Modern.az

Tanınmış psixoterapevtdən Tarif Şurasına sərt İTTİHAM

Tanınmış psixoterapevtdən Tarif Şurasına sərt İTTİHAM

Mədəni̇yyət

30 İyun 2016, 17:15

“Tarif Şurasının dərman qiymətləri ilə bağlı qərarından sonra illərin sınağından çıxmış effektli dərmanlar qəhətə çıxıb. Məsələn, “Triftazin” adında dərman var idi. İmkansız insanlar, evlərində şizofreniya xəstələri, ruhi xəstələr olanlar illərdir bu dərmandan alırdılar. İndi isə bu dərmanı tapmaq müşkülə çevrilib. İndi o ailələr nə etməlidir?!”.

 

Bunu Modern.az saytına açıqlamasında tanınmış psixoterapevt Elmir Əkbər deyib.

 

Onun sözlərinə görə, “Triftazin”in əvəzinə başqa dərman müvafiq xəstələr uçün effekt vermir. Elmir Əkbər bildirib ki, Azərbaycanda “Alprazolam” tapmaq da çox çətin məsələyə çevrlib.

 

“Halbuki, bu, çox yaxşı, yumşaq təsir göstərən və yan təsirləri olmayan dərmandır. Eyni zamanda, dünyada ən ucuz dərmandır. Mənə beynəlxalq seminarlarda həkimlər deyirdilər ki, bu dərman onlarda çox ucuzdur. Bildiridilər ki, o dərmanları “bomj”lara verirlər. “Alprazolam” o qədər günahsız dərmandır ki, hətta Hollivud filmlərində də onun adını çəkirlər. Bu preparat “Sanaks” adı ilə də məşğuldur”.

 

Psixoterapevt qeyd edib ki, bu dərmanların Azərbaycanda apteklərdən yığışdırılması təəccüb doğurur. O, Tarif Şurasını da ittiham edib.

 

““Alprazolam” əvvəl var idi, amma od qiymətinə satılırdı. Halbuki, ən inkişaf etmiş ölkələrdə o dərman su qiymətinədir. İndi isə heç baha qiymətə də bizdə tapılmır. Sanki vadar edirlər ki, insanlar ağır tərkibli dərmanlar qəbul etsinlər. Başqa dərmanların isə yan təsirləri olur, insanları geri salır. Bizdə həkimlər ağır dərman yazmağa adət ediblər. “Alprazolam” çox ürək döyüntüsü vermir, əlləri əsdirmir, insanları psixi vəziyyətə salmır. Tarif Şurası özü öz qazdığı quyuya düşsün. Necə oyun qurdularsa, bütün yaxşı dərmanlar yoxa çıxdı. Tarif Şurası sanki insanların qətlini qarşısına məqsəd qoyub”.

 

Elmir Əkbər deyib ki, heç bir antidepressant dərmana narkotik deyə bilmərik.

 

“Təsəvür edin, bütün apteklərdə “Fenozepam” doludur. Həkimlər niyə o dərmanı müalicə adı ilə yazırlar, anlamıram. O, çox yöndəmsiz bir dərmandır. Amma o dərman bütün apteklərdə var, antidepressantlar isə yoxdur. Depressiyası olan insana keyfiyyətli dərman yazmaq lazımdır”.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında deyib ki, bu dərmanları açıq satışda tapmaq mümkün deyil. Nazirlik rəsmisi qeyd edib ki, həmin dərmanlar satışa  xüsusi lisenziyası olan bəzi apteklərdə var.

 

“Bunların hər ikisi psixotrop dərmandır, açıq satışına icazə yoxdur. “Triftazin” isə xüsusi müalicə aparan stasionar xəstəxanalara paylanır”.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır