Modern.az

Builki məzunlar üçün V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Builki məzunlar üçün V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

29 İyun 2016, 11:20

Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.


Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini bu il – 2016-da bitirən abituriyentlər isə qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə orta məktəblərdə verdikləri buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 


Artıq ölkə üzrə XI sinfi bu il bitirənlərin buraxılış imtahanları başa çatmaq üzrədir. Builki məzunların çoxu artıq buraxılış imtahanlarının nəticələrini bilir. Qeyd edək ki, buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Hər sualın düzgün cavabı 1 balla qiymətləndirilir.


Builki buraxılış imtahanlarını vermiş və müvafiq nəticə göstərmiş abituriyentlərin cavab tapmağa çalışdıqları əsas sual budur:  V ixtisas qrupuna minimum keçid balı necə olacaq? Yəni V ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılacaqlar?


Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytına bildirilib ki, orta məktəblərin buliki məzunları üçün V ixtisas qrupuna minimum keçid balı artıq məlumdur.

TQDK-nın aparıcı məsləhətçisi Xanlar Xanlarzadə bildirib ki, builki məzunlar üçün V ixtisas qrupuna qəbul şərtlərini açıqlayıb:

V qrup üzrə müsabiqəyə ana dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar.

 

V qrup ixtisasları üçün Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri ilə Abituriyent jurnalının 2 saylı buraxılışında (Əlavə 3,səh-23) ətraflı tanış olmaq olar.

 

Müsabiqə şərtləri hər bir imtahan komissiyası üzrə fərqlidir və əlavədə həm buraxılış imtahanı üzrə minimal bal, həm də qabiliyyət imtahanının yekun nəticəsi:minimal bal( və ya məqbul) qeyd olunub.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı