşı göz dikib. Səlim isə 22 il ərzində ona yoldaşlıq edən həyat yoldaşı Süsənlə gələcəkdə özlərinə bir-ev eşik qurmaq arzusu ilə çabalayıblar. Hər iki oğlunu da əsgərliyə Göylərdən deyil, Saatlıdakı çobanlıq etdikləri çadırdan yola salıblar.

Aprel ayının əvvəllərində  Azərbaycan Ordusunun torpaqlarımızı azad etçmək uğrunda müqəddəs savaşı başlayanda isə onların dünyadan xəbəri yox idi. Başları sahibkarın qoyun-quzusunu  rahatlamağa, otarmağa qarışmışdı. Qardaşından qəfil aldığı zəngdən sonra Səlim  cəbhə zonasında vəziyyətin gərgin olmasından xəbər tutur.

Şəhid Elşən Səmədovun anası Süsəndən oğlu barədə danışmağı rica edirəm. Çaşıb qalıb. Həyətdə oturan  mavi gözlü, təxminən 70 yaşlarında olan beli sarıqlı, düz qamətli qadın Süsəni dilə gətirmək üçün özü danışdı.  Nənənin adı Fizzətdir:


- Danış da, a bədbaxt... Denən necə çətin günlər görmüsən, o uşaqları hansı çətinliklərlə böyütmüsən. Vəziyyətindən, əziyyətindən danış.  Onun-bunun qoyununu otarıb, ayda 100 manat pula göz dikməyinizi de.  Ay qızım, ay Allahın bəndəsi, bunların şəxsi ev-eşikləri də olmayıb. Elə ata yurdlarında da böyük qardaş yaşayır.  O uşağı, o biri oğlanlarını, qızını nə halnan böyüdüb. Çobançılıq etdiklərindən uşaqları oxuda da bilməyib. Nənələri qoca oldğundan qulluğunda dura bilmədi. Hərəsi 6 sinif bitirəndən sonra, çöllü-biyabana, ata-analarının yanına gediblər. Yiyələri olmadı...  Kasıb balası idilər. Birini tapanda-beşini tapmadılar... Evi-eşigi olsaydı, onlar da uşaq oxudardılar.  Səlimin 4 oğlu, 1 qızı var. Kasıbın nəyi olmasa da, uşağı olur, şükür Allaha.  Kiçik oğlu Amidi göndərub Bakıdakı əmisinin yanına ki, bəlkə o məktəb oxuya. Hələ məktəbə gedir.  Elşən də bir pir-peyğəmbər kimi uşaq idi. Hansı buyruğa göndərsəydin gedərdi...Vətənimiz sağ olsun... neynək... ,- bunları danışan Fizzət nənə aradabir  ailənin başçısı Səlimə də acıqlandı:


- Ay kişi, sən də gözünə güc vermə, az ağla, onsuz da sizdə ürək qalmadı. Özün xəstə adamsan. İnfarkt keçirmisən. Deyirsən indi də sənin dərdini çəkək?
Bax belə, ay qızım, o uşaq öləndən sonra, hamımızın növrağı dönüb. Mən bunların həm qonşusuyam, həm də dayıdostuları. Vallah, evdə  otura bilmirəm. Keçib gəlirəm ki, sızıldamağa-ağlamağa qoymayım... Heç dayanmırlar...


Yenə şəhid Elşənin anası Süsənə müraciət etdim, danış dedim:


-  İyulun 16-sı onu əsgər yola saldıq. 3 aydan sonra böyük oğlum  Rəfail əsgərliyini çəkib qayıtdı, gedib qardaşına baş çəkdi. Elşən fevralın 21-i məzuniyyətə gəlmişdi. Martın 1-nə qədər bizimlə qaldı. Bizimlə qaldı deyndə ki, günümüz qara oldu. Əsgərlikdən onu xəstə göndərmişdilər. Əlimizdə-ovcumuzda olanı da tökdük Saatlının, Sabirabadın xəstəxanalarının yoluna. Elşən məzuniyyətə gələn gündən burnunun qanı dayanmadı. Bir də ki, nə yeyirdisə qaytarırdı. Ancaq neyləsək də, həkimlər bir dərdini demədi. Martın 1-i atası aparıb hərbi hissəyə təhvil verdi. Hər axşam bizimlə danışırdı. Ancaq martın axırı zəng edib dedi ki, Mingəçevirə təlimə gedirlər. Aprelin 1-dən sonra isə zəng vurmadı... Nigaran qaldım ki, uşağım xəstə-xəstə əsgərlikdə nə zülümlar çəkir. Əlimiz hara çatır ki... Xəstəliyini də sübut edib, saxlatdıra bilmədik. Düzgün baxan həkim olmadı.



Şirvanda şıxlar, Dərbənddə qırxlar


Biz ailənin üzvləri ilə söhbət etdikcə,  ata Səlim  tez-tez gözlərinin yaşını silirdi. Ona baxdıqca,  Xaqani Şirvaninin 20 yaşlı oğlunun ölümündən sonra yazdığı şeri pıçıldayırdım:

Firqətində bala, bundan da betər yansın atan, 
Söndü şəmin, kor olub qüssədən odlansın atan. 
Kəkliyim, təşnə dodaqlar ilə uçdun, gözü qan, 
Bir turac tək sənin arxanca qanadlansın atan. 


Səlim kişini  birtəhər dilə gətirdik:


-  Məzuniyyəti qurtarandan sonra uşağı apardım “sançast”a (hərbi hissənin tibb məntəqəsi). Həkimlərə dedim ki, “bu əsgər xəstə idisə, özünüz sağaldaydınız, onun niyə xəstə halda evə buraxırdınız? Axı məsuliyyəti sizin üstünüzdədir”.  2 gün “sançast”da yatandan sonra, onu yenə hərbi hissəyə göndərdilər.  Ayın 3-ü Elşəndən bir xəbər bilməyəndən sonra, hər gün Saatlıdan gedirdim Tərtər, Bərdə, Göranboy... İmişli... Aprelin 8-nə qədər  axtarmadığımız yer qalmdı. Nə ölü, nə yaralı, nə diri siyahısında adını tapdıq. Ayın 8-i dedilər ki, neytral zonadan “Qızıl Xaç” götürüb. Aparanda asan apardılar balamı, ancaq mən geri almaq istəyəndə başım zillətlər, müsibətlər çəkdi. 6 gün  o yollarda quzu kimi mələdim, balamı axtardım. “Şirvanda şıxlara, Dərbənddə qırxlara” qurban demişdik ki, təki balamın meyitini tapaq, qurban kəsərik. Tabutunu gətirəndən sonra oğlumun gəlişinə qurban kəsdik. Sağlığında götürdüyümüz qurbanları qəbula keçmədi.

Burada bir haşiyə çıxacam. Bayaq nahaqdan, göylərlilərin göytürklərdən qalma olduğunu ehtimal etmədim.  Oxucularımıza “Şirvanda şıxlar, Dərbənddə qırxlar” barədəki  tarixi həqiqətdən danışmaq istəyirəm.  Diqqətinizə çatdırdığım ki, bu tarixi həqiqət Abbasqulu Ağa Bakıxanovun  “Gülüstani-İrəm” kitabında da qeyd olunub:

“Dərbəndnamə” sahibi deyir: “...Hicri 41-ci (=662) ildə, səhab ələrdən Səlman və Rəbiə- tülbahili, 4000 igid və döyüşkən qoşunla xəzərlərin geri aldıqları Dərbəndə doğru hərəkət etdilər. İslam qoşunu gəlincə, Dərbənd Narınqalasının mühafizələri Həmri qalasına qaçdılar. Müsəlmanlar qalanı və Dərbənd şəhərini ələ keçirdilər. Xəzər padişahı Xaqan, külli qoşunla onları dəf etməyə  gəldi. Müsəlmanlar da onu qarşıladılar. Dərvaq çayı kənarında hər iki tərəf üz-üzə gəldi. Ərəblərin şücaəti haqqında çox şeylər eşitmiş olan Xaqan, müharibə etmək istəmirdi, zənn edirdi ki, silah onların bədənlərinə kar etmir. Bu halda, xəzərlərdən bir nəfər dəniz sahilinə getdi, orada təkbaşına çimməkdə olan bir müsəlmanı öldürdü, başını kəsib Xaqanın hüzuruna gətirdi. Bu əhvalatdan sonra, müharibəyə cəsarət etdilər, 5 gün səhərdən axşama qədər hərb meydanı qızışdı, hər iki tərəfdən bir çox camaat qırıldı. 6-cı gün Xaqan öz qoşununu çox məzəmmət edib dedi: “Bu gün hər kim müharibədən üz çevirsə, mükafat olaraq məndən əzab görəcəkdir”. Bu tərəfdən də, müsəlmanlar cəhad şövqilə ruhlanmışdılar. Səlman və Rəbiə öz qoşun dəstələrinin qarşısında, 40 nəfər könüllü ilə düşmənə həmlə etdilər. Çox şiddətli bir müharibə oldu, Xaqanın qoşunundan neçə min nəfər öldürüldü. Səlman ilə Rəbiə də bu 40 nəfər ilə birlikdə öldürüldülər. Bunların qəbirləri Dərbənd şəhərinin yanında, Qırxlar adı ilə ziyarətgahdır. İslamın qalan qoşunu məğlub oldu, yaralılar Dərbəndə və buradan da Şama qayıtdılar. Xaqan Dərbənd şəhərini mühafizə etmək üçün 3000 nəfər əsgər təyin edib, öz paytaxtına qayıtdı”.


Bu, Xəzər türklərinin qoçağlıqğından, igidliyindən xəbər verən bir tarixdir. Dərbənd şəhərində həmin Qırxların qəbri qorunur. Şirvanda isə Şeyxlər həmişə müqəddəs sayılıb, çünki, Şeyxlər  savadları və müdriklikləri ilə hər zaman xalq içərisində nümunə timsalı olub. Həmin Şeyxlər , dünyadan ötəndən sonra isə onların məzarları Müqəddəs yer kimi qorunub əsrlərə yadigar saxlanıb, xalq tərəfindən səcdəgaha çevrilib. 

Elşənin ata-anası da, inandıqları həmin Dərbənddə Qırxlara, Şirvanda Şıxlara qurban demişdilər.


Səsi torpaqlara qarışan Elşən



Şəhidin atası Səlim Səmədov:

- 6  gün onun hərbi hissəsində Elşənlə yoldaşlıq edən dostları barəsində o qədər xoş sözlər  dedilər ki... Elə bizim bu Şamaxıdakı  Nazim Zəkərayevlə də birlikdə qulluq edirdi. Həm də orda dost olmuşdular. Nazimgilin valideynləri yanına gedəndə, ikisi də birlikdə şəkil çəkdirmişdilər. İndi ikisi də şəhiddir. Fələyin yazdığı yazını poza bilsəydik, nə vardı ki... Elşənin gözəl səsi var idi.

Şəhid atası əlindəki telefonfda olan bir musiqi parçasını səsləndirdi. Səsin məlahətindən, incəliyindən adamın ruhu riqqətə gəlirdi. 
- Ay kişi, niyə bu uşağı oxumağa göndərməmisən, belə gözəl səs sahibini itirmisiniz?- deyə soruşdum. Cavab verdi:

- Əsgərliyə getməzdən qabaq, müsabiqəyə getmişdi. Dedilər ki, ustad yanına get, səsini  rəvanlaşdır. Bir arzusu var idi ki, əsgərlikdən gələndən sonra, gedib musiqi dərsi, muğam dərsi alacaq.


- Daha nələr oldu? Bundan sonra neyləmək fikrindəsiniz?

- Hələlik yığışıb kənddə bir qarış torpaq əldə edib, oturmaq fikrimiz var. Elşən qapımıza bütün dünyanın adamını axıdıb gətirdi, gərək xeyir-şəri olan adamların borclarını vermək üçün burda qalaq. Amma yaşamağa yerimiz də yoxdur. Bu gördüyün həyət də qardaşımla anamın evidir.  Bizim burada heç dirriyimiz də yoxdur. Bu evdən bir çöpə də sahib deyilik. Günümüz-güzəranımız qoyun otarmaqla, xalxın mal-qarasına baxmaqla keçib. Böyük oğlum əsgər gedib qayıdıb, indi  bu il üçüncü oğlum Rövşəni də əsgər aparacaqlar. Şamaxının İcra Hakimiyyətinə, kənd  Bələdiyyəsinə  Vətən uğrunda şəhid olan oğlumun atası kimi müraciət etmişəm ki, bir qədər torpaq ayırsınlar, ev tikib içərisinə yığışaq. Ola bilsin ki, pay  torpağı  sahəsi də verəcəklər. İcra Hakimiyyəti bizi ev növbəsinə də yazdı.  Deyirəm bəlkə bundan sonra, balalarımı qapılardan, çadırlardan yığım. Bir də ki, Müdafiə Nazirliyi Şamaxıda  şəhid olan oğulların ulduzlarını gətirib verməyib. Onu gözləyə-gözləyə qalmışam. Şamaxı Rayon İcra Hakimiyyəti  “aprel döyüşləri”ndə şəhid olan üç balamızın şəhid Samir Qaçayevin, Nazim Zəkərayevin və oğlum Elşən Səmədovun şəkillərini götürüb ki, onların  başdaşlarını düzəldəcəklər. Yəqin ki, bu günlərdə şəhidlərin baş daşları da hasilə gələr. Elşənin yas mərasiminə rabitə naziri gəlmişdi.  Kəndin poçtunda Rəfaili işlə təmin etdilər. İcra Hakimiyyəti o biri oğlumun da işlə təmin olunması üçün çalışır. Ölənlə ölmək olmur, buna da öyrəşəcəyik. “Elnən gələn dərd- toy bayramdır”,-deyiblər. Neynək. Evimdə üç oğlum böyüyür, demirəm ki, onlar da gedib şəhid olsun, ancaq, müharibəni başlasalar, onlar da gedib döyüşəcəklər. Çox istəyərəm ki, Elşənin, Nazimin, Samirin qan tökdüyü torpaqlar geri qayıtsın, bu qisas qiyamətə qalmasın.

 

Fizzət nənənin yenə könlü dolu idi. Dedim danış ay nənə. Danışdı:




- Bilmirəm o ermənilər eşidər, eşitməz sözümü, ancaq mənim adımdan onlara bir deyən ola ki, çəkin o yazıq balalarınızı davadan. Qoymayın gəlib yad torpaqda ölsünlər. Keçən dəfə televizorda baxdım ki, erməni anaları qiyam edirlər. Bədbaxlar ağlayır ki, balalarımızı əsgər aparmayın, öldürməyin. Vallah, yazığım gəldi, mən də onlara qoşulub ağladım. Erməni olanda nə olar, o da bizim kimi bala böyüdüb. İstəmərəm kimsənin zəhmətlə böyütdüyü balası ölsün. Bax o erməni köpəy uğaşı var e.... onun da kasıbının balası  gedir, varlısı getmir...  nə sirdirsə, varlı balasını heç yerdə  əsgər aparmırlar.


Şəhid anası Süsən məni oğlunun şəkli açılmış otağa apardı. Otaqda bu ailəyə aid heç nə yox idi. Stolun üstündəki şəkillər və divarda  üstünə qırmızı xələt atılmış Elşən Səmədovun portretindən başqa.  Portretin üstündəki qırmızı xələt diqqətimi çəkdi... (“xələt” – bəyin boynuna atılan  atlas parçalardan, baş örtüklərindən  olur)  Şirvan toylarında adətən, bəy duran oğlanların, ərənlərin boynuna qırmızı xələt atırlar. Bir də ki, Elşənin  balaca cib bloknotunu vərəqlədim. Orada şəhid Samir Kaçayevin telefon nömrəsi yazılmışdı. Süsən ana oğlunun şəkillərini tumarlaya-tumarlaya dedi:

 - Mən  hələ oğul toyu görməmişəm.  Elşənə toy çaldıracaqdım, Allah qismət eləmədi. Səsi torpağa qarışdı balamın...

Türkoloq alim Qiyasəddin  Qeybullayevin “Azərbaycan Türklərinin təşəkkül  tarixindən”   kitabında qədim mənbələrə istinad edərək yazır:
“Türk xalqları zaman etibarilə minillərlə ölçülən zəngin tarixə malikdirlər. Dünyada heç bir xalqın əcdadlarının tarixini döyüş meydanlarında yaratmış qədim türklərlə müqayisə etmək olmaz. Türklər heç vaxt tabelikdə, asılılıqda yaşamamışlar. Onların kişiləri də, qadınları da döyüş meydanlarında həmişə qəhrəmanlıq əzmilə döyüşmüşlər. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hələ də mövcud olan bir çox müxtəlif abidələri, adları, dilləri, adətləri və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir”.


Türkoloq alim Q.Qeybullayev  türk oğullarının istedadından bəhs edir. Şamaxıdan şəhid olmuş o üç gənc qəhrəmanımızın  çox qısa həyat yolunu vərəqləyəndə isə gördüm ki, 23 yaşlı Samir Kaçayev çox istedadlı heykəltəraş idi. Nazim Zəkərayev sağ qalsaydı, gələcəyin gözəl şairi, söz ustası olacaqdı, Elşən Səmədovun səsində isə oxumadığı  “Şirvan şikəstəsi”, “Döymə  Kərəmi”, “Qarabağ şikəstəsi”, “Nar ağacı”... neçə neçə muğamatlar, mahnılar qaldı.

Elşənin qısa ömrü oxumaq istədiyi mahnıların səsini  özü ilə Vətən torpağına apardı. Apardı ki, gələcəkdə kimsə o torpaqdan güc alıb, oxusun, döyüş meydanlatına atılsın.  Bu xalqın döyüş əzmini heç nə ilə sındırmaq olmaz. V əsrdə böyük türk sərkərdəsi Atillanın sarayına gəlmiş Roma konsulu Prisk şahidi olduğu bir maraqlı səhnənin təsvirini verir:   “...nahar vaxtı Hun şairləri Atillanın qələbələrini mədh edir, döyüşçülər şənlənirdilər. Məclisdə olan qocalar isə hərbi səfərlərdə iştirak edə bilmədiklərinə görə ağlayırdılar...”.

Elşən Vətən torpağına əmanət edilərkən , dəfndə  iştirak edən cavanların  hayqırtılarını, əsgər salamlarını hər dəfə internet portallarından həyəcansız izləmək olmur:  Əsgər sırasında olduğu kimi çağırırlar:

Səslər eşidilir:

- Samir Kaçayev !

- Burda!

- Nazim Zəkərayev!

- Burda!

- Elşən Səmədov!

- Burda!

Kənddən çıxanda əsgər paltarında bir oğlanla rastlaşdım. Adını yazmayacağam. Hərbi sirdir. Elşəni soruşdum. Dedi ki, ikimiz bir ananın südünü əmmişik, süd qardaşıyıq.  Soruşdum ki, müharibəyə hazırsınızmı? Cavabı belə oldu: “2-5 aprel döyüşlərində Azərbaycan Ordusu 25 illik bir səddi vurub keçdi. Orduda o gündən baş qaldıran vətənpərvərlik ruhu bu gün də davam edir. Həmin günlərdə orduda xidmət eləyən ağciyər oğlanlar da şirə-pələngə dönmüşdü. Hamımiz  müharibə və mübarizə əzmində idik. Və bu gün də hər bir Azərbaycan əsgəri böyük intizar və şücaətlə torpaqlarımızı azad etmək haqqında düşünür”.



Aida Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir