Modern.az

Samux rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri şikayətçidir

Samux rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri şikayətçidir

Mədəni̇yyət

19 Yanvar 2011, 15:31

Samux rayonunda tariximizi əks etdirən maddi-mədəni abidələrin tədqiqinə və mühafizəsinə böyük ehtiyac var.
Samux rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Əliyev Modern.az-a rayondakı dövlət əhəmiyyətli 20 tarixi abidədən artıq 16-nın baxımsızlıq ucbatından məhv olduğunu bildirib.

Hazırda Samuxda 7-9-cu əsrlərə aid olan pir ocağı, 1400 il əvvələ təsadüf edən Düldül ağacı, 19-cu əsrə aid olan məscid, qəbiristanlıqlar və kəhrizlər mövcuddur.  
Süleyman Əliyev son bir neçə il ərzində ərazidə yeni tarixi abidələrin aşkarlandığını da söyləyib. Həmin abidələrin də tədqiqinə böyük ehtiyac var. Rayon mərkəzindən 35 km uzaqlıqda olan Siracəddin Ağa ziyarətgahı yaxınlığında aşkar olunan şəhər abidəyə diqqət çəkən mütəxəssis, qədim Gəncənin qalıqlarının orada olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərazinin geniş tədqiq olunması üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilsə də, tariximizə biganəlik burda da özünü biruzə verib. Bundan əlavə olaraq bu yaxınlarda rayonun Zazalı kəndində tarixi abidə aşkar edilib. Abidənin albanlara məxsus olduğunu deyən S. Əliyev tapıntı haqqında Mədəniyyət və Turizm Nazirliyinə məlumat verildiyini deyib. Tarixi abidə təxminən 35-40 metr uzunluğunda və 4-5 metr dərinliyndədir. Qeyd edək ki,

Samuxda bu günə kimi Tarix-Diyarşünaslıq Muzeyinin olmaması mədəniyyət işçilərini narahat edir. Belə ki, Samuğun tarixindən, mədəniyyətindən, bu diyarın adət- ənənələrini özündə əks etdirən nümunələr və ekspanatlar idarənin otaqlarında itib-batmaq təhlükəsindədir.

Bildirək ki, qədim yaşayış məskənləri ilə zəngin olan Samux rayonunda SSRİ dövründə 23 tarixi abidə qeydiyyata alınıb. Bu gün isə Samux rayonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınmış 4 tarixi abidə var. Bunların ən qədimi Kolayır kəndi ərazisində yerləşən və yaşı 1400 il olduğu güman edilən “Düldül” çinarı, Çoban Abdallı kəndində yerləşən VI-VII əsrlərə aid “Abdal” pir ocağı, bu kənddə yerləşən XIX əsrə aid “Abdal” körpüsü, Hacallı və Fizuli kəndlərinin XIX əsrə aid kənd qəbiristanlığıdır.

Xaliq Qurbanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!