Modern.az

Əli Hüseynli: “Deputatın etik davranış qaydaları haqqında” qanun qəbul olunmalıdır”

Əli Hüseynli: “Deputatın etik davranış qaydaları haqqında” qanun qəbul olunmalıdır”

24 İyun 2016, 17:56

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında yaşanan mübahisə parlamentin İntizam Komissiyasında araşdırılacaq.

Modern.az məsələyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən də münasibət öyrənməyə çalışıb. Komitə sədri Əli Hüseynli hadisədən təssüfləndiyini bildirərək, əməkdaşımızla söhbətdə deyib:

“Milli Məclisin iclasının gedişi və millət vəkillərinin məhz iclasdakı davranışları Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir. Bu baxımdan Zahid Oruc da daxil olmaqla millət vəkili kimi hamımız tərəfindən Milli Məclisin iclasları zamanı parlament etikasına riayət olunması vacibdir”.   

Əli Hüseynlinin sözlərinə görə, parlamentin iclasında heç kəs Milli Məclisin iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhrum edilir:

“Ümumiyyətlə, Milli Məclisin iclaslarında iştirak edən hər kəs və ilk növbədə deputatlar parlament etikasını gözləməlidirlər, iclasın normal gedişini və iş qaydasını pozmamalıdırlar.

Milli Məclisin iclasına sədrlik edən parlament etikasını gözləməyənə xəbərdarlıq edə bilər, bu təkrar olunarsa, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə bilər.  Özünü bu tərzdə aparmağa davam edən şəxs Milli Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla da bilər.

Təəssüf edirəm ki, indiyə qədər hakimiyyətin digər qollarının – icra və məhkəmə hakimiyyətinin etik davranışını tənzimləyən qaydaların qəbul olunmasına baxmayaraq,  parlament üzvləri ilə bağlı belə bir sənəd mövcud deyil. Ümidvaram ki, növbəti parlament sessiyasında “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun da qəbul olunacaq. Çünki, parlament üzvünün həm məclisdə, həm də məclisdən kənarda davranış qaydaları xüsusi qanunla tənzimlənməlidir”.



Ağa Akifoğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi