Modern.az

Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər

Jurnalist-tələbələr buraxılış işlərini müdafiə etdilər

24 İyun 2016, 17:48

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiədə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, fakültənin müəllim və tələbələri də iştirak edib. 

 

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının diplomçusu Maral Nəcəfli “Tələbə qəzetinin tipoloji xarakteristikası. “Jurnalist” qəzetinin fəaliyyət prinsipləri” adlı diplom işini təqdim edib.

 

Qəzetin tarixi, fəaliyyət istiqamətləri, vaxtilə həmin qəzetdə məqalələr dərc etdirmiş müəlliflər haqqında məlumat verən M.Nəcəfli, eyni zamanda “Jurnalist”in müasir durumu, toxunulan mövzular barədə danışıb, iş prosesində qarşılaşdıqları problemlər barədə məlumat verib. Sonra ona ünvanlanmış sualları cavablandıran M.Nəcəflinin diplom işi haqqında opponent rəyi müsbət olub.

 

Çıxış edən rektor Abel Məhərrəmov müdafiədə iştirakı ilə bağlı Maral Nəcəflinin müraciətini yüksək qiymətləndirdiyini bildirib. İddiaçının hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını qeyd edib və  kitabını hədiyyə edib.

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edilən iş haqqında müsbət fikirlər səsləndirib, qəzeti ümummilli tələbə qəzetinə çevirmək istiqamətində təkliflər irəli sürüb. Qeyd edək ki, fakültənin dekan müavini Könül Niftəliyevanın elmi rəhbəri olduğu buraxılış işi yüz balla qiymətləndirilib.

 

Sonra həmin kafedranın diplomçusu Tünzalə Paşayeva “BDU Mətbuat xidməti medianın informasiya mənbəyi kimi” adlı buraxılış işini təqdim edib. T.Paşayeva BDU mətbuat xidmətinin yaranma tarixindən, kütləvi informasiya vasitələri ilə işbirliyindən, respublikada gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə görülən işləri və respublika əhəmiyyətli hadisələri mətbuatda işıqlandırmasından danışıb. BDU Mətbuat xidmətinin keçirilən sorgulara əsasən dəfələrlə “İlin ən yaxşı mətbuat xidməti” adına layiq görüldüyünü də diqqətə çatdırıb. Filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhilə Kəsəmənlinin elmi rəhbəri olduğu buraxılış işinin opponenti dosent Akif Rüstəmov, beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və digər çıxışçılar işlə bağlı müsbət fikirlər söyləyiblər.

 

Sonra Qızılgül Rəhimova «Azərbaycan telekanallarının inkişaf perspektivləri, Faiq Kərimoğlu «TV tok-şoularında mövzu seçimi problem kimi», Şəfa Dadaşova «2-ci Dünya müharibəsi dövrünün publisistləri: Rəsul Rza, Rza Quliyev», Çinarə İsmayılova «Azərbaycan media məkanında jurnalistin peşə etikası problemləri», Niftulla Məmmədli «Azərbaycan» qəzetində parlament mövzusu (1918-1920)” və Nərmin Əkbərova «Sosial mediada» etik davranış qaydalarının tətbiqi təcrübəsi» mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir