Modern.az

Jurnalistlər Brilliant Dadaşova haqqında Modern.az saytına danışdılar...

Jurnalistlər Brilliant Dadaşova haqqında Modern.az saytına danışdılar...

19 Yanvar 2011, 13:44

Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez ünsiyyətdə olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Mədəniyyət yazarları Modern.az saytında tanınmış sənət adamlarını xarakterizə edirlər.
Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə, İlhamə, Tünzalə Ağayeva, Xatirə İslam, Faiq Ağayev, Manana və Zamiqi  xarakterizə edən yazarlar indi də Brilliant Dadaşova  haqqında fikir söylədilər.

Beləliklə, “Birilliant necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları...  

“Jurnalistlərlə münasibətdə ayrı-seckiliyə yol verir”

Tahirə Məmmədqızı - ”Şərq” qəzetinin əməkdaşı:
“Çalışacam ki, Brilliant Dadaşova haqqında fikirlərimi dilə gətirəndə obyektiv olum. Sənətci olaraq bəyənirəm, sənətkar olaraq Azərbaycan musiqisində özünə yer tapa bilib. Ancaq mənim onun haqqında fikirlərim bəlkə də subyektiv səslənə bilər.

Şəxsi münasibətlərimiz demək olar ki, soyuqdu. Səbəbi yəqin ki, bir çoxları üçün aydındır. Ümumiyyətlə, mətbuat konfranslarında, digər məqamlarda mənim verdiyim sualları o, çox soyuq və ya aqressiv cavablandırıb. Düşünürəm ki, ya jurnalist olaraq mənə antipatiyası var, ya da mənim dost bildiyim sənətkarla münasibəti kifayət qədər yaxşı deyil deyə, Brilliant Dadaşova məni özünə düşmən bilir.
Onun səsi var, mahnıları maraqlı ifa tərzi ilə fərqlənir. Bir çox Azərbaycan müğənnilərindən fərqli olaraq, maraqlı kiliplər çəkdirməyi bacarır. Azərbaycan səhnəsində özünəməxsus yeri var.

Jurnalistlərlə münasibətdə ayrı-seckiliyə yol verir. Yəqin bu da ondan irəli gəlir ki, tənqidləri qəbul etməyi bacarmır.
Brilliant xanım məhz o müğənnilərdəndir ki, tənqidi qəbul etməyi qətiyyən bacarmırlar. Bəlkə də bu onun ən böyük qüsurlarından sayılır. Ümümiyyətlə, sənətdə olan insan istimaiyyətin də, mətbuatın da tənqidi fikirlərni həm qəbul etməyi bacarmalıdır, həm də o tənqidlərdən müəyyən nəticə çıxartmağı öyrənməlidir. Çox təəssüf ki, Brilliant Dadaşova ümumiyyətlə tənqidlərə sağlam münasibət bildirməyi bacarmır”.

“O mənim üçün müğənni, mən də onun üçün izləyiciyəm”

Zakirə Zakirqızı - “ATV maqazın” jurnalının redaktoru:
“Brlliant Dadaşova haqqında fikirlərim müsbətdir. Yaxşı ifacıdır, gözəl səsi var və gözəl insandı.

Jurnalistlərlə münasibəti haqqında bir söz deyə bilmərəm, çünki, şəxsi tanışlığım yoxdur. O mənim üçün müğənni, mən də onun üçün izləyiciyəm . Brilliant Dadaşovadan çoxdandır ki, müsahibə almaq istəyirəm, hələki mümkün olmayıb, xarici ölkələrdə çox olur, yəqin onunla əlaqədardır ki, Birilliant xanımla müsahibəmiz baş tutmur”. 

“Bəzi məqamlarda insanları məyus edir”

Elşad Ümid – “Reytinq” qəzetinin əməkdaşı:
“Brilliant Dadaşova  səhnədə uzun bir yol kecib. Artıq, səhv etmirəmsə 25 ildir səhnədədir və səhnəyə çıxdığı ilk gündən diqqətləri üzərinə çəkməyi bacarıb. Düzdü 80-ci illərdə səhnəyə çıxanda o dövr başqa idi. O vaxt elə bil ki, nəhənglərin dövrü idi. Ona görə, Brilliant Dadaşova özü hec də asanlıqla qəbul olunmayıb. Amma buna baxmayaraq, səhnədə öz yerini tuta bildi. Xalq artisti adına kimi yüksəlib. Amma bəzi məqamlar var ki, bunu tək öz adımdan demirəm, tamaşaçıların adından da deyirəm ki, o, insanları məyus edir. Brilliant Dadaşovanın ifasını əksəriyyət bəyənir, amma hansısa məqamlar olub ki, geyimi, yaxud bəzi şəkilləri bəyənilən olmur.

Jurnalistlərlə münasibətinə gəldikdə Brilliant Dadaşovanı demək olar ki, heç görmürük. Türkiyəyə çox gedib-gəlir. Biz onu çox az görürük deyə, o qədər də əlaqəmiz yoxdu. Mətbuatda da Brilliant Dadaşova haqqında informasiyalar çox deyil. Ancaq albomu çıxanda və ya hansısa yenilik olanda xəbərlər olur”.

“Nədənsə son zamanlar dinləyicilərini yaddan çıxarıb”

Cəvahir Səlimqızı - “Mərkəz” qəzetinin əməkdaşı:
“Brilliant Dadaşova xalq artistidir, onun yaxşı müğənni olması barədə fikir söyləmək artıq olardı. Artıq, o, öz möhürünü vurmuş sənətcidir. Brilliant Dadaşova ustad sənətkar Rafiq Babayevin məktəbini kecib. Onun maraqlı repertuarı var, hər zaman diqqət mərkəzində olan və dövrün nəbzini tutmağı bacaran müğənnidir. Səhnə üçün baxımlı olan Brillinat xanım nədənsə son zamanlar dinləyicilərini yaddan çıxarıb. Çox vaxt Türkiyədə olan Dadaşona dinləyicilərə demək olar ki, yeni mahnılar təqdim etmir. Eşitdiyimiz bütün mahnıları köhnə repertuarından olan mahnılardır.

Onun mətbuat xidməti var, əvvələr vaxtında jurnalistləri informasiya ilə təmin edirdi, amma nədənsə son vaxtlar bir qədər mətbuatla əlaqələri qırılıb. Bu da onunla bağlıdır ki, vaxtının çoxunu Türkiyədə keçiri. Brilliant Dadaşova sənətkardır, dinləyicilər ondan dedi-qodu, qalmaqal xəbərlərindən çox yeni mahnılar gözləyir. Təəssüf edirəm ki, Brilliant xanım hərdən maqazin proqramlarında görsənir, orada adı qalmaqallarda  çəkilir. Xüsusilə qeyd etmək istərdim Brilliant Dadaşovanın xalq artisti Nisə Qasımova ilə olan xoşagəlməz qalmaqalını. Hər halda Nisə Qasımova da sözünü demiş sənətkardır. Mən istəməzdim ki, o, Nisə xanımın ünvanına fikir səsləndirsin, xüsusi ilə də şəxsi məsələni qabartsın, hər halda, hər bir sənətkarın pərdəarxası çatışmayan tərəfləri olur. Bunları efirdən səsləndirmək deməzdim ki, Brilliant Dadaşovaya başucalığı gətirdi”.

“Son vaxtlar sənətində yenilik görsənmir”

Mətanət Şamilqızı - “Oxu məni”qəzetinin əməkdaşı:
“Brilliant Dadaşova gözəl sənətkardır, özünə və bacılarına hörmətim var. Davranışı və səhnə mədəniyyətini şox bəyənirəm, qalmaqal yaratmır, sənəti ilə uzun illərdir yadda qalır.

Öz üzərində işləyir, daim dəyişir, yaşına görə gözəldir. Mənə elə gəlir ki, bir az tənbəldir, sənətində yenilik görmürəm, əvvəllər bir sıra mahnıları var idi, onun “Züleyxa” mahnısını çox bəyənirdim. Kilipləri də sanballı olurdu. Son vaxtlar isə sənətində yenilik görsənmir.

Jurnalistlərlə münasibəti də pis deyil, düzdü müsahibim olmayıb, amma ki, tədbirlərində olmuşam. Şirindildir, elə ən əsası da budur. İndi iki –üç gün oxuyan müğənni özünü dartır, deyir “məndən yoxdur”, yanında cangüdənlə gəzir. Amma Brilliant xanım səmimidir və özünü dartmır. Tədbirlərdə də fikir vermişəm, hamının ayrı ayrılıqda suallarını cavablandırır. Bu xüsusiyyətini yüksək qiymətləndirirəm. Neçə ilin sənətkarıdır, özünə hörmət etdiyinə görə də, jurnalistlərə qarşı da bu cür davranır, media işciləri ilə  mehriban və səmimi rəftar edir. Əslində Brilliant xanım gərək mənəm-mənəm desin, çünki, onun səsi də, sənəti də olan müğənnidir, amma görməmişəm ki, özündən müstəbeh danışsın. Sadəcə son vaxtlar yenilikləri gözə çarpmır”.

“Kaprizli müğənnidir”

Vüqar Vüqarlı- “Day.az”portalının şöbə müdiri: 
Brilliant Dadaşova desəm ki, qadın müğənnilər arasında son 10 ildə ən yaxşı səsə malik müğənnidir, yanılmaram. Hətta biz “Day.az” saytı olaraq onu 10 illiyin müğənnisi secmişdik. Bunu insanlar secmişdi, bu secimdə Brilliant digər müğənniləri çox böyük fərqlə geridə qoymuşdu. Hətta Alim Qasımovu da geridə qoydu, düzü bu mənə təəccüblü gəlmişdi. Düşünürdüm ki, bu sorğunun qalibi Alim Qasımov olacaq, amma Brilliant xanım qalib oldu və məni də sözün yaxşı mənasında təəccübləndirdi. Siz bilseydiniz mənəm-mənəm deyən müğənnilər həmin sorğuda necənci yerləri tutmuşdular...

Brilliant xanım hər şeydən tez inciyir və çox kövrək  insandı. Hərdən olur ki, istəmədən onun xətrinə dəyirsən. Amma başqası bəlkə də, bu sözdən inciməzdi.

Bəzən deyirlər ki, Brilliant xanım özündənrazıdır, məncə burda özündənrazılığın yeri var. Özünü təsdiq edəndən sonra, niyə də razı olmasın. İndi adi müğənnilər də özündənrazılıq edir. Çünki, bu insan digər müğənnilərin qadir olmadığı  şeylərə qadirdir. Mən hesab edirəm ki, belə müğənnilər özündənrazı olmalıdır.

Brilliant Dadaşovanın həm insan kimi, həm də müğənni kimi kaprizləri var. Amma, doğurdan da onun ətrafında olan insanlar çalışırlar onun kaprizlərini yola versinlər. Çünki hamı onun xətrini çox istəyir. Yenə də deyirəm, əgər, Brilliant xanım buna layiq olmasaydı, belə rəftar etməzdilər. Çox şahidi olmuşam ki, bəzi müğənnlərin kaprizlərinə heç fikir də vermirlər və onlar o kaprizlərinə görə, çox sərt cavab alırlar. Amma Brilliant xanımın xətrinə dəymək istəmirlər. Belə görünür ki, bu xanımın xətrinə məndən başqa hec kim dəymir. Amma yenə də, deyirəm bu məndən asılı deyil.  

Brilliant Dadaşovanın jurnalistlərlə münasibəti normaldır, inanmıram ki, hansısa bir jurnalist onun haqqında pis məqalə yazsın. Çünki pis yazmaq üçün səbəb olamlıdır, amma Brilliant Dadaşova haqqında mənfi nə yazasan? Oxumağı oxumaq, görünüşü görünüş. Ona görə jurnalistlərlə konflikti olmayıb. İncikliklər olub, hərdən görürsən nəsə yazmışam, xoşuna gəlməyib. Amma bu ona görə baş verib ki, onun fikrincə, mən nəyisə çox qabartmalıydım, qabartmamışam, sadəcə olaraq üstundən kecmişəm. Belə şeylərə görə incikliklər olub”.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir