Modern.az

Ayağı səhv kəsilən xəstə barədə yeni XƏBƏR

Ayağı səhv kəsilən xəstə barədə yeni XƏBƏR

28 İyun 2016, 11:31

1929-cu il təvəllüdlü Tərlan Məmmədovanın ikinci ayağı amputasiya olunandan sonra vəziyyəti orta-ağırlıqdadır.

 

Bu haqda Modern.az saytına Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski məlumat verib.

 

A.Şəmsəddinski xəstənin reanimasiyada müalicə aldığını qeyd edib:

 

“Xəstənin vəziyyətindən asılı olaraq bir neçə günə palataya köçürülə bilər. Amma vəziyyəti pis deyil, özündədir, danışır, anlaqlıdır”.

 

Mərkəzin direktorunun sözlərinə görə, T.Məmmədovanın əvvəldən mövcud olan qan xəstəliyilə bağlı başqa bir həkimə ehtiyac yaranıb:

 

“Xəstəyə gemotoloq-həkim də baxacaq. Çünki, anadangəlmə xəstənin qan təzyiqi çox yüksəkdir. Ona görə, mütəxəssis məsləhətinə ehtiyacımız var”.

 

Həkim-cərrah Valeh Kərimovla bağlı məsələyə gəlincə, A.Şəmsəddinski onun iyunun 25-dən etibarən işə çıxmadığını bildirib:

 

“Hələlik Səhiyyə Nazirliyi tərəfindən yaradılan komissiyanın işi yekunlaşmayıb. Mütəmadi olaraq baş cərrahla əlaqə saxlayırıq. Həkim barəsində nə tədbir görüləcəksə, bunu biz hamılıqla biləcəyik”.

 

 

İyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz” ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Bakı şəhər prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, iyunun 26-da Mərkəzin direktoru A.Şəmsəddinski şəxsən özü xəstənin sol ayağını da amputasiya edib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?