Modern.az

Devalvasiya “sosyetik”ləri də vurdu...

Devalvasiya “sosyetik”ləri də vurdu...

28 İyun 2016, 15:33

Artıq üçüncü devalvasiyanın astanasındayıq. Bunu biz yox, Mərkəzi Bankın rəsmi məlumatları, aidiyyatı qurumların açıqlamaları, ictimai əhəmiyyətli şəxslərin proqnozları deyir. Hə, bir də, baş bankın sədri Elman Rüstəmovun sonuncu açıqlaması...

 

Praktika göstərir ki, cənab sədr “devalvasiya olmayacaq” açıqlaması ilə başımızın altına “yastıq” qoyandan bir müddət sonra yeni devalvasiya ilə burun-buruna gəlmişik. O dərəcədə ki, nəfəs almağa belə, macal tapmamışıq.

 

Amma ümumilikdə bəzi məsələlərin çözülməsində devalvasiyanın əhəmiyyəti olduqca “böyükdür”. Bu mənada ki, devalvasiya baş verəndən əksəriyyət kütləvi şəkildə qənaət rejiminə keçib. İzafi xərclərə mümkün qədər yol verməməyə çalışılır.

 

Bu yerdə ataların bir misalını xatırlamaq yerinə düşür: “Ayağını yorğanına görə uzat”. Yaxşı məsləhətdir, riayət edilsə...

 

Elə əksəriyyətimiz ayağını yorğanına görə uzatmayanların, ya da uzatmaq istəməyənlərin, imkanı arzularının “razmer”indən böyük olanların “krediti ödəməliyəm 200 manat tapa bilərsən” sualı ilə tez-tez rastlaşmışıq. Nə var, nə var, kişinin oğlu, qızı aldığı telefonu sosial şəbəkədə paylaşıb, dost-düşmənin “ürəyini sıxacaq”, çoxlu “like” yığıb “sosyetik” olacaq.

 

Kənardan baxanda “cool” görünən həmin o “sosyetiklər” ordan-burdan borc tapa bilməyəndə ödənişini qurtarmadığı telefonunu , avtomobilini dəyər-dəyməzinə satmağa məcbur olur. Bir sözlə, adamlar “cool” görünməkdən ötrü dəridən-qabıqdan, min hoqqadan çıxırlar. Düşünülməmiş atılan addımla hər şeyi üz-gözlərinə bulaşdırırlar.

 

Son vaxtlar diqqətçəkən məqam həm də odur ki, 300-400 manat maaş alıb “risovkalıq” edən, 1200 manatlıq “İphone”u ilə “göz çıxaran”, amma danışmağa konturu olmayan, 30 minlik avtomobil alıb qapıda “yatızdıran”, benzin doldurmaq üçün pulu olmayan qaqaşlar, “cicişka” qızlar nədənsə devalvasiyadan sonra çox da gözə dəymir.

 

Deyəsən axı devalvasiya deyilən “qüvvə” həmin “sosyetikləri” də vurub ...

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir