Modern.az

“Zəngəzur dağlarında”n görünənlər

“Zəngəzur dağlarında”n görünənlər

23 İyun 2016, 16:54

Tarix zamanın diktəsi ilə yazılır. Oradakı hadisələr, hər kiçik epizod isə sonralar gərəkli sayılacaq qədər vacib olur. Sadəcə, onların nə dərəcədə ictimai məna daşıması hadisələrin qaynar günlərində bir o qədər də diqqətə çarpmır. Lakin zaman keçdikcə yazılan hər bir tarixi oçerk, xüsusən də bədii əsərlərdə “qatı açılmayan” faktlar və fikirlər həmin dövrün olaylarına, insanın qanını donduran gərgin vəziyyətlərə, təzadlı çağlara işıq tutur. Bu baxımdan Azərbaycanın ictimai-siyasi tarixində izi və sözü olan, zəmanəsinin görkəmli dövlət xadimi Nəzər Heydər oğlu Heydərovun bədii-publisistik janrda qələmə aldığı “Zəngəzur dağlarında” kitabı xüsusi əhəmiyyət kəsb edir.

Həmin kitabı müəllif vəfatından üç il əvvəl, 1965-ci ildə tamamlamışdır. Bu nəşrin hər sətri, hər səhifəsi Nəzər Heydərovun taleyüklü tarixi hadisələr axınında keçirdiyi ömürnaməsindən xəbər verir. Bir növ, “Zəngəzur dağlarında” dövrün baş verən olaylarının, ictimai-siyasi ab-havasının canlı şahidinin təəssüratlarıdır.

Nəzər Heydərov kimdir? O, 1896-cı ildə Yelizavetpol quberniyasının Gürcülü kəndində doğulmuşdur. 1913-1918-ci illərdə Bakıya gəlmiş, Balaxanı neft mədənlərində çalışmışdır. Müəllif özünün qeydlərində göstərir ki, o, dövrün tələblərini nəzərə alaraq, rus dilini öyrənmiş və beləliklə, Rusiya Sənaye Akademiyasını və Moskva Neft İnstitutunu bitirmiş və iki ali təhsilə yiyələnmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə Qubadlıda inqilab, qəza partiya komitələrinin katibi, icraiyyə komitəsinin sədri vəzifələrində işləmişdir. Daha sonra Ağdaş qəza və Şuşa rayon icraiyyə komitələrinin sədri, eyni zamanda DQMV MİK sədrinin müavini olmuşdur. N.Heydərov ovaxtkı “Əzizbəyovneft” trestinin müdiri, “Azneft” Birliyinin sədri vəzifələrində işləmişdir. 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində çalışmış, həmin dövrdə ikinci və üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, “Lenin”, “Qırmızı Bayraq” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülmüşdür. Bu il Nəzər Heydərovun anadan olmasının 120 illiyidir.
Kitabın maraqlı məqamları çoxdur. Əlbəttə, bədii-bioqrafik janrda qələmə alınan hadisələrdə yeri gəldikcə publisistikanın, eləcə də jurnalistikanın formalarından istifadə olunması əsəri son dərəcə oxunaqlı edir. Maraqlı məqamlardan biri də N.Heydərovun məhz Cənubi Azərbaycanda milli hökumətin yaradılmasındakı misilsiz və təəssüf ki, az qala unudulan fəaliyyəti ilə bağlı hadisələrdir. Həyatının xüsusi səhifəsi sayılan 1945-1946-cı illərdə N.Heydərov Cənubi Azərbaycanda fəaliyyət göstərib. Həmin dövrdə artıq polkovnik rütbəsinədək yüksələn bu insan İrandakı sovet döyüşçülərinin xüsusi təyinatlı dəstəsinin qərargah rəisi olub. Orada əsasən neft məsələləri ilə məşğul olsa da, siyasi sahədəki fəaliyyətini də yüksək səviyyədə yerinə yetirib. İranın azadlığı və quruculuğu üçün ağır mübarizə yolu keçmiş Seyid Cəfər Pişəvərinin yaxın dostu və silahdaşı olmuşdur.

Bir qədər müfəssəl şəkildə götürsək, “Zəngəzur dağlarında” kitabında müxtəlif coğrafi vəziyyət, yəni ərazilərin fiziki və iqtisadi məkan kimi xüsusiyyətləri, o dövrlərdə mahalın mərkəzi olan Gorusda yaşayan əhalinin say və etnik tərkibi, məşğuliyyəti, mədəniyyəti və mənəviyyatı, dili, folkloru və s. haqqında məlumatlarla olduqca zəngindir. Əsərdə ağrı hissi ilə daşnak azğınlığı və vəhşiliyi təsvir edilir. Həmin çətin şəraitdə onlara qarşı aparılan üstüörtülü mübarizələr - istər kadrların yerləşdirilməsi, siyasi situasiyalarda mühüm məqamların azərbaycanlıların xeyrinə həll edilməsi və s. məsələlər öz əksini tapır. Ona görə də erməni millətçiləri dəfələrlə bu kitabın nəşrinə mane olmağa çalışıblar. Səbəb isə müəllifin Zəngəzur torpaqlarının başdan-başa Azərbaycana məxsus olduğunu faktlarla göstərməsidir: “Keçmiş Zəngəzur qəzasında üç Sultanovlar nəsli yaşayırdı. İndiki Laçın rayonuna daxil olan Kürdhacı kəndindən olan Sultanovlar nəslən, ata-babadan mülkədar deyildilər. Qarabağın general-qubernatoru Xosrov bəyin babası çarvadar olmuşdur. O zaman xalq arasında deyərdilər: “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”. Bax həmin bu qatırçı Murad Sultanovların babası idi. Murad varlanıb Əsəd Sultanlı bəyin qohumunu almışdı... Qubadlı və Hacıalı kəndlərində yaşayan Bərgüşadlı Sultanovlar isə kürd idilər və ata-babadan mülkədardılar. Mərmər, Hal, Davudlu, Mahmudlu və Zeyvə kəndləri Bərgüşadlı Sultanovların idi. Mac, Ağbulaq, Qurtqalağı kəndlərində yaşayan müflisləşmiş bəylər də bu Sultanovlar nəslindən idilər.
Danzaver və Pirçivanda yaşayan üçüncü Sultanovlar nəsli zadəgan idilər. Erməni kəndləri - Kovdar, Aşağı Xotanan, Yuxarı Xotanan, Azərbaycan kəndləri Gürcülü, Əyin, Mistan, Qiyaslı, Göyərcik, Xallava, Aşağı Cibikli, Yuxarı Cibikli, Malatkeşin, Genlik, Məmmədli kəndləri Danzaverli və Pirçivanlı Sultanovlara aid idi. İsgəndərbəyli, Ovqanlı, Göyarabas, Seytas, Bəxtiyarlı, Qarıqışlaq kəndlərində yaşayan bəylər də Danzaverli Sultanovların nəslindən idilər...

Zəngəzurda başqa varlı mülkədarlar da vardı. Qıraq Muşlan, İçəri Muşlan, Zəngilan, Məmmədbəyli, Sobu, Tatar, Keçikli kəndləri Cavanşirovların idi. Kirəvic o zaman Gorusda yaşayan Lohraz bəy və Hüseyn bəy Behbudbəyovların idi. Mehri rayonundakı Birinci Vartanadzor və İkinci Vartanadzor kəndlərinin sahibi Sərməstbəyovlar idi. Fərəcan, Diləlimüşkənli, Saray, Kertizan, Göyyal kəndləri isə Hacıbəyovların idi... Qarabağın varlı mülkədarlarının Zəngəzurda çoxlu kəndləri var idi. Dığ kəndi Rüstəmbəyovun idi. Ağdü, Vağdü və Dərəkənd kəndləri Əli bəy və Mirzəli bəy Behbudovların idi. Xanlıq, Mahrızlı, Xəndək kəndlərinin sahibi Keyqubad ağa Cavanşirov idi. Həbib bəy Şəkinski isə Həkəri, Muradxanlı, Novruzlu kəndlərinin sahibi idi. Əliquluuşağı kəndinin camaatı Mehdibəyovun rəiyyəti idi. Mehdiqulu xan Qarabağskinin (İbrahim xanın oğlu) qızı knyaginya Gövhər ağa Usmiyeva Məlik Pəyəsi, Comartlı, Cicimli, Qara dərəsi kəndlərinin sahibi idi, üstəlik, onun bu yerlərdə 27 min desyatin meşəsi vardı...”

Müəllif “Zəngəzur dağlarında”nı qələmə almaqla sanki yazılmamış tariximizin qapalı qalan bir çox səhifələrini oxucuya vərəqlədir. Onun həyat və yaradıcılıq bioqrafiyası isə əslində ayrıca bir kitab mövzusudur. Zəngin bioqrafiyaya malik N.Heydərov burada yalnız ictimai-siyasi, yaxud dövlət xadimi və kitabın müəllifi kimi verilsə də, oxucu həm də onu həmin vaxtdakı yaşıdlarından fərqli formada tanıyır. Əsər şərəfli ömürlərdən də soraq verir. Onun ailə həyatı maraqlı, unudulmaz və keşməkeşli olmuşdur. O zamanlar “sinfi düşmən” sayılan Əhməd bəy Məlikin ailəsindən olan Rəxşəndə xanımla tanışlıq ona baha başa gəlmişdi. Lakin repressiya qurbanlarından olan ailənin qızı ilə xoşbəxt yaşamaq hər şeydən dəyərli idi.

Çox təəssüf ki, bu gün gənclərimizin əksəriyyəti sovet dövründə yaşayıb-yaratmış görkəmli insanları kommunist olduğu və sovetlərin rifahı naminə işlədiyi üçün tarixin səhifəsindən silmək istəyir. Amma düşünmürlər ki, məhz belə şəxsiyyətlər öz fəaliyyətləri və əməlləri ilə bugünkü müstəqil Azərbaycanın bünövrəsini qoymuşlar. Onlar xalqa ayağa qalxmağa və onun millət kimi qorunub saxlanmasına mənəvi və əxlaqi dayaq olmuşlar. Bu faktlar heç vaxt unudulmamalıdır...
Həyatını əqidəsi, amalı, məsləki uğrunda mübarizəyə fəda edən Nəzər Heydər oğlu Heydərov da belə şəxsiyyətlərdən idi.

İradə ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir