Modern.az

Nazirlik qumdaşıyanlarla bağlı araşdırma başlatdı

Nazirlik qumdaşıyanlarla bağlı araşdırma başlatdı

29 İyun 2016, 12:29

Bəzi Kütləvi İnformasiya Vasitələrində Neftçala rayonunun Şirvan kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən operativ olaraq yerində araşdırılıb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, nazirliyin əməkdaşlarının apardığı  araşdırma zamanı Neftçala rayonu Şirvan kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunmuş faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb.

Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon ərazisinə daha yaxşı bələd olan, rayonda baş verən bu cür hadisələrə cavabdehlik daşıyan Neftçala rayon Polis Şöbəsinə və  Neftçala rayonu Şirvanlı kəndinin də daxil olduğu Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub.

Əminik ki, rayon hüquq-mühafizə və icra orqanları öz səlahiyyətləri çərçivəsində rayon ərazisində baş verən qanunsuz qum daşınmasının qarşısının alınmasına və təqsirkarların müəyyən edilərək cəzalandırılmasına nail olacaq.

Qeyd edək ki, sözügedən ərazi Nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.

ETSN KİV nümayəndələri tərəfindən ətraf mühitə qarşı törədilən qanun pozuntularına vaxtında reaksiya verilməsini və belə halların ictimai qınaq obyektinə çevrilməsini təqdir edir və minnətdarlıq bildirir.

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi