Modern.az

Siyavuş Novruzov İqbal Ağazadəni aşağıladı: “...bir şillə, iki təpikdən sonra...”

Siyavuş Novruzov İqbal Ağazadəni aşağıladı: “...bir şillə, iki təpikdən sonra...”

22 İyun 2016, 15:16

“Adətən ciddi siyasətçilər seçkiyə ciddi yanaşırlar. Yəni namizədliklərini verdikləri dairədə əvvəlcədən araşdırma aparır ki, seçilə bilər və ya bilməz, seçicilər onu tanıyır ya tanımır. Qeyri-ciddi siyasətçilər isə elə hansı dairə boşaldı, orda namizədliyini verir ki, tutar tutar, tutmaz da şər böhtana əl atsın, seçkiyə kölgə salsın, ləkə yaxsın, məğlubiyyətini səs küy salmaqla ört-basdır etsin”.

 

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisə Ağdaşdan təkrar keçirilən seçkilərlə bağlı namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin ittihamlarına cavab verərkən deyib.

 

S. Novruzov bildirib ki, Ağdaşdan YAP-ın namizədi qalib gəlİb, bunun da kifayət qədər əsası var: “Orda YAP-ı kifayət qədər dəstəkləyən insanlar var. Ölkədə gedən siyasətin nəticəsi olaraq YAP-ı əhalinin böyük əksəriyyəti dəstəkləyir. Biz bütün seçkilərdə bunun şahidiyik”.

 

İ. Ağazadənin ona qarşı səsləndirdiyi fikirlərə cavab olaraq S. Novruzov qeyd edib ki, seçkini kənara qoyub, etikadan kənar fikirlər səsləndirmək hər insanın özünün xislətindən və siyasi oriyentasiyasından xəbər verir: “İqbal Ağazadə 2002-ci ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik”.

 

Qeyd edək ki, İqbal Ağazadə "Yeni Müsavat" qəzetinə açıqlamasında seçkinin nəticəsinə etiraz olaraq YAP və xüsusilə Siyavuş Novruzov barəsində sərt ifadələr işlədib: “Siyavuş Novruzovun seçkidən xəbəri yoxdur. Siyavuş Novruzova nə deyə bilərəm ki..? Adam hələ “molotov kokteyli” ilə kotleti ayıra bilmir. Seçki ilə bağlı Siyavuş Novruzovun düşüncəsi bu qədərdir. Ondan o tərəfə deyil. Ümumi seçkilərlə bağlı mövqeyimizi ifadə etmişik. Kifayət qədər də faktlarımızı mətbuatda sadalamışıq. Siyavuş  Novruzov təəssüf ki, hər şeyə ironik yanaşır. Hesab edir ki, bu yanaşma hər zaman doğru olur. Onun yanaşmalarından belə çıxır ki, bu adamın ümumiyyətlə, seçkidən xəbəri yoxdur. Və seçki haqqında heç bir məlumata sahib deyil”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir