Modern.az

Jurnalistin mənzilini qarət edənlərlə bağlı nə YENİLİK?..

Jurnalistin mənzilini qarət edənlərlə bağlı nə YENİLİK?..

30 İyun 2016, 12:22

APA İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı mənzildə törədilən qarətlə bağlı başlanan əməliyyat-axtarış hərəkətlərində hər hansı yenilik yoxdur.

Bu haqda Modern.az saytına Nəsimi Rayon Polis İdarəsi Cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadə deyib. O, yenilik olacağı təqdirdə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən açıqlama veriləcəyini deyib.

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elçin Mehdiyev də saytımıza işlə bağlı yeni hərəkətlərin olmadığını, həmçinin şübhəli şəxs qismində kiminsə istintaqa cəlb edilmədiyini bildirib. 

Oğurluq hadisəsi mayın 17-də qeydə alınıb. APA-nın əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Hadisədən sonra bir qrup jurnalist həmkarına dəstək olmaq məqsədilə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Həmin müraciətə baxılıb-baxılmadığına dair Modern.az saytının DİN-nin mətbuat xidmətinə dəfələrlə ünvanlandığı sorğu “məktubun nömrəsini bilmirik, buna başqa şöbə baxır” deyə, cavablandırılmayıb.

Hadisə ilə bağlı başlanmış cinayət işi qanunvericilikdə edilmiş dəyişikliyin tələbi ilə Cinayət Məcəlləsinin 177.2.3-ci (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı