Modern.az

Sevinc Osmanqızı: “Bunu etmək cinayət idi” - MÜSAHİBƏ

Sevinc Osmanqızı: “Bunu etmək cinayət idi” - MÜSAHİBƏ

29 İyun 2016, 15:17

ABŞ İstanbul hadisələrindən əvvəl öz vətəndaşlarına Türkiyədə vəziyyətlə bağlı xəbərdarlıq edib. Bu nədən xəbər verir?

Modern.az saytı ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızıdan bu barədə müsahibə götürüb. Onunla söhbəti təqdim edir:

- Əlbəttə, ABŞ Dövlət Departmenti öz vətəndaşlarına xəbərdarlıq edibsə, deməli hökumətdə narahatlıq üçün mötəbər xəfiyyə məlumatı olub. Lakin bu təhlükə öz personalını ölkədən evakuasiya edəcək, səfirliyi müvəqqəti bağlayacaq qədər də ciddi olmayıb.
 
- Yəni bu yalnız mümkün təhlükə barədə məlumat olub?

- Bilirsiz, ABŞ-da bu sahədə maraqlı təcrübə var. ABŞ-ın xarici siyasət əsasnaməsində “ikili standartsızlıq siyasəti” əks olunub. Bu nə deməkdir? ABŞ hökuməti öz vətəndaşları üçün təhlükə barədə məlumat əldə edərsə, bunu vətəndaşları ilə bölüşməlidir. Əgər xəfiyyədə hər hansı bir mötəbər məlumat olarsa, o, hökumətə verildiyi kimi, vətəndaşlara da çatdırılmalıdır. Yəni hakimiyyət bu təhlükənin ikitərəfli münasibətlər, xarici əlaqələr üçün nə demək olduğunu göz önünə almadan vətəndaşa bu barədə xəbərdarlıq etməlidir.

Bu qaydanı ABŞ Konqresi müəyyən edib. “İkili standart” ifadəsi də elə buradan qaynaqlanır. Yadınıza salın, SSRİ vaxtı Çernobıl atom stansiyasında qəza baş vermişdi, onda ölkə rəhbərliyi nə edirdi? İctimaiyyət arasında panika düşəcəyindən ehtiyat etdiyindən, bu xəbəri orada yaşayan sakinlərdən gizlədirdi.

Halbuki,  adamlar nüvə qəzası zonasından dərhal evakuasiya edilməli idilər. Orada keçən hər saatın, hər dəqiqənin onların səhhəti üçün böyük təhlükəsi vardı. Bunu etmək, insanları xilas etmək əvəzinə rəhbərlik özü üçün plan tökürdü. Bunu etmək cinayət idi. Odur ki, ABŞ-da qüvvədə olan “ikili standartsızlıq siyasəti” bu cür arzuolunmaz vəziyyətlərin qarşısını almaqdan ötrüdür. Azərbaycanda da buna bənzər siyasət təsbit olunmalıdır. Vətəndaşı dar ayaqda olanda, xarici əlaqələri yox, onun rifahını düşünmək lazımdır. 

- Lakin bundan əvvəl də Türkiyədə terror aktları törədiləndə ABŞ hökuməti vətəndaşlarına xəbərdarlıq edib. Sizcə, bu, Amerikanın hər hansı bir rolundan xəbər vermirmi?

- Əlbəttə, konspirasiya nəzəriyyələri həmişə olacaq. Məncə, bu, xəfiyyənin işinin səviyəsindən xəbər verir. ABŞ bu xəfiyyə məlumatlarını informasiya mübadiləsi çərçivəsində partnyor ölkələrlə paylaşdırır. Məncə, burda sual doğuran odur ki, necə olub ki, onun NATO-dakı partnyoru olan Türkiyə bu təhlükə barədə xəbərdarlığı mötəbər saymayıb? Məncə, türkiyəli jurnalistlər bunu araşdırmalıdırlar. Artıq neçənci dəfədir ki, terror Türkiyəni silkələyir, ölkə rəhbərliyi isə turist sənayesinə ziyan vurmamaqdan ötrü giriş üçün viza qaydalarını sərtləşdirməyə tələsmir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu