Modern.az

““Ayna” fərqli bir layihədir” - Elçin Şıxlı planlarından DANIŞDI

““Ayna” fərqli bir layihədir” - Elçin Şıxlı planlarından DANIŞDI

Media

28 İyun 2016, 12:15

“Ayna” qəzeti iki illik fasilədən sonra fərqli formatda oxucuların görüşünə gəlir.

Qarşıdakı planlar, gözlənilən yeniliklərlə bağlı qəzetin baş redaktoru Elçin Şıxlı Modern.az saytına məlumat verib.

O bildirib ki, “Ayna”nın saytında yalnız müəllif yazıları dərc olunacaq:

“Ön səhifədə 5 nəfər daimi yazarların məqalələrini oxuya biləcəksiniz. İşimiz davam etdikcə, bizə qoşulmaq istəyən müəlliflərə də ara-sıra yer verəcəyik”.

E.Şıxlı deyib ki, saytın strukturu qalıcı xarakter daşıyır:

“Gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik etmək fikrində deyilik. Onsuz da informasiya verən saytlar kifayət qədərdir. “Ayna” fərqli bir layihədir. Burada informasiyanın izahı, onun ətrafında müzakirələr, düşüncələr olacaq. İnformasiyanın ötürülməsi 3-4 cümlədən ibarət olur. Əsas məsələ - müzakirələr sonradan başlayır. Elə baş verənlərə fərqli yanaşma sərgiləmək, “niyə, nə üçün, hansı səbəbdən belə oldu” suallarına cavab tapmaq üçün müəllif yazıları olacaq”.

Baş redaktoru deyib ki, saytın fəaliyyəti redaksiya şəraitindən olmayacaq:

“Hazırda redaksiya şəraitində çalışmağa ehtiyac yoxdur. Çünki İbrahim Nəbioğlu İstanbulda yaşayır, Arif Əliyev, Qulu Məhərrəmli, Rauf Mirqədirov Bakıdadır. Yəni redaksiyada oturub yazı yazmağa ehtiyac yoxdur, ələlxüsus da usta adamlar üçün. Hərə öz yazısını yazacaq.

“Ayna”nın son iki illik buraxılışında yazan müəlliflər təmənnasız yazıblar. O vaxt hazırki müəlliflərlə yanaşı, Vüqar Abbasov da var idi. Hansı ki, Niderlanddan yazırdı. İndi elektron vasitələrin köməyilə çox asanlıqla bu işlərin öhdəsindən gəlmək mümkündür. Lazım gələndə təbii ki, toplaşıb müzakirələr aparacağıq”.

E.Şıxlı hər şeyin könüllülük prinsipi ilə həyata keçirildiyini deyib:

“Fəaliyyətə başlayan saytımız kommersiya layihəsi deyil. Sonradan reklam olarsa, bu barədə düşünmək olar”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir