Modern.az

Kamil Həmzəoğlu: “İş yerimi itirməyimi ailəmə demək istəmirdim...” - MÜSAHİBƏ

Kamil Həmzəoğlu: “İş yerimi itirməyimi ailəmə demək istəmirdim...” - MÜSAHİBƏ

Media

28 İyun 2016, 13:43

Gün.az saytı iyulun 1-dən etibarən fəaliyyətini dayandırır. Modern.az saytı fəaliyətini dayandırmaq ərəfəsində olan Gün.az-ın əməkdaşı, tanınmış jurnalist Kamil Həmidovdan  (Həmzəoğlu) müsahibə alıb. Jurnalist bundan sonrakı fəaliyyətindən söz açıb.

- Ölkədə manatın məzənnəsi dollara nisbətən aşağı düşəndən sonra (devalvasiya) bir çox saytlar, qəzetlər maddi çətinliklə üz-üzə qaldı. Bu səbəbdən də fəaliyyətini yarıda dayandıran xeyli KİV bağlandı. Gün.az-ın fəaliyyətini dayandıracağını bilirdinizmi?

- Doğrusu, bunu təxmin etmirdik, bizim üçün də bir az gözlənilməz oldu, yəni, bu tezliklə fəaliyyətimizi dayandıracağımızı gözləmirdik. Ötən 5 il iki ay ərzində də böyük əziyyətlər, gərgin iş hesabına gözəl bir sayt-informasiya agentliyi yaratmağa nail omuşduq. Bəlkə də çoxlarının illərlə nail ola bilmədiyi uğurları qısa bir dövr ərzində qazana bilmişdik, özümüzü tanıtmışdıq, təsdiqləmişdik... Hər kəs Gün.az-a, Gün.az-çılara hörmət, ehtiramla yanaşırdı. Həmçinin, gözəl bir ailə - Gün.az ailəsi yaranmışdı, iş yoldaşlarımızın bir çoxu müxtəlif vaxtlarda müxtəlif səbəblərdən zaman-zaman Gün.az-ı tərk etsələr də, mənəvi bağlarımız qalmışdı, qırılmamışdı bütün xeyir-şər işlərimizdə hər zaman bir araya gəlirdik (və bundan sonra da belə olacaq hər şeyə rəğmən)...

Amma nə etmək olar. Həyatdır. Həyat hər an sürprizlərlə doludur və buna da hazır olmaq lazımdır. Gün.az peşəkarların, jurnalistika ilə alışıb-yananların komandası idi. İnanıram ki, bundan sonra Gün.az-ın əməkdaşlarının peşəkarlığından, əməyindən yararlanmaq, istifadə etmək mümkün olacaq. Fürsətdən  istifadə edib hər bir Gün.az-çıya bundan sonrakı fəaliyyətlərində, şəxsi və iş həyatında yeni-yeni uğurlar, bol-bol nailiyyətlər, gözəl, sevincli günlər arzulayıram. Allah hər birimizin yolunu açıq etsin!.

 

- Belə bir “sürprizlə” qarşılaşdığınıza görə, hər halda, hamınız üçün çətin olacaq. Bundan sonra fəaliyyətinizi necə davam etdirməyi düşünürsünüz? Konkret olaraq, çalışmaq istədiyiniz mətbuat orqanı varmı?

 

- Mən çox istərdim yenidən bir araya gələk, hətta, başqa bir adla da olsa, yenidən bir yerdə fəaliyyət göstərək. Amma məsələ mənim şəxsi arzumla həll olunmur ki?! Təbii ki, indiki dövrdə iş tapmaq, yeni kollektivə uyğunlaşmaq və sair və ilaxır... çox çətindir və asan olmayacaq. Amma Allahdan ümid kəsilməz və çarə tükənməz deyiblər. Arzu edirəm və inanmaq istəyirəm ki, ayaqüstə duruş gətirən media quruluşları peşəkar və zəhmətkeş Gün.az-çıların əməyindən yararlana biləcəklər, bütün Gün.az-çılar çox yaxın zamanlarda işlə təmin oluna biləcək. Ümid ən sonda ölür. Allah ən son ümidlərimizi öldürməz və öldürməsin!

 

Özümə gəlincə isə təbii ki, jurnalistikada qalıb fəaliyyəti davam etdirmək istəyirəm. Bu sahə, bu peşə nə qədər çətin olsa da, hələ ki özümü jurnalistikadan kənarda təsəvvür edə bilmirəm. 43 illik ömrümün düz 28 ili - 1988-ci ildən bu yana jurnalistika, media ilə bağlıdır, BDU-nun Jurnalistika fakültəsini bitirmişəm.Yəni, bu yaşdan sonra gedib başqa hansı sahədə çalışasıyam ki?..

 

-Kamil müəllim, dediniz ki, jurnalistikanı bitirmisiniz. Maraqlıdır, bundan sonra başqa sahədə özünüzü sınamaq istəmirsiniz? Sirr deyil ki, bir çox tanınmış jurnalistlər bəlli müddətdən sonra müxtəlif sahələrdə həm uğur, həm də maddiyyat əldə edirlər. Bilmək olarmı, niyə özünüzü jurnlistikadan kənarda təsəvvür edə bilmirsiniz?

 

- Məşhur məsələ var ki, heç vaxt “heç vaxt” demə.Yəni gələcəkdə başqa sahədə - təbii ki, münasib olması şərtilə - özümü sınamağım da istisna deyil. Çünki tək özümün üçün yaşamıram ki?! 3 övladım, xəstə anam, həyat yoldaşım var, onları da nəzərə almalıyam və özü də mütləq nəzərə almalıyam. Amma bir qədər pafoslu və qeyri-səmimi səslənməsin: mən bu peşəyə - jurnalistikaya sevib gəlmişəm, jurnalistlik mənim uşaqlıq arzum olub və Allahımın köməyilə də bu arzuma çatmışam. Ona görə, bu peşədən, bu sahədən hələ ki özümü ayrı yerdə görmürəm, istərdim ki, bundan sonrakı fəaliyyətim və uğurlarım da jurnalistika, jurnalistliklə bağlı olsun. Təki sağlıq və Allah deyən olsun. Amma həyat adamı korrektələr etmək sualı qarşısında qoya bilər və qoyur...

 

- Siz həm də ailə başçısısınız. 3 övladınız var. Qəfildən iş yerinizi itirməyiniz barədə ailəyə məlumatı necə çatdırdınız? Hər halda, onların qazanc yeri siz idiniz.

 

- Düzünü desəm, bu, mənim üçün çox çətin oldu... Əvvəlcə ailəmə - həyat yoldaşıma və qızlarıma (oğlum çox kiçikdir) demək istəmirdim, bilirdim ki, çox pis olacaqlar, üzüləcəklər... Həm də oğlumun kiçik toy məclisi və ad günü ərəfəsində ailəmin sevincinə soğan doğramaq istəmirdim... İstəyirdim ki, toydan - iyulun 18-dən sonra bu xəbəri verim... Amma mənə edilən aramsız telefon zəngləri səbəbilə elə sonda demək məcburiyyətində qaldım, gizlədə bilmədim. Nə etmək olar. Yenə deyirəm, həyatdır. Hər şey yaxşı olar, inşallah!

 

- Ailəliklə övladınızın xoş mərasiminə hazırlaşırsınız. Xeyirli olsun. Belə bir məsəl var ki, “yaxşı dostların canı sağ olsun”. Belə məqamda kömək əlini uzatmaq istəyən dostlarınız varmı?

 

- Çox sağ olun. Allah hər kəsi övladı sarıdan sevindirsin və heç kimə də övlad acısı yaşatmasın! Kömək məsələsinə gəlincə, bu haqda danışmağı xoşlamıram. Amma hələ ki yox. Allah adamın özünə versin və Böyük Yaradan kimsəni kimsəyə möhtac etməsin. Allah hər kəsin də canını sağ, qazancını özünə qismət etsin!

Hamı üçün çətindir, hamı özünü güclə dolandırır...Yəni belə bir durumda kimsədən küsmək, incimək də olmaz.

 

-İşinizi qəfil itirməyiniz jurnalist olaraq sizi ruhdan salmayıb ki?

 

- Nə gizlədim, bir balaca ruh düşkünlüyü əmələ gəlib. Xüsusən də oğlumun toyu ərəfəsində, xeyli maddi və mənəvi-sağlıq problemləri yaşadığım bir ərəfədə iş yerini itirməyim heç yaxşı olmadı. Eyni zamanda, 21 ildə bir gün olsun belə, işsiz qalmamışam. Ancaq həyat mübarizədir, heç kimə tabaqda gətirib nəsə vermirlər. Çalışacam ki, tezliklə iş yeri tapım və əvvəlki enerji və həvəslə öz sənətimlə məşğul olum. Allah kərimdir!

 

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır