Modern.az

“Qaraciyər sirrozu artıq sağalan xəstəlikdir” - MÜSAHİBƏ

“Qaraciyər sirrozu artıq sağalan xəstəlikdir” - MÜSAHİBƏ

Mədəni̇yyət

22 İyun 2016, 13:08

Orqanizmin ən önəmli orqanlarından biri olan qaraciyərin müxtəlif xəstəlikləri olur. Bunlar arasında ən geniş yayılanı və insanlardan narahatlıq doğuranı sirrozdur. Əhali arasında sirrozun müalicəsi olmayan və ölümlə nəticələnən bir xəstəlik olması haqqında fikir formalaşıb. Halbuki, peşəkar həkimlər artıq sirrozdan qorxmamağı məsləhət görürlər.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvi, professor Nuru Bayramov Modern.az-a müsahibəsi zamanı bu xəstəlikdən söz açıb.

Nuru Bayramov bildirir ki, sirroz qaraciyərin son dövr xəstəliyidir:

- El arasında buna bərkimə də deyirlər. Tibbi dildə isə “normal qaraciyər toxumasının  fibroz və ya birləşdirici toxuma ilə əvəz olunması” adlandırılır.  Normal toxuma sıradan çıxır, onun yerini birləşdirici, sərt toxuma alır. Beləliklə, 2 proses baş verir. Bir tərəfdən qaraciyərin öz toxuması azaldığı üçün funksiyasını yetərli dərəcədə yerinə yetirə bilmir, digər tərəfdən isə bərkidiyi üçün damarlar da sıxılır. Nəticədə mədə-bağırsaq sisteminin qan axını problemi-durğunluq yaranır ki, buna da portal hipertenziya deyilir.

Portal hipertenziyaözünü qarına su yığılması, damar genişlənməsi, dalağın böyüməsi ilə göstərir. Qaraciyərin əksər xroniki uzun sürən xəstəlikləri sirroza gətirib çıxara bilər. Ona görə də bir xəstədə sirroz varsa, həm sirrozun səbəbini tapmaq, həm də onun ağırlıq dərəcəsini axtarmaq lazımdır.

- Oxucuları maraqlandıran əsas suallardan biri sirrozun sağalıb-sağalmaması ilə bağlıdır. Beləliklə, sirroz xəstəliyi sağala bilərmi?

-Təxminən 10 il bundan əvvəl bütün dünya, təbabət bu suala “yox” cavabı verirdi. Hamı əminliklə deyirdi ki, sirroz sağala bilməz. Amma son illərin təcrübəsi göstərir ki, erkən mərhələdə olan sirrozlarda xəstəliyi törədən səbəblər aradan qaldırılsa, xəstəlik müəyyən qədər geriyə dönə bilər, ən azından olduğu mərhələdə dayanar. Artıq sirrozu, xüsusilə də erkən mərhələlərini geriyədönən, düzələn, sağala bilən xəstəlik kimi qəbul etməyə başlamışıq.

- Sirrozu erkən mərhələdə aşkarlanmayıbsa,  yaxud səbəbi bəlli deyilsə, onda hansı müalicə aparmaq lazımdır?

- Bu günə olan ən effektiv müalicə - qaraciyərin dəyişdirilməsindən ibarətdir. Əksər hallarda sirroz geriyə dönə bilmir, ağır qaraciyər çatışmazlığına, portal hipertenziyanın ağırlaşmasına gətirib çıxarır. Ona görə xəstəyə diaqnoz qoyulubsa, onda o, böyük ehtimalla qaraciyər transplantasiyasına namizəd olur. Bu o demək deyil ki, biz sirrozlu xəstələrin hamısını transplantasiya etməliyik. Bunun da mərhələsi və zamanı var.

Erkən mərhələdəki sirrozlarda transplantasiyaya ehtiyac yoxdur. Çünki, sirrotik qaraciyər əksər hallarda 8-10-15 il rahatlıqla  xəstənin normal yaşamını təmin edə  bilər. Ağırlaşmanın ilk əlaməti  ortaya çıxarsa, onda transplantasiya gündəmə gəlir. Təbii, biz oturub gözləmirik ki, sirrozlu xəstənin vəziyyəti ağırlaşsın və bundan sonra onu əməliyyat edək. Sirrozlu xəstənin hepatoloji mərkəzdə daimi nəzarətdə olması məsləhətdir. Vəziyyətdən asılı olaraq, belə xəstələr 2-6 aydan, heç olmasa ildə bir dəfə yoxlanmalıdırlar. Cərrahiyyənin bir qanunu var. Əməliyyata yaxşı vəziyyətdə gedən xəstə yaxşı  çıxar. Əməliyyata çətin, ağır vəziyyətdə girən xəstə əməliyyatdan çətin və ağır şəkildə dəçıxar. Ona görə vaxtında transplantasiya etmək lazımdır.

- Müasir dövrdə hansı orqanların köçürülməsi daha aktualdır?

-Bu gün bir çox orqanlar uğurlu şəkildə köçürülməkdədir. Bunlarda birincisi böyrək, ikincisi isə  qaraciyərdir. Daha sonra klinikalardan asılı olaraq ağciyər, nazik bağırsaq, ürək, mədəaltı vəzin və digər orqanların  köçürülməsi də yerinə yetirilir. Bəzi orqanlar varki, onlardan uşaqlıq, beyin hüceyrəsi, beyin hüceyrəsi, sinir toxumasının köçürülməsi və s. ilkin mərhələdədir. Bunlar hələlik geniş  tətbiq olunmayıb.

Son illərdə  kompozit toxuma köçürmələri, yəni ətrafların, əlin, ayağın, üzün köçürülmələri geniş yayılıb.  Belə halda dəri, əzələ, lazım gələrsə sümük də bərabər şəkildə köçürülür. Son illərdə mikrocərrahiyyənin inkişafı ilə əlaqədar bu da gündəmə gəlir və tətbiq olunmaqdadır. Həmçinin, klassik olaraq gözün buynuz qişasının köçürülməsi prosesi var ki,  xüsusən beyin ölümü donorlarının tətbiq edildiyi ölkələrdə  uğurla həyata  keçirilir.

-Orqan transplantasiyası keçirən xəstələr əməliyyatdan sonra daha çox nələrə diqqət etməlidir?

 -Xəstənin birinci diqqət edəcəyi şey dərmanlarının vaxtında qəbul etməsidir. Orqan köçürülməsi zamanı  köçürülən orqanın vücudda adaptasiyasının təmin olunması, yaxud orqanizmin onu rədd etməsinin qarşısını almaq üçün immunosupresiv dərmanlardan istifadə olunur.  Əksər xəstələrin ömür boyu bu dərmanları qəbul etmələri lazım gəlir. Belə xəstələr mütləq nəzarətdə olmalıdırlar. Bəzi hallarda nəzarətdən yayınsa, problem ortaya çıxa bilər.

Üçüncü diqqət olunmalı məqam isə həyat tərzidir. Əksər hallarda transplantasiya olmuş xəstələrin həyat tərzi normal insanlardan fərqlənmir. Bu xəstələr 6 ay 1 il ərzində tam adaptasiya olduqdan sonra rahatlıqla əvvəlki normal iş rejimlərinə, ailə qayğılarına qayıda bilərlər. Ancaq onlar  orqanizmi zədələyə biləcək, orqanizmə mənfi təsir göstərə biləcək halların qarşısını almalıdırlar. İnfeksiyalara qarşı  çox həssas olurlar. Çünki, onların qəbul etdikləri  immunosupresiv dərmanların özləri infeksiyadan başqa, kardiovaskulyarxəstəliklərin, o cümlədən diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bunu da nəzərə alaraq, xəstələr həyat tərzlərindənqidalanmaları, fiziki aktivliklərinə qədər hər bir şeyə diqqət etməlidirlər. İnfeksiyadan qorunmanın birinci yolu əlləriyumaqdır. Bundan başqa,  fiziki aktivlikdən geri qalmamalı, gün ərzində  açıq havada ən az  1 saat gəzməlidirlər. Dərman qəbul edən xəstələr günəş işığına qarşı çox həssas olurlar. Ona görə də günəş işığının təsirindən uzaq qalsınlar və bu kimi şeylərə diqqət etsinlər.

-Orqan bağışlamaq üçün yaş həddi varmı?

-Bəli var. Qanunvericiliyə görə 18 yaşından yuxarı sağlam bir şəxs könüllülük əsasında donor ola bilər. Nə bizdə, nə də başqa bir yerdə könüllü orqan bağışlamağın yuxarı yaş həddi yoxdur. 18 yaşından aşağı canlı donor ola bilməz. Beyin ölümü keçirən xəstələrin qərarını isə ailələri verir. Burada isə yaş həddi yoxdur. Bir meyar var ki, o da donorun sağlam olmasıdır. Çünki, donor sağlam olmazsa, donorun özündə olan  hər hansı bir xəstəlik köçürülənə  keçə bilər.

- ATU-nun Tədris Cərrahiyyə Klinikasında transplantasiya  istiqamətində hansı işlər görülür?

- ATU-nun Tədris Cərrahiyyə Klinikasındaorqan transplantasiyası ilə əlaqədar xeyli işlər görülüb və bu işlər davam edir. 2013-cü ildə möhtərəm prezidentimiz İlham Əliyev klinikanın açılışını edərkən,  xəstəxananın inkişaf prioritetlərindən biri də orqan transplantasiyası oldu və orqan transplantasiya şöbəsi rəsmi olaraq yaradıldı, təsdiq olundu.  O dövrdən bu vaxta qədər müəyyən işlər aparılıb: Birinci olaraq, bir neçə mütəxəssisimizi xaricə göndərdik. Orada təkmilləşmə keçdilər. Bu arada biz bu şöbəyə lazım olan bir neçə cihazı aldıq. Türkiyənin İnönü  Universitetinin Qaraciyər Transplantasiyası İnstitutu və Bilim Universiteti böyrək transplantasiyası bölümü ilə əlaqə yaratdıq. Keçən il 2015-ci il avqustun 23-də böyrək transplantasiyası proqramına başladıq və bu günə qədər 5 böyük böyrək transplantasiya əməliyyatı həyata keçirmişik. Bunlar üçün əlavə dializ şöbəsi qurulub. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası olaraq Tədris Terapevtik Klinikasının nefroloji şöbəsi ilə birlikdə çalışırıq. Cərrahiyyə Klinikasında artıq transplantasiya şurası fəaliyyət göstərir. Hər həftə toplantılar keçirilir və   xəstələr müzakirələr olunur. Artıq qaraciyər transplantasiyasına hazırlıq işləri gedir. Artıq qaraciyər transplantasiyasına hazırlıq işləri gedir. Klinikada transplantasiya şöbəsinin tərkibində hepatoloji qrup da fəaliyyət göstərir. Onlar da qaraciyər transplantasiyasına namizəd olan xəstələri dəyərləndirir və lazım olan hazırlıqları yerinə yetirir.



Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi