Modern.az

“Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir”

“Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir”

26 İyun 2016, 17:17

Bu  gün 26 iyun - Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaradılıb. 1920-ci ilin aprelin 28-də Azərbaycanın sovetlər tərəfindən işğalından sonra Milli Ordumuzla bərabər onun yaranma gününün qeyd olunması da ləğv edilib. Dövlət müstəqilliyimizin bərpasından sonra, Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul edib. 1998-ci il mayın 22-də isə mərhum prezident Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 

Dövlətimizin müstəqilliyinin bərpasından keçən 25 il ərzində ordu quruculuğu ölkə rəhbərliyinin diqqət yetirdiyi əsas sahələrdən biri olub. Bu müddətdə hərbçilərimizin döyüş hazırlığının artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, qısa zamanda vahid komandanlığa əsaslanan nizam-intizamlı, peşəkar bir ordu yaradılıb. Təsadüfi deyil ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən müasir ordu hesab olunur.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanda ordu quruculuğu dövlətimizin daim diqqət mərkəzindədir:

“Buna görə də Azərbaycan ordusu möhtəşəm hərbi qüvvəyə çevrilib. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt olunduğu üçün bizim əsas vəzifəmiz işğala son qoymaqdır. Bu məqsədlə Azərbaycan geridə qalan dövr ərzində iqtisadiyyatını inkişaf etdirərək ordu quruculuğu istiqamətində də mühüm işlər görüb. Ölkə rəhbərliyi Silahlı Qüvvələrin maddi-texniki bazasını gücləndirmək, ordunu müasir silah-sursat və hərbi texnika ilə təmin etməklə bərabər hərbi kadr hazırlığına da ciddi diqqət yetirib. Bu illər ərzində kadr hazırlığının həyata keçirilməsi üçün hərbi akademiya, təlim-tədris mərkəzləri yaradılıb. Eyni zamanda hərbçilərimiz Türkiyə, Rusiya və digər aparıcı dünya ölkələrində təhsillərini davam etdirir, akademik kurslar keçirlər. Azərbaycanın ali təhsil müəssisələrində hərbi tibb fakültələri də mövcuddur ki, burada ordumuz üçün hərbi həkimlər hazırlanır. Onlar da təhsillərini xarici ölkələrdə davam etdirə bilirlər. Bunun üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bütün bunlar ölkə başçısı İlham Əliyev rəhbərliyi altında həyata keçirilir. Bu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə başladığı siyasətin davamıdır. Hələ bir az önə getsək, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması ilə bu işin əsası qoyulub”.

E.Həsənli qeyd edib ki, bu gün Azərbaycan dövləti ordunun silahlanması məsələsinə xüsusi diqqət yetirir: “Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərimizi təmin etmək imkanındadır”.

Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə toxunan hərbi ekspert söyləyib ki, nazirliyin yaradılması ilə Azərbaycan özü də silah istehsalçısına çevrilib: “Biz həm xarici ölkələrdən silah alır, həm də istehsal etdiyimiz silahların ixracı ilə məşğul oluruq”.


Azərbaycan ordusunun peşəkarlığının son təlimlərdə özünü bir daha göstərdiyini deyən E.Həsənli bildirib ki, builki aprel döyüşləri Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu ortaya qoydu: "Bütün parametrlərə - silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir".

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci il fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından danışan hərbi ekspert qeyd edib ki, bundan sonra bu sahədə işlər daha sistemli aparılmağa başlanılıb: “Dövlət Xidmətinin təşkilatçılığı ilə bölgələrdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirlər həyata keçirilir. Belə tədbirlərdə orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak edirlər. Bu tədbirlərdə vətənpərvərlik ruhunda çıxışlar edilir, müharibə veteranları və əlilləri, şəhid ailələri, məktəb müəllimləri və əlaçı şagirdlər mükafatlandırılırlar. Əsas məqsəd orta məktəb şagirdlərinin hərbi xidmətə hazırlığını təşkil etmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır. Eyni zamanda, bu məqsədlə, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmət ilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər”.

Birlik sədri qeyd edib ki, gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə aparılır: “Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Bundan başqa 10-11-ci sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir, hərbi müəllimlərlə iş aparılır. Son dövrlər ehtiyatda olan zabitlər məktəblərə işə götürülür. Xüsusən, döyüş bölgələrində xidmət keçmiş ehtiyatda olan zabitlərə, müharibə veteranlarına üstünlük verilir. Çünki onlar peşəkar olduqları üçün gənc nəslin yüksək səviyyədə hərbi hazırlıq işinə daha çox fayda verirlər”.

E.Həsənli vurğulayıb ki, Dövlət Xidmətinin fəaliyyətində şəffaflıq prinsipi ən əsas yer tutur: “Əsgərlərin bölgü məsələlərində ədalət prinsipi başlıca meyar hesab olunur. Azərbaycanda şəffaflığın təmin olunması baxımından “ASAN Xidmət” kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də böyük inam var. Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları, mətbuat bu qurumun fəaliyyətini həmişə yüksək qiymətləndirir”.

Hərbi ekspert vurğulayıb ki, ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır: “Dövlətin media, qeyri-hökumət təşkilatları, ayrı-ayrı nazirliklər, dövlət xidmətləri ilə qurduğu iş onu deməyə əsas verir ki, 2-5 aprel hadisələrindən Azərbaycan dövləti, xalqı və ordusu alnıaçıq çıxdı. Hər kəsə bir daha bəlli oldu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Torpaqlarımızı işğaldan azad etmək üçün ordumuza çox qısa bir müddət də kifayətdir”.

Sonda E.Həsənli Silahlı Qüvvələr Günü ilə bağlı prezident İlham Əliyev başda olmaqla xalqımızı, ordumuzun bütün şəxsi heyətini, müharibə veteranları və əlilləri, eləcə də şəhid ailələrini təbrik edib, Dağlıq Qarabağın düşməndən azad olunacağı günün uzaqda olmadığını bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır