Modern.az

“Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır”

“Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır”

25 İyun 2016, 21:56

“Azərbaycanın iqtisadiyyatı inkişaf edir, maliyyə imkanları genişlənir. Dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur. Büdcə xərclərinin artması nəticəsində son illər Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər əldə etdiyimiz silah, sursat, texnika ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan silahlardan istifadə edir. Yəni ordumuzun bütün ehtiyacları təmin edilir”. Modern.az saytı xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, son illər hərbi hissələrdə əsgərlər mülki işlərə də cəlb olunmurlar: “Onların yerinə mülki şəxslər cəlb edilib. Biz burada iki məqsəd güdürük. İlk növbədə əsgərlər orduda xidmət etməlidir və öz peşəkarlığını artırmalıdırlar. Digər tərəfdən, bu, mülki şəxslər üçün yeni iş yerlərinin açılması deməkdir. Artıq bu proqram çərçivəsində minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alırlar. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar. Azərbaycanda ordu quruculuğu məqsədli və planlı şəkildə aparılır”.

Ali Baş Komandan qeyd edib ki, Azərbaycanda hərbi sənaye kompleksi də sürətlə inkişaf edir: “Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, həm də biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilən hərbi sərgi bir daha göstərir ki, Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdi. Azərbaycan onlardan bir hissəsini artıq əldə edib. Beləliklə, müxtəlif ölkələrdə ənənəvi olaraq keçirilən hərbi sərgilərlə yanaşı Azərbaycan da bu sahədə öz imzasını qoyub. Müxtəlif yerlərdə müharibələrdə, toqquşmalarda müşahidə olunan mənzərə ondan ibarətdir ki, texnoloji inkişaf, texniki tərəqqi digər amillərlə bərabər hərbi üstünlüyü təmin edir.  Ona görə də Azərbaycana gətirilən silah, sursat, texnika ən yüksək texnoloji səviyyəyə cavab verir. Mən bu yaxınlarda maddi-texniki təminatı daha da yaxşılaşdırmaq üçün müvafiq göstərişlər vermişəm".

Dövlət başçısı deyib ki, Azərbaycanın kifayət qədər maddi imkanlanı var,  müxtəlif ölkələrdən hərbi texnika, silah alır: "Bir mənbədən asılı deyilik. Bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Gələcəkdə də çalışmalıyıq ki, Azərbaycan ordusuna ən müasir texnika və silahı gətirək. Hərbçilərimiz də təlimlər keçərək, bu texnikadan istifadə etmək sahəsində böyük peşəkarlığa malikdirlər. Son vaxtlar təmas xəttində baş verənlər də bunu təsdiqlədi”.

Prezident qeyd edib ki, ordunun döyüş qabiliyyətində əsgər və zabitlərin döyüş ruhu da böyük yer tutur: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycan ordusu güclü ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti artır, mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Mən son illər dəfələrlə bəyan etmişdim ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi”.

Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə imzaladığı müvafiq sərəncam əsasında 20 il ərzində qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillər verilir: “Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, 100-lə hərbçinin mənzil-məişət problemi yaxın zamanlarda öz həllini tapacaq. Bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılıb. Biz  ordumuzu gücləndirir, maddi-texniki bazasını möhkəmləndiririk. Bununla bərabər, hərbçilərin sosial problemləri həllini tapır. Hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Müvafiq göstərişlər əsasında bu gün Azərbaycanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır. Yeni hərbi bazalar tikilir. Keçən il Silahlı Qüvvələr Günü ərəfəsində Bakıda Xəzər sahilində tikilmiş Hərbi Dəniz Qüvvələrinin bazasının açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi obyektlərdən biridir və orada bütün şərait yaradılıb. Digər hərbi hissələrdə də təmir-bərpa işləri aparılır. Vəzifə qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə olmasın. Hərbçilərin xidmət və yaşayış şəraiti yaxşı olmalıdır. Bu, bir daha Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərildiyini göstərilir və bu da təbiidir. Hər bir ölkə, xüsusi ilə müharibə şəraitində yaşayan ölkə bunu etməlidir”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir