Modern.az

Ərdoğanın “GÜNAHLARI”...

Ərdoğanın “GÜNAHLARI”...

1 İyul 2016, 09:42

Hər dəfə Türkiyə ilə bağlı müxtəlif səbəbli hadisələr gündəmi zəbt edəndə nədənsə ictimai müzakirə mövzusu baş verən olay deyil, daha çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP hakimiyyəti olur. Bunu, son gönlər ictimai rəyin formalaşmasında böyük rol oynayan sosial şəbəkələrdə aydın şəkildə hiss etmək olur.

 

Maraqlıdır ki, müsbət və uğurlu hadisələr fonunda Türkiyənin adı hallanır, mənfi məqamlarla bağlı hər hansı nəticə zamanı birbaşa Ərdoğan və AKP hakimiyyəti hədəf alınır.

Müşahidələrə görə, sosial şəbəkələrdə Ərdoğanın əleyhdarları olan azərbaycanlılar belə məsələlərdə daha aktivdirlər. O dərəcədə mənfi mövqe nümayiş etdirilir ki, Türkiyədəki müxalifət partiyalarının üzvlərini az qala geridə qoyurlar.  

Rusiya ilə yaranmış problemin çözülməsində əsas rol oynayan sonuncu “məktub məsələsi”ndə də yenə Ərdoğan “günahkar” çıxdı. Məktubun mahiyyətindən xəbərdar olmadan birbaşa “Ərdoğan Putindən üzr istədi” iddiası ilə Türkiyə liderini tənqid etməyə başlayanlar sanki hər şeyə “küçə qanunları” ilə yanaşırlar.

Sonradan məlum oldu ki, Ərdoğanın üzrü dolayı mənada, özü də həlak olan pilotun ailəsinə ünvanlanıb. Lakin hətta bu cür deyil, birbaşa da olsa, bir neçə aydan sonra üzr istənilməsi də heç bir utanc gətirməzdi. Ölkənin çıxarları naminə lazım olanda “ayıya dayı” demək də mümkündür.

Lakin söhbət tək bu məktubdan getmir. Ümumiyyətlə, nədənsə Azərbaycan cəmiyyətində müəyyən qrup insanlar tərəfindən bu gün türk dünyasının və islam dünyasının bir qisminin lider kimi qəbul etdiyi Ərdoğana qarşı əsassız və mənqitsiz, yəni niyəsini özləri də bilməyəcək qədər təəccüblü bir antipatiya var. Bu cür nifrət yalnız Rusiyaya, İrana, İsrailə və ya Türkiyədə hələ tam məhv edilməyən paralel dövlətin rəhbərinə sevgidən irəli gələ bilərmi?..

Bu münasibətin açıq səbəbi kimi isə Ərdoğanın Türkiyədə dini müəyyən mənada siyasətə qatması, yürütdüyü xarici siyasət nəticəsində ölkənin ciddi siyasi və terror təzyiqləri ilə üzləşməsi göstərilir. Digər bir ciddi ittiham isə Ərdoğanın ABŞ-ın və dünya güclərinin “sözəbaxan adamı” kimi təqdim edilməsidir. Xüsusilə də guya, Türkiyə prezidentinin dünya gücləri tərəfindən hazırlanan Böyük Orta Şərq Layihəsinin əsas icracısı, hətta layihənin həmsədri olması iddiası Ərdoğanın ölkənin özgürlüyü məqsədilə həyata keçirdiyi bir sıra projelərlə hec cür uyğun gəlmir. Yəni o, ABŞ və İsrailin “sözəbaxan oyunçusu” olsaydı, hazırda Türkiyə indiki qədər basqılara, terror şiddətlərinə məruz qalmazdı.


Ərdoğanın 2002-ci ildə hakimiyyətə gəlməsində ola bilər ki, Qərb ölkələrinin köməyi və ya marağı olub. Lakin bu o demək deyil ki, hansısa ölkədə kimsə hakimiyyətə gəlirsə, o ABŞ-ın adamıdır və mütləq onun dediklərini icra etməlidir. (?)


Bu hal Türkiyə tarixində müsbət fəaliyyəti ilə yadda qalan keçmiş baş nazir Adnan Mendereslə də yaşanıb. “Dünya gücləri”nin nümayəndəsi olan yəhudi əsilli məşhur milyarder Devid Rokfeller müsahibələrindən birində etiraf edib ki, 1950-ci illərdə onların dəstəyi ilə Adnan Menderes Türkiyədə hakimiyyətə gəlib. Menderes onlarla əvvəldən yaxşı münasibət qurub. Onlardan seçkilərdə aldığı dəstək qarşılığında “Marşal planı” adı altında davamlı borc alıb və ölkə sənayesinə kapital yatırıb. Lakin sonradan borc sahibləri bunun əvəzində ondan ölkənin qapılarını xarici sərmayə üçün açmağı və onların şirkətlərinə xüsusi imtiyazlar verməsini istəyiblər. Menderes bunun ölkənin iqtisadi müstəqilliyinə təhlükə olduğunu düşünərək, şərti qəbul etməyib və əlaqələr soyumağa başlayıb. Nəticədə xalqın sevimlisi olan Menderes mason olan ölkə prezidenti Cəlal Bayar və ölkə daxilindəki xain qüvvələrin vasitəsilə hakimiyyətdən uzaqlaşdırılaraq, asılıb. 

Təbii ki, hər bir dövlət başçısı, siyasətçi kimi Ərdoğan da səhvsiz deyil. Siyasətdə yalan da olur, səhv də olur, nəyisə qurban vermək də olur. Qarşındakı düşmənin addımlarına, hücumlarına və yalanlarına qarşı sən də yalan və ikibaşlı siyasətlə cavab vermək məcburiyyətində qalırsan. Buna görə kimisə birmənalı şəkildə ittiham etmək olmaz. Çünki sıravi insanların pərdəarxası siyasi proseslərdən və düşmənin ictimai rəyi yanlış yönətən addımlarından xəbəri olmur. 


Bu mənada heç bir rəsmi şəkildə təsdiqlənməyən, lakin bir çoxlarının iddia etdiyi kimi, “ərəb baharı” ilə icrasına başlanılan Böyük Orta Şərq Layihəsində Ərdoğanın həmsədr olması barədə ictimaiyyətə yayılan informasiyanın arxasında kimlərin dayanması və məqsədlərinin nə olduğu qeyri-müəyyəndir. Təbii ki, belə bir proje real ola bilər. Lakin Ərdoğanın bu projedəki rolunun təqdim edildiyi kimi olması inandırıcı deyil.

Hər halda, 22 ölkənin sərhədlərinin dəyişdirilməsinin nəzərdə tutulduğu böyük bir layihənin icraçısı olan adamın özünün rəhbərlik etdiyi ölkənin bu dəyişiklik nəticəsində torpaq itirməsi və sərhəddində özü boyda bir müstəqil “Kürdustan dövləti”nin yaranmasını qəbul etməsi ağlabatan deyil. Ümumiyyətlə, belə layihənin icrasının mümkünlüyü inandırıcı deyil. ABŞ və müttəfiqlərinin bu istiqamətdə iddiaları ola bilər. Amma 22 ölkənin sərhədlərinin dəyişdirilməsi yalnız qlobal səviyyəli 3-cü Dünya Müharibəsi nəticəsində mümkün ola bilər. Artıq neçə illərdir ABŞ və Rusiyanın maraqlarının toqquşduğu Suriya probleminin həll olunmaması hər şeyin heç də asan olmadığını göstərir.     

Ərdoğanın Türkiyənin özgürlüyü məqsədilə həyata keçirdiyi bir sıra layihələri nəzərə almamaq mümkün deyil. AKP hakimiyyətinin həm xarici və daxili siyasətdə, həm hərbi sahədə, həm də iqtisadi istiqamətdə atdığı addımlarda niyyət baxımından ölkənin mənafeyinə uyğun olmayan heç bir nöqsan yoxdu. Sadəcə xarici güclərin maraqlarına uyğun gəlməyən hansısa addımların qarşının alınması məqsədilə Türkiyəyə yaradılan problemlər nəticəsində hər şey planlaşdırılan kimi getməyə bilər. Lakin ümumilikdə götürdükdə, Türkiyənin son 10 ildəki uğurlarını görməmək də mümkün deyil. 

 

Türk və İslam birliyinə aparan xarici siyasət

 

Türkiyənin müstəqil siyasət yürütməsi və sürətlə inkişaf edərək 15-20 il sonra supergücə çevrilə bələcək qorxusu Qərb dünyasını narahat edir. Belə ki, Türkiyənin xarici siyasəti Orta Şərq üzrə İslam mahiyyətinə uyğun,  Orta Asiyada Türk mahiyyətinə uyğun, Avropa və Amerika üzrə isə təhlükəsizlik naminə qarşılıqlı əməkdaşlıq mahiyyətinə uyğun aparılır.

Dəyərlərin və maraqların uzlaşdırılmasına yönələn Orta Şərq və Orta Asiya siyasəti təbii ki, Osmanlı İmperiyasının yenidən yaradılmasına gətirib çıxarmasa da, türk və ümumilikdə müsəlman ölkələrinin güc birliyinin yaradılması mümkündür. Bu isə heç bir halda dünya güclərinə sərf etmir. Budur Ərdoğanın “günah”ı. Ona görə də media aləmində böyük imkanlara sahib olan “dünya quranlar” Türkiyənin Orta Şərq siyasətini ABŞ-ın Böyük Orta Şərq Layihəsinin tərkibi kimi qələmə verərək, nüfuzdan salmağa çalışırlar.

 

Müstəqil iqtisadiyyat

 

Türkiyə yaratdığı və hazırda inkişaf etdirdiyi iqtisadi inkişaf modeli də iqtisadi müstəqilliyə hesablanan bir siyasətdir. Bu iqtisadi inkişaf modeli, yeni iqtisadi sistem özünün üstünlüyünü bütün dünyada sübut etməkdədr. Dünya Bankının rəyinə görə, Türkiyənin qlobal maliyyə böhranlarının dağıdıcı təsirinə məruz qalmamasının əsas səbəbi çoxsaylı ölkələrlə ticarət əlaqələri aparılması və ixracat məhsullarının çoxçeşidli olmasıdır. Dünyada yüksələn iqtisadiyyatlar qrupuna daxil olan və hazırda özünün iqtisadi potensialına görə dünya ölkələri arasında 16-cı sırada olan Türkiyənin 2023-cü ilə qədər ixracatını 500 milyard dollara çatdıraraq ilk onluğa daxil olacağı güman edilir.

Digər tərəfdən, bu gün dünyanın bor maddəsi ehtiyatlarının 70 faizinə sahib olan Türkiyə hazırda istismar edilən bor mədənlərindən xammal satışı üzrə illik 1 milyard dollar gəlir əldə edir. Lakin Türkiyə höküməti olduqca önəmli təbii sərvət olan borun istehsalında yeni texnologiyalar tətbiq etməklə istehsalın artırılmasına və məhsulun emal edilmiş formada satılmasına çalışır. Bu isə gələcəkdə ölkənin bu məhsulun satışından illik 10 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

 

Eyni zamanda Türkiyə dünya miqyasında strateji təbii sərvət hesab edilən və gələcəyin qiymətli enerji mənbəyi sayılan torium ehtiyatlarına görə üç ölkədən biridir. Hazırda Türkiyədə xüsusi alim qrupu bu maddənin nüvə enerjisi olaraq zəngilləşdirilməsi layihəsi üzərində çalışır.

 

Təbii ki, türk milləti adına superdövlətə aparan bu cür inkişaf və gözlənilən nəticələr yenə də Qərb dünyasının maraqlarında deyil. Budur Ərdoğanın “günah”ı. Ona görə də terror təşkilatlarını maliyyəşdirməklə onları idarə edən “dünya güc”ləri Türkiyədə təşkil etdikləri terrolarla bilim adamlarının həyatına qəsd edir, turistlərin, investorların ölkəyə marağını azaltmağa çalışır, Avropa Birliyinə qəbul etməməklə, hər addımda iqtisadi inkişafa zərbə vurmağa çalışırlar.  

 

Milli Təhlükəsizlik naminə müstəqil Hərbi Sənaye

 

Türkiyə Silahlı Qüvvələri NATO sisteminə aid olduğundan, onun standartları əsasında silahlanmaq üçün əvvəllər milyardlarla pul xərcləyib Qərb dövlətlərindən texnika, silah-sursat alınırdı. Lakin hərbi sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində hazırda Türkiyə Ordusunun təminatının 60 faizi yerli istehsal hesabına təmin edilir. Hətta xarici ölkələrə silah ixrac olunur. Son illər ölkə silah sənayesinin bəzi milli brendləri dünya miqyasında nüfuz qazanıb.

Hazırda milli döyüş təyyarələrinin yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Artıq 5 ildən sonra bu təyyarələrin istehsalına başlanacaq. Qarşıdakı növbəti hədəf isə orta və uzaqmənzilli milli raketlərin istehsalıdır.

Bütün bunlar silah ixrac edənlərin siyası şərtlərdən azad olmaq imkanı yaradır ki, bu da ölkənin milli təhlükəsizliyi baxımından vacibdir.

Bu sahədə digər mühüm məqam, illərdir bilim adamlarının üzərində işlədikləri hərbi texnikaların idarə olunması üzrə milli təminat proqramının hazırlanmasıdır.

Bütün bunlar isə yenə də Türkiyənin hərbi təminat müstəqilliyinin təmin olunması üçündür. Budur Ərdoğanın “günah”ı. Ona görə silah satışından milyarlarla dollar gəliri itirən, Türkiyə üzərində təsir imkanları zəifləyən dünyaya sahib olmağı düşünən güclər PKK kimi terror təşkilatlarından istifadə etməklə, ölkəni Suriya müharibəsi kimi bataqlığa salmağa cəhd göstərməklə daim hərbi problemlərin təzyiqində saxlamağa çalışırlar.

 

Uzun illərdir Fələstin xalqının huquqları uğrunda mübarizə aparan, Suriyadakı türkmənlərin və digər millətlərin xilası üçün sərhəd qapılarını açan, uyğur türklərinin taleyi ilə bağlı Çin kimi ölkəyə rəsmi qaydada etiraz bildirən, hüquqları pozulan digər türk və müsəlmanların müdafiəsi uğrunda əlindən gələni etməyə çalışan Ərdoğan hakimiyyəti bunun nəticəsi olaraq hazırda dünya güclərinin gizli hücumlarına qarşı savaşmaq məcburiyyətindədir.

 

Pərviz Rəhimoğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir