Modern.az

Özəl baytarlıq xidməti yaradılır

Özəl baytarlıq xidməti yaradılır

22 İyun 2016, 10:42

Kənd Təsərrüfatı Nazirliyində dövlət büdcəsi hesabına çalışan sahə baytarlıq məntəqələri ilə yanaşı, özəl xidmət göstərən baytar həkimlərin fəaliyyətlərinin də mexanizmi hazırlanır.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq, daha savadlı baytar kadrların yetişməsinə dəstək vermək və büdcədən baytarlıq xidmətinə yönəldilən vəsaitin səmərəli istifadəsinə nail olmaqdır.

 

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində beynəlxalq məsləhətçi fəaliyyətə başlayıb və ilkin tövsiyələrini nazirliyə təqdim edib.

 

Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri özəl baytarlıq xidməti fəaliyyətinin tətbiqi üçün dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş modellərlə tanış olublar. Azərbaycan üçün ən uyğun modelin mərhələli keçid olduğu qərara alınıb.

 

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi seçilmiş pilot rayonlarda dövlət baytarlıq məntəqələri ilə parallel olaraq özəl baytarlıq xidmətlərinin də fəaliyyətə başlamasına şərait yaradaraq dəstək verəcək.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!