Modern.az

Nobel mükafatçısı Uilyam Folknerə dil barədə verilən suallar

Nobel mükafatçısı Uilyam Folknerə dil barədə verilən suallar

Ədəbi̇yyat

27 İyun 2016, 10:25

Buludxan Xəlilov,
 filologiya üzrə elmlər doktoru, professor

 

1950-ci ildə “müasir Amerika romanının inkişafına verdiyi özünəməxsus yaradıcı töhfələrə görə” Nobel mükafatına layiq görülmüş Uilyam Folknerə belə bir sual verirlər: “Hesab edirsinizmi ki, amerikan dili öz inkişafında getdikcə ingilis dilindən daha çox uzaqlaşır?” Uilyam Folkner bu suala belə cavab verir: “Heç şübhəsiz. Onun neçə nəsildən, yaxud neçə əsrdən sonra tamamilə başqa bir dilə çevriləcəyini demək çətindi, amma əgər dil inkişaf etmirsə, o, məhvə məhkumdu. İnkişaf və tərəqqinin yeganə alternativi ölümdü. Hərçənd bunun əksi də baş verə bilər: müasir sürət sayəsində dünyada hər şey bir-birinə yaxınlaşır, yəni bizim dillərimiz arasındakı fərq də azala bilər. Amma hər halda, düşünürəm ki, dəyişmə prosesi davam edəcək və müəyyən vaxtdan sonra Böyük Britaniya ingiliscəsi ilə Amerika ingiliscəsi arasındakı fərq qədim və yeni yunan dilləri arasındakı fərq qədər böyük olacaq. Əlbəttə, əgər hər iki dil məhv olmasa, bir-birinə qarışıb vahid dilə çevrilməsə, belə olan təqdirdə isə həmin dil, öz növbəsində, daim inkişaf edəcək və təkmilləşəcək”. (Uilyam Folkner. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2011, s.69-70)

***

Yaradıcılıqda şəxsi təcrübə, müşahidə qabiliyyəti, təxəyyül barədə fikirlər var. Uilyam Folknerə belə bir sual verilir: “Sizin yaradıcılığınız nə dərəcədə şəxsi təcrübəyə əsaslanır?” O deyir: “ Bunu deyə bilmərəm. Heç vaxt hesablamamışam. Çünki burada “dərəcə” o qədər də vacib deyil. Yazıçıya üç şey lazımdı: təcrübə, müşahidə qabiliyyəti və təxəyyül, ancaq bəzən bu komponentlərdən ikisi, yaxud hətta biri üçüncüdəki çatışmazlığı kompensasiya edə bilər. Əsər, adətən, hansısa bir fikirdən, xatirədən, obrazdan başlayır. Yazmaq, əslində, bu həlledici məqama qədər olanları bərpa etmək, bunların niyə məhz başqa cür yox, bu cür baş verdiyini izah etmək, sonra da onların nəylə nəticələndiyini göstərməkdi. Yazıçı ixtiyarında olan ən yaxşı ifadə vasitələrinin köməyi ilə inandırıcı şəraitdə fəaliyyət göstərən canlı personajlar yaratmağa çalışır. Buna görə də tamamilə aydın məsələdi ki, o daha yaxşı tanıdığı mühitdən istifadə edir. Mən deyərdim ki, musiqinin köməyi ilə özünü ifadə etmək hər şeydən daha asandı: musiqi bəşər tarixinin ən ilkin mərhələsində yaranıb. Ancaq mənim qismətimə söz düşdüyü üçün tərtəmiz musiqi səslərinin xeyli yaxşı ifadə edə biləcəyi şeyləri sözlərin köməyi ilə yöndəmsiz, kobud şəkildə ifadə etməyə məcburam. Bununla belə, mən sözdən istifadə etməyə üstünlük verirəm, eləcə də mütaliəni dinləməkdən üstün tuturam. Mənim üçün sükut səsdən üstündü, sözlərlə ifadə olunmuş obraz isə sükutda mövcuddur. Yəni nəsrin şimşəyi və musiqisi səssizdi”. (Uilyam Folkner. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2011, s.34-35).

Uilyam Folknerə ilham barədə sual verdikdə: “ Siz yazıçı üçün təcrübənin, müşahidə qabiliyyətinin və təxəyyülün vacibliyindən danışdınız. İlhamı buraya qatmırsınız?” O deyir: “İlham haqqında heç nə deyə bilmərəm, çünki nə olduğunu bilmirəm. Haqqında eşitmişəm, amma onunla tanış deyiləm”. (Uilyam Folkner. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2011, s.35).

***

“Yazıçının nəyə haqqı var” məsələsi maraqlıdır. Bu barədə Uilyam Folknerə verilən suallara o belə cavab verir.

Sual: Yazıçının xüsusi bir dil yaratmağa  – məsələn, Coys, ya da Eliot kimi haqqı varmı? Axı onlar qəbul olunmuş ifadə normalarının öz məqsədlərinə uyğun gəlmədiyini görəndə məhz belə eləyiblər.

Folkner: Yazıçının bir şərtlə buna haqqı var: bu zaman kiminsə onu anlayacağına iddia etməməlidi. Mən Uitmenin sözləri ilə emək istəyirəm, məncə, məhz o deyib: “Yaxşı şairlərin olması üçün yaxşı oxucular olmalıdı”, ya da nəsə buna bənzər bir şey... Bu ifadə kimin yadındadı?

Sual: Uitmen “yaxşı dinləyicilər” deyib.

Folkner: Beləliklə, yazıçı elə yazmalıdı ki, onu anlaya bilsinlər, bu onun borcudu, öz istedadından irəli gələn borcu... Bu heç də o demək deyil ki, səni hər cür ağıldankəm, ibtidai məktəb korafəhmi də anlamalıdı, ancaq bütün insanlar üçün eyni məna daşıyan sözlərdən ibarət olan ümumi dildən istifadə etmək lazımdı. “Finneqana ehsan” və “Uliss”in, yəqin ki, yaşamaq haqqı var, ancaq bu haqqın nəyə əsaslandığını demək çətindi. Coys dahidi, ilahi tonqalda yandırılmış dahi . (Uilyam Folkner. Seçilmiş əsərləri. “Şərq-Qərb”. Bakı, 2011, s.57-58).

Durğu işarələri, qrammatik qayda-qanunlar yazıçının imkanlarını məhdudlaşdırırmı? Bu barədə Uilyam Folknerin cavabı maraqlıdır.

Sual: Bizə müəyyən qrammatik qaydalara əməl etməyi, durğu işarələrini yerində qoymağı, ifadələri düzgün qurmağı öyrədirlər. Hesab edirsinizmi ki, bu qaydalara riayət etmək yazıçını hanıs dərəcədəsə sıxır, onun üslubunu məhdudlaşdırır?

Folkner: Yox, mən elə fikirləşmirəm. Bəlkə də, onun yalnız eksperiment imkanlarını məhdudlaşdırır?! Mənə elə gəlir ki, istənilən dil bütün dövrlərdə canlı olaraq qalmalıdı, yəni həmişə inkişaf etməlidir, qrammatika və punktuasiya da dilin inkişafında iştirak edir. Köhnə üsulların daha yaxşı olub-olmadığını, yaxud bəlkə də, onları dəyişmək lazım gəldiyini eksperiment vasitəsilə müəyyən edə bilirsən. Mən deməzdim ki, bu yazıçı üslubunu nədəsə məhdudlaşdırır, çünki  üslub – dilin daim dəyişən, cari vəziyyətidi. Ümumiyyətlə, həyatda hər şey hərəkətdə olduğu kimi, üslub da hərəkətdə olmalıdı. Əgər üslub yerində donub-qalarsa, ölər, yalnız ritorika qalar. Üslub yazıçının demək istədiklərinə uyğun olaraq dəyişməlidi. Onun demək istədiyi şey faktiki olaraq üslubu müəyyən edir. (Uilyam Folkner. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2011, s.76)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı