Modern.az

Obama ilə görüşən azərbaycanlı həkim: “Fürsətdən istifadə edib...” - MÜSAHİBƏ

Obama ilə görüşən azərbaycanlı həkim: “Fürsətdən istifadə edib...” - MÜSAHİBƏ

1 İyul 2016, 08:49

Dünyanın ən məşhur beynəlxalq proqramlarından biri olan Elm və Texnologiya üzrə Qlobal Sammitdə ( GİST-2016) Azərbaycanı bu il “Hipokrat” Tibb Mərkəzinin icraçı direktoru Leyla Tağızadə təmsil edib.

O, müəllifi olduğu “HealthBox” layihəsi ilə sammitin final mərhələsində iştirak edib. Leyla Tağızadə Modern.az saytının suallarını cavablandırıb.

 

-Leyla xanım, ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il keçirilən müsabiqədə final mərhələsində iştirak etdiniz. “HealthBox” layihəsi ilə təmsil olunduğunuz yarışmanın final mərhələsi necə keçdi, sizdə hansı təssüratlar buraxdı?

- “GİST-İ Tech” yarışması ABŞ-ın Stanford Universitetində 2 günlük bir tədbir idi. Yarışma çox ciddi rəqabət mühitində keçdi. Ərizə verən 135 ölkədən yalnız 24-ü finala vəsiqə qazanmışdı. Çıxışlar beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilirdi. Hər birimiz çıxışdan qabaq Hollivud prodüserindən natiqlik məsləhəti aldıq.

 

-“HealthBox” layihəniz final mərhələsində necə qiymətləndirildi, hansısa mükafata layiq görüldümü?

 

- Bizim layihə sammitin əsas partnyoru olan “Founder İnstitute” tərəfindən yüksək qiymətləndirildi və biz işi davam etdirmək üçün Silikon Vadisində 4 aylıq proqrama dəvət aldıq. Eyni zamanda qardaş Türkiyə şirkətlərindən əməkdaşlıq haqqında təkliflər aldıq.

 

- Final mərhələsinə ABŞ-ın hansı rəsmiləri qatılmışdılar? Barak Obama ilə görüş necə keçdi?

 

- Hər bir finalçı Barak Obama və Con Kerrinin iştirak etdiyi sessiyaya vəsiqə qazandı. Finalda Dövlət Departamentindən olan Jonathan Margolis jüri qismində iştirak edirdi.

ABŞ prezidenti Obama və dövlət katibi Con Kerri bu yarışmaya dünyanın müxtəlif ölkələrindən qatılan iştirakçları səmimi salamladılar. Onların çıxışı və bu yarışmaya, layihələrə dəstəyi iştirakçılara əlavə bir stimul idi.

 

- Demişdiniz ki, Obama ilə görüşdə Dağlıq Qarabağ məsələsindən danışacaqsınız. Bu mümkün oldumu?

 

-Layihəmiz müharibə zonasının əhalisinin tibbi xidmətlərə əlçatanlığından bəhs etdiyindən Dağlıq Qarabağ məsələsindən də danışdım. Torpaqların işğal nəticəsində yaranan qaçqın və məcburi köçkünlərə tibbi xidmətin faydasından bəhs etdim.

 

- Finalda qalib hansı ölkələr  oldu?

 

- Yarşmanın finalında əsas yerlərə Banqladeş, Nigeriya, Keniyadan olan təmsilçilər seçildilər.

 

- Sizin bu layihədən sonra hansısa yeni təkliflər gəldimi?

 

- Layihəmizin təqdimatından sonra bir çox dünya investorları ciddi maraqlanmağa başladılar.

İnvestorların bir çoxundan yeni əməkdaşlıq təklifləri almışıq. Hal-hazırda danışıqlar aparırıq. “SK telecom Americas”, “Life Science Angels” kimi şirkətlər əsas təklif aldığımız investorlardır.

 

 - Ümumiyyətlə, “GES 2016” və “GİST–İ Tech” kimi sammitlərdə iştirak etməyin özü sizin üçün nə deməkdir ?

 
- “GES 2016” və “GİST–İ Tech”tədbirlərində iştirak etmək doğrudan da əvəzedilməz şans idi. Sammitin bu il ABŞ-ın Silikon Vadisi Stanford Universitetində keçirilməsi isə ikiqat fürsət idi. Sammitin iştirakçıları bu il bir çox əlavə fürsətlərdən də faydalana bildilər.

Ümumiyyətlə Stanford-u ziyarət edərkən, ən ciddi və təkəbbürlü Stanford professoru sənin yaxanda “GES 2016” sammitinin nişanını görəndə, o dəqiqə sənə rəqabətlə və etimadla yanaşır, ürək açıqlığı və təəssüflə qeyd edir ki, bu il ərizə verməyinə baxmayaraq, sammitdə iştirak etmək üçün namizədliyi keçməyib.
İlk öyrəndiyim bu xəbər məni doğrudan da təəcübləndirdi. Girişi Stanford-un tələbə və müəllimlərdən başqa hamıya qadağan edilən məşhur Stanford kitabxanası qapılarını bizim üzümüzə açdı və mən də fürsətdən istifadə edib, oranın fondundan faydalandım.

 

- Bəs layihənizi Azərbaycanda hansı formada tətbiq etməyi düşünürsünüz?

 

- Elektron hökümətin təşviqi hal-hazırda dövlət idarəçiliyi və daxili xidmətlərdə İKT-nın aktiv istifadəsini nəzərdə tutur. Bu istiqamət prezident İlham Əliyevin elektron hökumətin təşviqi haqqında son çağırışında da əks olunub.
Bunları nəzərə alsaq, “Health Box” layihəsi Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin müvafiq proqramlarında tətbiq edilə bilər.
Ümid edirik ki, əhalinin tibbi xidmətlərlə təminatını yaxşılaşdırmaq məqsədi ilə gələcəkdə bu nazirliklərlə əmakdaşlıq edə biləcəyik.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub