Modern.az

12-ci səhifə

12-ci səhifə

29 İyun 2016, 12:32

Hidayət ELVÜSAL


Belə-belə işlər


Və qayınata evdəki atəşkəsi əməlli-başlı pozdu. Məhlədə domino oynayırdılar. Kimsə bir moda jurnalı tapıb gətirmişdi. Canıyanmışlardan hansınınsa şəkilləri, üst və alt geyimləri hər səhifədə qoyulmuşdu. Həm özü, həm də bu geyimlər reklam olunurdu. Üz qabığında qızın portret-foto şəkli verilmişdi. Allahçünə gözəl idi - iri gözləri, ətli, qıpqırmızı pomadalı dodaqları və dodaqlarının arasından görünən ağappaq dişləri, ağzının içində ilan kimi qıvrılmış və bu dişlərin arasından azca ucu görünən dili, boyun-boğazı…

Gəlin elə üz qabığını görəndə cin atına minmişdi. Qızın qıpqırmızı pomadalı  dodaqları canavar ağzına dönüb onu boğurdu.

Məsələ bunda idi ki, günlərin birində əri evə gələndə ağappaq köynəyində pomadalı dodaq izləri vardı. Hələ bir az da boğazının altına bulaşmışdı. Yəni əfəllik eləyib, özünü səhmana salmamışdı. Çünki sərxoş idi və işdən sonra mühasib qadını qucaqlayanda…

Və gəlin elə həmin axşam acıq eləyib, getmişdi atası evinə. Kim qalardı ki?!

Qayınatagil aylarla minnətçi düşdülər, yalvardılar-yaxardılar, üzr istədilər, güc-bəla ilə gəlinin ailəsini yola gətirdilər. And-aman elədilər ki, məsələ heç də gəlinin düşündüyü kimi  olmayıb. İş yerində bir qadının ürəyi gedibmiş. Kişi də insanlıq naminə onu aparıb divana uzadıb. Bu zaman qadının pomadası ora-burasına sürtülüb.

Axır ki, ailəsi gəlini yola gətirib. O da məhkəməyə verdiyi ərizəni geri götürüb, ər evinə qayıdıb, amma ürəyindəki ürəyində idi.

İndi də jurnaldakı qızın şəklini görüb, yenidən qısqanclıq krizinə girmişdi. Bədəni od tutub yanırdı. Ora-bura keçib, qayınatanın əlindəki jurnala baxırdı. Baxdıqca da ürəyindəki yatmış vulkan yavaş-yavaş püskürürdü.

3-cü və 4-cü səhifələrdə o qızın gödək yubkası reklam olunurdu. Amma ətli, ağappaq baldırları yubkaya baxmağa aman vermirdi. Qız gah divanda oturmuşdu, gah da ayığını ayağının üstünə aşırmışdı. Yəni tam bir fəlakət. Elə bu üzdən də qayınata inildədi.

- Ay gəlin, ordan mənə bir volokardin gətir.

Gəlin dərman gətirdi və  ürəyində deyindi: «Sənin kimi atadan da elə şorgöz oğul olar də…»

Elə bu vaxt kişi gəldi. Mərəkə qopdu. Gəlin onu yan otağa çağırdı:

- Hansı cəhənnəmdəydin?

- İşdən gəlirəm.

- Sən Allah!

- Atamın canı üçün.

- Atanın canı hazırda and içməli vəziyyətdə deyil.

- Nə olub?

- Nə olacaq? O jurnaldakı lotubeçənin çılpaq şəkillərinə baxır. Neynəsin? Sənin kimi cavan deyil də. Ətindən  yeyə bilmir, deyir barı suyundan içim.

Kişi geri qayıtdı. Gözü jurnala sataşanda məsələni  anladı. Onu tər basdı. Bildi ki, gəlinin indi-indi qaysaq bağlayan yaraları qan fışqırır. Və gəlin ona tərəf əyildi:

- Al bax, sən də bax!

Bu zaman qayınata 5-ci və 6-cı səhifələri açdı.  Oyy daad! Qızın sinəsi və sinəsindəki dolu… nəinki ora taxdığını, adamın gözünü də deşirdi. Gah yuxarıdan, gah aşağıdan, gah yandan, gah… çəkilmiş şəkillər qayıntanın nəfəsini kəsdi. Töyşüyə-töyşüyə 7 və 8-ci səhifələri açdı. Pahooo… Qeyri-ixtiyarı:

- Ay gəlin! - deyə çığırdı.

Gəlin iki əlini belinə qoydu:

- Dərman gətirim?

Kişi özünə gəldi:

- Yox, ay qızım, o uşaq işdən gəlib, acdır, yemək ver.

Gəlini od götürdü. Ərinə tərəf əyildi:

- Acsan?

- Hə!

- Sən Allah!

- Vallah!

- Sən o lotuşqaların canı?

- …

- Bilirsən nə bişirmişəm sənin üçün?

- Nə bişirmisən?

- Zəqqutun! Sarımsaqqatıqnan. Gətirim?

- Yox!

- Deməli ac deyilsən. Yenə hansısa lotubeçənin azğının pomadasını yalayıb doymusan.

Və gözü həmin səhifələrə sataşdı. Qızın arxa tərəfi müxtəlif pozalarda çəkilmişdi. Qayınata inildədi:

- Bu nədi, ə?

Elə bu an qayınananın qulağı işə düşdü:

- Nədi, ə, o?

- Aaz, ayrı şeydi.

Qayınana eynəyini götürdü:

- Ver o ayrı şeyə  mən də baxım.

Gəlin də aranı qızışdırdı:

- Ver əmi, ver xalam da baxsın. Bəlkə o plyaj paltarlardan birini bəyəndi.

Qayınatanı, qayınananı belə çağırırdı. Jurnalı çəkib, qayınatanın əlindən aldı və elə həmin səhifəni qayınanaya uzatdı:

- Al bax, xala! Gör hansı xoşuna gəlir. Əmim alsın səninçün.

Qayınana qızın arxasını görəndə diksindi:

- Uy bissimillah! Dədənə dəysin!  Ə, bu lütdü ki!

Kişi özünü saxlaya bilmədi:

- Lüt deyil, ay ana, əynində lap belə… nazik, kalqotkafason şey var.

Gəlin hövlləndi. Gözləri  o qədər bərəldi ki, az qala hədəqəsindən çıxacaqdı:

- Bax, belə şeyləri bu mütəxəssisdən soruşun də… - dedi və yenə  kişiyə tərəf əyildi, - O nazik kalqotkafason şey var ha…

- Hə!

- Bax, həmin o kalqotkafason nazik şey sənin gözünə girsin! Yaxşımı! Mən belə nazik şey geyinməmişəm, sən harda görmüsən?

- …

Qayınata jurnalı dartıb qayınananın əlindən aldı. Arvad dilləndi:

- Buna bax, buna bax, qoca vaxtında. Ə, tulla o matışqanı zibil yeşiyinə! Yönlü şey tapıb gətirməzsən evə. Ətin tökülsün sənin.

Qayınata öz aləmində idi. 9 və 10-cu səhifə… Qızın göbəyinə baxdı. Baxdı… baxdı… və yenə inildədi:

- Ay qızım, ordan bir volokardin də gətir.

Gəlin dərman gətirdi və kişiyə tərəf əyildi:

- Skoruya zəng edim!

- Hara?

- Təcili  yardıma!

- Niyə, nə olub ki?

- Bir azdan olacaq, - deyə gəlin jurnala baxdı. Anladı ki, 11-ci və 12-ci səhifələrdə  çimərlik paltarları, ya da bikinilər olacaq.

Elə bu vaxt uşaq oynamaqdan qayıtdı. Jurnalı görüb sevindi:

- Baba, ver o jurnala mən də baxım.

Gəlin oğlunun qulağından tutub öz otağına apardı:

- Otur, oturduğun yerdə! Bu da baxacaq. Oxşamısna oxşamışlarına! Basıb, gözünün ikisini də bir deşikdən çıxararam!

Birdən yan otaqdan səs-küy qopdu. Aləm dəydi bir-birinə. Qayınana «skorı!» deyib, dizlərinə döyə-döyə qışqırırdı. Uşaq qorxdu:

- Ana, nə oldu?

Gəlin ağır-ağır dilləndi:

- Baban…

- Nə oldu babama?!

- 12-ci səhifəyə baxdı…

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir