Modern.az

30 iyunda sonuncu buraxılış imtahanları keçiriləcək

30 iyunda sonuncu buraxılış imtahanları keçiriləcək

28 İyun 2016, 11:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK-dan Modern.az-a bildirilib ki, imtahanlarda ümumilikdə 45171 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 24237, XI sinif üzrə 20934).

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 16-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.


Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-“İmtahana buraxılış vərəqəsi”;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- 16 yaşı 2016-cı il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


IX siniflərin buraxılış imtahanı haqqında məlumat 

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 55 imtahan mərkəzi ayrılıb.

Həmin gün 24237 (Gəncədə 3231, Daşkəsəndə 287, Şəmkirdə 2461, Göygöldə 862, Samuxda 686, Gədəbəydə 936, Qazaxda 930, Ağstafada 966, Tovuzda 1999, Şamaxıda 963, Qobustanda 445, Mingəçevirdə 1203, Naftalanda 70, Goranboyda 1293, Şəkidə 1995, Zaqatalada 1403, Balakəndə 1011, Qəbələdə 1372, Qaxda 628, Oğuzda 567, İsmayıllıda 929)  nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərin buraxılış imtahanı haqqında məlumat 

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 55 imtahan mərkəzi ayrılıb.

Həmin gün 20934 (Gəncədə 2993, Daşkəsəndə 281, Şəmkirdə 2065, Göygöldə 765, Samuxda 546, Gədəbəydə 785, Qazaxda 846, Ağstafada 740, Tovuzda 1700, Şamaxıda 613, Qobustanda 363, Mingəçevirdə 961, Naftalanda 35, Goranboyda 1159, Şəkidə 1810, Zaqatalada 1160, Balakəndə 778, Qəbələdə 1423, Qaxda 482, Oğuzda 508, İsmayıllıda 921)  nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə  214 imtahan rəhbəri, 2172 nəzarətçi-müəllim ayrılıb.

 
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi