Modern.az

Eldar Quliyev QDİƏT PA-nın Moskvadakı toplantısından DANIŞDI

Eldar Quliyev QDİƏT PA-nın Moskvadakı toplantısından DANIŞDI

28 İyun 2016, 15:20

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasının toplantısı artıq bu gün başlayıb. Hazırda Azərbaycan nümayəndə heyəti də toplantıya qatılmaq üçün Moskvadadır”.

Bu barədə Modern.az saytına açıqlamasında Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı ( QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib.

Deputatın sözlərinə görə, QDİƏT PA-nın bu gündən hesabatları dinlənilməyə başlanılıb:

“Artıq bu gündən əsas yarımillik hesabatlar dinlənilir. Assambleyanın 3 əsas komitəsinin hesabatlarına başlanılıb.

Sabah səhərdən isə büro müzakirələri başlayacaq. Sabah eyni zamanda, Assambleyanın özünün də iclası da başlayacaq”.

Eldar Quliyev toplantıda Azərbaycanla bağlı hansısa xüsusi bir məsələnin olmayacağını bildirib:

“İclasda əsasən quruma üzv dövlətlərə aid məsələlərə baxılacaq. Gündəlikdə Azərbaycanla bağlı hansısa xüsusi bir məslə yoxdur.

Gündəlikdə üzv dövlətlərdə qaçqın və məcburi köçkünlərlə əlaqədar məsələlərə baxılacaq”.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏT PA) 47-ci iclası iyunun 28-30-da Moskvada keçiriləcək.

Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün iyunun 27- Rusiya Federasiyasında səfərdədirlər.

 Moskva şəhərindəki toplantıda QDİƏT-in regionunda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhün, sabitliyin və firavanlığın təmin olunmasına dair müzakirələri keçiriləcək.

Deputatlar müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

Qara dəniz regionunda əməkdaşlıq, sülh, stabillik, çiçəklənməyə töhfə verən iqtisadi və siyasi təşəbbüsləri dəstəkləyən QDİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Serbiya, Rusiya, Ukrayna, Türkiyə və Rumıniya daxildir.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir