Modern.az

Ruslardan ibarət ilk turist qrupu Türkiyəyə getdi

Ruslardan ibarət ilk turist qrupu Türkiyəyə getdi

Dünya

28 İyun 2016, 18:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub göndərməsi iki ölkə arasındakı buzları əritməyə başlayıb. Rusiyanın Türkiyə üçün əsas turizm potensialı olduğunu nəzərə alsaq, qardaş ölkənin bu sektordakı işlərinin tezliklə sahmana düşəcəyi gözlənilir.

İlkin razılaşmalardan sonra rus turistlərdən ibarət ilk böyük qrupun artıq Türkiyəyə yola düşdüyü bildirilir. Maraqlıdır, istirahət üçün Türkiyəni seçən azərbaycanlı turistləri nə gözləyir: bahalaşma yoxsa?..

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev Modern.az saytına məsələnin hər iki ölkə üçün müsbət nəticələr verəcəyini deyib:

“İki ölkə arasında münasibətlərin bərpa olunması Türkiyə iqtisadiyyatında turizmlə bağlı, Rusiya bazarında Türkiyə kənd təsərrüfatı ilə bağlı geriləmələrin aradan qaldırılmasında müsbət rol oynayacaq. Təbii ki, Türkiyə böyük turizm ölkəsidir və ora gələnlərin çoxu da ruslar idi. Rusların turizm üçün yenidən Türkiyəni seçməsi bu ölkənin turizm sektorunda canlanma yaradacaq”.

A.Mehdiyev ölkələr arasında münasibətlərin gərginləşməsi fonunda Azərbaycan üçün yaranan əlverişli şəraitdən istifadə edilmədiyini diqqətə çatdırıb:

Amma etiraf etmək lazımdır ki, rusların bu ölkəyə getməkdən imtina etdiyi dövrdə belə, Azərbaycan geniş miqyasda rus turistlərini cəlb etmək imkanına malik olmasına baxmayaraq, heç nə etmədi. Qonşuluqdakı Gürcüstan, Ukrayna və digərləri Rusiyadan daha çox turist cəlb etməyə nail oldular, nəinki Azərbaycan. Bu isə Azərbaycanda turizm potensialı olmasına rəğmən, turizm şərtlərinin sərfəli olmadığını göstərdi”.

İqtisadçının sözlərinə görə, rus turistlərin Türkiyəyə qayıtması azərbaycanlı turistlər üçün çətinlik yaratmayacaq:

“Təbii ki, Türkiyədə turizm sektorundakı geriləmə ilə bağlı qiymət dəyişiklikləri var idi. Çünki turist sayının azalması qiymətləri aşağı salmağa vadar etmişdi. Amma əvvəllər də Türkiyədə olan turizm qiymətləri bizdəkindən daha ucuz başa gəlirdi. İndiki halda Türkiyədə turist sayının artması qiymət bahalaşmasına gətirib çıxarmayacaq. Çünki turizm sahəsi rəqabətlidir. Müxtəlif turizm şirkətləri rəqabət şəraitində fəaliyyət göstərirlər. Turistlərin azalması dövründə hətta çox şirkətlər bağlanmışdı, bu da təbii ki, turistlərin sayının azalmasına və qiymətlərin qalxmasına gətirib çıxarırdı. Yeni şərait turist firmalarının artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı