Modern.az

“Azərbaycanlıların Şuşaya səfəri üçün ATƏT sədrinə müraciət etdik” - MÜSAHİBƏ

“Azərbaycanlıların Şuşaya səfəri üçün ATƏT sədrinə müraciət etdik” - MÜSAHİBƏ

Müsahibə

30 İyun 2016, 17:04

Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Rövşən Rzayev və icmanın digər üzvləri bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşüblər.

Rövşən Rzayev görüşlə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Rövşən müəllim, Frank Valter Ştaynmayerlə görüş necə keçdi?

-Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşü keçirildi. Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvləri və digər şəxslər iştirak edirdilər. Orada ATƏT sədrinə müxtəlif müraciətlər oldu.

Müraciətlərdən birində deyilirdi ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması uzun müddətdir  Dağlıq Qarabağın erməni icması ilə dialoqun başlanması üçün görüşlər axtarışındadır.

Biz düşünürük ki, itirilmiş münasibətləri bərpa etsək, bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Tam əminik ki, ölkə prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində aparılan danışıqlar prosesi Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpasına gətirəcək.

Məcburi köçkün və qaçqınlar öz torpaqlarına qayıdacaqlar. Onlar yenidən Şuşa, Xankəndi və digər yurdlarında yaşayacaqlar.

- Frank Valter Ştaynmayerlə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün baş tutacağı müzakirə olundumu?

- Biz Azərbaycan və erməni icması birgə yaşayışımızı, həyatımızı davam etdirəcəyik. Bu tarixi həqiqətdir ki, nə biz, nə də ermənilər qonşuluqdan çəkilə bilərlər. Biz birgə yaşamağı bacarmalıyıq, buna məhkumuq.

Buna görə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nə qədər tez başlasa, bir o qədər də problem tez öz həllini tez tapar.

Mən Ştaynmayerə müraciət edərək bildirdim ki, 2007-2009-cu illərdə bizim Rusiyadakı səfir Polad Bülbüloğlunun təşəbbüsü ilə Azərbaycan və erməni icmalarının qısaformatlı və qısamüddətli görüşləri olub. Yəni Azərbaycan icmasının Dağlıq Qarabağa səfərləri baş tutub, Şuşaya, Xankəndinı getmişik. 2009-cu ildə Şuşaya, Xankəndinə gedən dəstənin üzvlərindən biri də mən olmuşam.

Erməni tərəfi bu səfərlərə çox narazı idilər. Nəticə isə o oldu ki, Ermənistanın Rusiyadakı səfiri işdən azad olundu.

Ştaynmayerə dedik ki, Azərbaycan icmasının Dağlıq Qarabağa səfərləri yenidən bərpa edilsin. Bunun üçün ona müraciət etdik.

Fikrimi belə əsaslandırdım ki, əgər belə səfərlər olsa, qarşılıqlı dialoq daha da yaxşı inkişaf edəcək.

-ATƏT sədri ilə görüşdə daha hansı məsələlərə toxunuldu?

- Aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycana dəyən ziyandan danışdıq. Azərbaycan tərəfinin verdiyi şəhidləri, xalqımıza dəyən maddi və məni zərərin miqyası barədə məlumat çatdırdıq.

Azərbaycan Silahlı Qüvvələri Ermənistana layiqli cavablar verdi. Hətta strateji əhəmiyyətli yüksəklikləri geri qaytardıq.

Ştaynmayerə bildirdik ki, bu kimi halların baş verməməsi üçün biz işğal olunmuş torpaqların sülh yolu ilə geri qaytarılmasını istəyirik.

Ştyanmayer dedi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təşkil etmək üçün bütün imkanlardan istifadə edəcək və erməni tərəfi ilə də bununla bağlı danışıqlar aparılacaq.

Azərbaycan icması tezliklə öz yurd yuvalarına qayıtmaq arzusunda olduğunu Ştaynmayerə çatdırdı.

-Sizcə, bu görüşün hansısa nəticələri olacaqmı?

-Mən bu görüşü məhsuldar hesab etmirəm. Ona görə ki, 23 ildir ki, bu görüşlərin sonundan keyfiyyətli nəticəni hələ də gözləyirik.

Düzdür, Almaniya bu gün Avropanın və dünyanın güclü dövlətlərindən biri, söz sahibidir.

Biz ümid edirik ki, Almaniya ATƏT-in əvvəli həmsədrləri kimi çıxış etməyəcək.

İnanmaq istəyirik ki, Almaniya ATƏT-in üzvü kimi öz imkanlarında istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinə öz töhfəsini verəcək.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir